Sağlam gələcəyin keşiyində
Region

Sağlam gələcəyin keşiyində

Son 20 ildə ölkə başçısı cənab İlham Əliyev tərəfindən müasir reallıqlar nəzərə alınaraq bütün sahələrdə uğurlara imza atılmış, hərtərəfli yüksək inkişaf təmin olunmuş, insanların yaşayış səviyyəsi yüksəlmiş, sosial müdafiəsi güclənmiş, vətəndaşların sağlamlığı naminə ciddi layihələr icra edilib. Bu barədə "Gəncə Şəhər Birləşmiş Xəstəxanası" PHŞ-in direktoru, tibb üzrə fəlsəfə doktoru İlkin İsmayılov məlumat verərək qeyd etdi ki, əbədiyaşar, ümummilli lider Heydər Əliyevin hakimiyyətdə olduğu dövrlərdə bütün sahələrdə olduğu kimi, məhz səhiyyədə də islahatlar həyata keçirilib.

Bunun üçün ən zəruri olan qanunvericilik bazası təkmilləşdirilib. Sözün əsl mənasında, inkişaf strategiyası Prezident cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə, müasir modeldə sürətlə davam etdirilir. Artıq səhiyyədə yeni islahatlar, təbabətin sosial əhəmiyyətli sahələrində milli fəaliyyət proqramlarının qəbul edilməsi, ölkənin elmi-tibbi potensialının gücləndirilməsi bu gün əsas inkişaf istiqamətlərindəndir. Yeni tibb müəssisələrinin inşa edilməsi, bütün mövcud xəstəxana və poliklinikaların yenidən qurulması və modernləşdirilməsi, yeni dünya standartlarına uyğun avadanlıqlarla təchizatı insanların sağlamlığının təminatına stimul verir. Bəli, insan üçün həyatda çox qiymətli olan, lakin çox vaxt qayğısına laqeyd qaldığı ən böyük nemət və sərvət onun sağlamlığıdır. Bu sağlamlığı qoruyan isə Hipokrat andı içmiş - qayğıkeş, fədakar həkimlərdir. Vətəndaşların sağlamlığı naminə aparılan islahatların uğurlu nəticəsidir ki, artıq əhalinin böyük hissəsi bir sıra xəstəliklərin müalicəsi və əməliyyatı üçün daha xarici ölkələrə üz tutmur. Ölkənin tibb müəssisələrində pasiyentlər tibbi sığortadan yararlanır və sağlamlıqlarına qovuşurlar.

Gəncə şəhərində də sağlamlıq müəssisələri üzrə əhaliyə göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi, müayinə və müalicə işinin müasir tələblərə uyğunlaşdırılması istiqamətində tədbirlər uğurla davam etdirilir. Bu gün dünya səhiyyəsində istifadə edilən ən müasir tibbi avadanlıqlar xəstələrin xidmətindədir. Xəstəxanalar ən müasir Nüvə Maqnit Rezonans Tomoqrafiyası, Kompüter Tomoqrafiyası, Ultrasəslə müayinə, rəqəmsal rentgen aparatları, kliniki, biokimyəvi, immumoferment analizatorlarla, koaqulomertlə, narkoz aparatları, monitorlarla və digər avadanlıqlarla təmin olunmuşdur. Gəncə şəhər tibb müəssisələrinin təcrübəli mütəxəssisləri - terapevt, pediatr, infeksionist, kardioloq, cərrah, mama-ginekoloq, nevropatoloq, oftalmoloq, LOR-həkim, dermatoveneroloq, ftiziatr və digər həkimlərin iştirakı ilə müayinələr uğurla keçirilir. Tibbi müayinənin keyfiyyətlə və yüksək səviyyədə, mütəşəkkil həyata keçirilməsi məqsədilə poliklinikalarda, Ailə Sağlamlıq mərkəzlərində bütün mövcud imkanlar yaradılmış, dərman preparatları ilə təchiz olunmuşdur. Həmçinin yaşayış sahələrində, idarə və təşkilatlarda müayinələrin keçirilməsi, evdə olan yataq xəstələrinin müayinəsi məqsədilə səyyar həkim briqadaları təşkil olunur ki, bu da öz effektini verir. Aparılan müayinələr zamanı ehtiyacı olanlar ambulator və stasionar müalicəyə cəlb edilir, zərurət yarandıqda ixtisaslaşmış tibb müəssisələrinə göndərişlər verilir. Müayinələrin və məsləhətlərin keyfiyyətli olması, statistik və tibbi qeydiyyatın düzgün aparılması, tibbi müayinələrin gedişi barədə müntəzəm məlumatların verilməsi ciddi nəzarətdə saxlanılır.

Sığortanın tətbiqi ilə xəstəxanaya müraciətlərin sayında ciddi artım müşahidə olunur. Ən çox icra olunan uroloji, ginekoloji, oftalmoloji və digər əməliyyatlardır. Uğurlu əməliyyatlar sakinlərin minnətdarlığına səbəb olur. Həmçinin TƏBİB-in tabeliyində olan tibb müəssisələrin təşkilatçılığı ilə mütəmadi maarifləndirmə tədbirləri keçirilir. Həmin tədbirlər cərcivəsində Gəncədə fəaliyyət göstərən universitetlərdə, digər təhsil müəssisələrində mütəmadi olaraq "Narkomaniyaya yox deyək" mövzusunda dəyirmi masalar keçirilir, sağlam həyat tərzinin təbliği, zərərli adətlər mövzularında mühazirələr oxunur.

Xüsusilə qeyd etmək lazımdır, Vətən müharibəsində Gəncə tibb işçiləri də ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin çağırışına uyğun olaraq, ilk gündən ön və arxa cəbhədə öz şərəfli borclarını ləyaqətlə yerinə yetirdilər. Onlardan şəhid olanları və qaziləri var. Şəhid ailələri və müharibə iştirakçıları daimi diqqət və qayğı əhatəsindədir. Onların ailə üzvlərinin, müharibə iştirakçılarının sağlamlığının və asudə vaxtının səmərəli təşkili üçün kifayət qədər tədbirlər həyata keçirilir.

Bütün bunlar belə deməyə əsas verir ki, Gəncədə tibb xidmətinin səviyyəsi daim yeniləşir, müasirləşir  və inkişaf edir.

Zabit XƏLİLOV,

"Respublika".