Cənub Qaz Dəhlizinin ən uğurlu komponentlərindən biri - TAP
İqtisadiyyat

Cənub Qaz Dəhlizinin ən uğurlu komponentlərindən biri - TAP

Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 il ərzində iqtisadi sahədə görülən işlər bugünkü güclü Azərbaycan modelinin önəmli komponentlərindən birini təşkil edir. Beynəlxalq aləmdə baş verən dəyişikliklər və super güclər arasında maraq savaşları enerji faktoruna ən ciddi təsir vasitəsi kimi ön sıralara keçirir. Odur ki, planetin bir çox qaynar nöqtəsində cərəyan edən münaqişələrin iştirakçısı olan ölkələr geopolitik məqsədlərini məhz enerji üzərindən reallaşdırmağa çalışırlar. Müasir dünyanın siyasi mənzərəsi hərbi bloklara mənsubiyyətlə yox, enerji ehtiyatlarına malik olub-olmamaqla müəyyən edilir.

Lakin digərlərindən fərqli olaraq, Azərbaycan enerji layihələrinə dostluq və əməkdaşlığa çağırış prizmasından baxır, enerji marşrutlarının diversifikasiyasına nail olmaqla bütün iştirakçı ölkələrin maraqlarını təmin etməyə çalışır. Cənub Qaz Dəhlizinin Bolqarıstan və Cənub Şərqi Avropa üçün xüsusi əhəmiyyət kəsb etməsi danılmaz faktlardandır.

Son illərdə regionun əhəmiyyətli neft-qaz ixracatçısına çevrilən Azərbaycan Avropanın və bütövlükdə dünyanın enerji xəritəsini zənginləşdirir, müstəqil iqtisadi siyasət yürüdərək qlobal enerji layihələrinə imza atır və bu layihələrin əsas təşəbbüskarı və fəal iştirakçısı statusunu şərəflə daşıyır. Cənub Qaz Dəhlizi layihəsinin strateji mahiyyətini tam təsəvvür etmək üçün bəzi göstəricilərə nəzər salmaq vacibdir. Kəmərin uzunluğu 3500 kilometrdir. Layihə 7 ölkəni birləşdirir. Boru xətti hündürlüyü 2500 metr olan dağlardan, 100 kilometrdən artıq hissəsi isə Adriatik dənizinin dibindən keçir. Layihənin ilkin dəyəri 44,6 milyard dollar idi. Lakin səmərəli idarəçilik və düzgün planlaşdırma nəticəsində bu rəqəm 33 milyard dollara enib.

Şübhəsiz, Cənub Qaz Dəhlizi Azərbaycana öz iqtisadiyyatını şaxələndirməyə kömək edən enerji strategiyasının əsas elementlərindən biridir. Bu nəhəng layihə ilə ölkəmiz dünyanın nüfuzlu qaz ixracatçılarından birinə çevrilib. Gələcəkdə boru kəmərləri sisteminin nəqletmə gücünün ildə 31 milyard kubmetrə qədər artırılması gözlənilir. Azərbaycan Prezidentinin qətiyyətli siyasəti nəticəsində gerçəkliyə çevrilən Cənub Qaz Dəhlizi proseslərin mərkəzində dayanır. Bu dəhlizin əsas 4 elementi mövcuddur: "Şahdəniz" qaz-kondensat yatağının tammiqyaslı işlənilməsi; Cənubi Qafqaz Boru Kəmərinin genişlənməsi (CQBKG) layihəsi; Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsi və Trans-Adriatik Boru Kəməri (TAP) layihəsi. Bunlardan sonuncusu olan TAP Avropaya ixrac olunan qazın böyük hissəsini təmin edir.

Trans-Adriatik qaz kəmərinin (TAP) təməlqoyma mərasimi 2016-cı il mayın 17-də Yunanıstanda baş tutub. Boru kəmərinin uzunluğu 880,8 kilometr təşkil edir. Onun 551,5 kilometri Yunanıstandan, 215,9 kilometri Albaniyadan, 105 kilometri Adriatik dənizindən, 8,4 kilometri isə İtaliyadan keçir. Qaz kəmərinin ilkin ötürmə gücü hazırda ildə 10 milyard kubmetrdir. Lakin bu güc iki dəfəyə - 20 milyard kubmetrə qədər yüksələ bilir. Bu kəmər "Mərhələ-2" çərçivəsində Şahdənizdən çıxarılan qazın Yunanıstan, Albaniya və Qərbi Avropaya nəqli üçündür. TAP kəmərinin səhmdarları BP - 20%, CQD - 20%, Snam - 20%, Fluxys - 19%, Enagas - 16%, Axpo - 5% şirkətləridir. 2020-ci ilin noyabrın 15-də Trans-Adriatik Boru Kəməri (TAP) istismara verilib. 2020-ci dekabrın 31-də isə Azərbaycan kommersiya qazının TAP vasitəsilə Avropaya tədarükünə başlanılıb. 2021-ci ildə 8,2 milyard kubmetr, 2022-ci ildə isə 11,4 milyard kubmetr təbii qaz Azərbaycandan Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Avropaya daxil olub. Növbəti plan isə bu kəmərin genişləndirilməsidir. İlkin olaraq bu genişləndirmənin TAP-ın Yunanıstandan keçən hissəsindən başlanması gözlənilir. Bu isə öz növbəsində xarici ölkələrin marağını cəlb edir. Artıq bir sıra ölkələr bu layihəyə qoşulmaq istəklərini bildiriblər.

Dövlət başçısının neft-qaz sektorunda atdığı uğurlu addımlar ölkəmizin nüfuzunu bütün dünyada tanıdıb. Məhz bu sahədə dünyada ən böyük ixracatçılardan birinə çevrilməyi hədəfləyən Azərbaycan bu missiyanı reallaşdırıb. TAP kəmərinin Cənubi Qaz Dəhlizinin ən önəmli komponentlərindən biri kimi fəaliyyəti Prezident İlham Əliyevin uğurlu iqtisadi diversifikasiyasının nəticəsidir.

Tacir SADIQOV,

"Respublika".