Region üzərindən daşınan yüklərin həcmi artır
İqtisadiyyat

Region üzərindən daşınan yüklərin həcmi artır

Zəngəzur dəhlizi yalnız Azərbaycan üçün deyil, eyni zamanda region üçün də çox əhəmiyyətli bir layihədir. Sözügedən layihə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında quru əlaqəsinin yaradılmasına imkan verəcək ki, bu, çox vacibdir. Çünki Azərbaycan ilə Naxçıvan Muxtar Respublikası arasında quru yolla nəqliyyat əlaqəsi uzun müddətdir ki, blok edilib. Zəngəzur dəhlizi Azərbaycana öz məhsullarını Naxçıvan Muxtar Respublikasına daha qısa müddətə çatdırmaq və Naxçıvan vasitəsilə ixrac imkanlarını genişləndirmək üçün də mühüm əhəmiyyət kəsb edir.

Bu gün qlobal aləmin diqqət mərkəzində olan Zəngəzur dəhlizi naxçıvanlı iş adamları üçün də mühüm perspektivlər vəd edir. Belə ki, bu layihə onların Azərbaycanın əsas bazarlarına çıxış imkanlarını artırır. Beləliklə, həm muxtar respublikada, həm də  bölgələrimizdə yaşayan iş adamları üçün nəqliyyat və logistika baxımından yeni imkanlar yaranır. Zəngəzur dəhlizi Avropanın enerji xəritəsinin dəyişməsində də mühüm rola malikdir. Çünki bu layihə Orta Dəhlizin ötürmə qabiliyyətinin genişlənməsinə töhfə verəcək.

Orta Dəhliz vasitəsilə yüklərin Şərqdən Qərbə, Avropadan Asiyaya daha çox daşındığı müşahidə olunur. Ötən il Azərbaycan üzərindən daşınan yüklərin həcmində 30 faizdən çox artım qeydə alınıb. Bu da birbaşa ondan xəbər verir ki, region üzərindən daşınan yüklərin həcminin artması artıq yeni dəhlizlərə - yeni nəqliyyat xətlərinə tələbi artırıb. Bu baxımdan, gələcəkdə region üzərindən daha çox yüklərin daşınacağı gözlənilir. Ona görə də Zəngəzur dəhlizi beynəlxalq yükdaşımalar baxımından çox əhəmiyyətlidir. Təəssüf ki, bu layihənin reallaşmasına mane olmaq istəyən bir sıra güclər mövcuddur. Məsələn, Ermənistanda hələ də revanşist meyillər var. Amma Ermənistan Zəngəzur dəhlizinin reallaşması praktiki, iqtisadi baxımdan  İrəvana dividendlər qazandıracaq. Çünki Ermənistan bununla öz idxal  və ixrac imkanlarını genişləndirə bilər. Azərbaycan tərəfi, Zəngəzur dəhlizinin reallaşması ilə bağlı bütün mümkün işləri həyata keçirir.  Zəngəzur dəhlizinin ölkəmizin ərazisindən keçən hissəsində infrastruktur, eləcə də nəqliyyat xətlərinin qurulması ilə bağlı işlər intensiv şəkildə davam etdirilir. Avtomobil yolunun 90 faizi, dəmiryolu xəttinin 50 faizi tamamlanıb.  Gözlənilir ki, ilin sonunda bütün işlər yekunlaşacaq. Bu isə ondan xəbər verir ki, çox qısa zaman da dəhlizin Azərbaycan hissəsi tam hazır olacaq. Hazırda bütövlükdə regionda yeni düzən formalaşıb və bu kontekstdə yeni dəhlizlərə ehtiyac duyulur. Məhz Zəngəzur dəhlizi də regionda formalaşmış yeni düzənin reallığıdır.

Vüqar BAYRAMOV,

Milli Məclisin deputatı.