Xankəndi də yenidən çiçəklənəcək
Region

Xankəndi də yenidən çiçəklənəcək

"Biz bütün Qarabağı və Şərqi Zəngəzuru yenidən qururuq, görün, nə qədər böyük işlər görürük, cəmi iki il ərzində. O bölgədə bəlkə də 30 il ərzində heç 1 faiz də iş görülməyib - elektrik stansiyaları, körpülər, tunellər, su anbarları, yaşayış binaları, kəndlər, şəhərlər qurulur. Cəmi iki il ərzində. Heç bir yardım almadan, özümüz. İkinci Qarabağ müharibəsi başa çatanda mən demişdim, biz Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik və çeviririk, hər gələn insan onu görür". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 20-də xalqa müraciətində deyib.

Xalqına 30 illik həsrətdən sonra qələbə sevincini yaşadan Ali Baş Komandanın işğaldan azad edilmiş ərazilərimizin dirçəldilməsi ilə bağlı iradəsinin sübutu, Qarabağ və Şərqi Zəngəzuru cənnətə çevirməklə bağlı sözlərin əməli təzahürü "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın təsdiqlənməsidir. Postmüharibə mərhələsində qarşıya qoyulmuş hədəflərin reallaşdırılması məqsədilə Azərbaycan Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" təsdiq edilib. "İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış" Milli Prioritetinin icrasının təmin edilməsi məqsədilə isə dövlət başçısının 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" qəbul olunub.

Dövlət Proqramında işğaldan azad edilmiş ərazilərdə aparılmış bərpa-quruculuq işləri və mövcud vəziyyət, nail olunması hədəflənən məqsədlər və onlara uyğun hədəf göstəriciləri, Dövlət Proqramının prioritet istiqamətləri, əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər öz əksini tapıb. Dövlət Proqramının hazırlanmasında mütərəqqi beynəlxalq təcrübə, bu sahədə strateji inkişaf tendensiyaları, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınıb. Proqramın əhatə dairəsini Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan ərazilər təşkil edir. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na uyğun olaraq 2026-cı ilin sonuna qədər 34 min 600 ailənin köçürülməsi nəzərdə tutulur. 2027-ci ilədək burada 34,5 min mənzil və fərdi yaşayış evi inşa ediləcək. Bu vaxta qədər Qarabağ və Şərqi Zəngəzurda hərbi infrastruktur möhkəmləndiriləcək, burada, həmçinin enerji, nəqliyyat, idman, sosial və digər infrastruktur inşa olunacaq.

Böyük Qayıdışın ilk uğurlu addımları 2022-ci il iyulun 19-da atılıb. Həmin tarixdən etibarən Zəngilana əhalinin dörd mərhələdə köçürülməsinə başlanılıb, "ağıllı kənd" konsepsiyası əsasında qurulmuş Ağalı kəndi sakinlərin ixtiyarına verilib. Abşeron rayonunun Masazır kəndindəki "Zəngilan şəhərciyi"ndən dördüncü köç karvanı isə iyulun 25-də Ağalıya yola salınıb. Daha 10 ailə - 58 nəfər yeni salınmış və ən müasir infrastrukturu olan kənddə onlara verilmiş evlərdə daimi məskunlaşıblar. Beləliklə, Ağalı kəndinə əhalinin köçürülməsinin birinci mərhələsi uğurla başa çatdırılıb. Məcburi köçkünlərin 13 ailədən (62 nəfər) ibarət növbəti qrupu sentyabr ayında yola salınıb. Böyük Qayıdışa uyğun olaraq ikinci mərhələdə 25 ailənin 125 nəfər üzvü Ağalı kəndinə yola düşüb.

Növbəti qayıdış sevincini laçınlılar yaşayıb. Belə ki, bu il mayın 28-də laçınlılar böyük qürur və sevinc hissi ilə 31 ildən sonra öz torpaqlarına qovuşublar. Elə həmin günü dövlət başçısı Laçın şəhərinə qayıdan əhali ilə görüşüb, evlərinin açarlarını onlara təqdim edib. Məhz Azərbaycanın Müstəqillik Günündə bu addımın atılması heç də təsadüfi deyildi. Çünki laçınlılar uzun ayrılıqdan sonra azad, müstəqil Laçına qayıtmışdılar. Ölkə başçısı da laçınlılarla görüşü zamanı nitqində bu məsələyə toxunaraq demişdir: "Bu gün yeni Laçın şəhərinin yeni siması müstəqilliyimizin nə qədər güclü olmasını bir daha göstərir. Çünki cəmi 7-8 ay ərzində şəhərin böyük hissəsi tamamilə yenidən qurulub və sizin sərəncamınıza verilir. İlk 20 ailə artıq dünəndən Laçında yerləşibdir və iyun ayının sonuna qədər əlavə bir çox ailələr gələcək. Beləliklə, birinci mərhələdə Laçında 4 minə yaxın, bəlkə də çox insan yaşayacaqdır".

İyunun 14-də 22 ailənin, iyunun 19-da isə 13 ailənin Laçına qayıdışı reallaşıb. Yenidən qurulan Laçın şəhəri iyulun 13-də daha 85 nəfərdən ibarət 23 ailəyə, iyulun 18-də 73 nəfərdən ibarət 18 ailəyə, ayın 25-də isə 89 nəfərdən ibarət 19 ailəyə qucaq açıb. Sonuncu köç karvanı isə iyulun 28-də Bakı şəhərinin Qaradağ rayonundakı "Qobu park 3" yaşayış kompleksindən yola salınıb. Bu dəfə ümumilikdə 56 sakin olmaqla, 16 ailə Laçına köçürülüb. Bununla da, Laçın şəhərində 168 ailənin, yəni 647 nəfərin daimi məskunlaşması təmin edilib.

"Böyük Qayıdış"ın növbəti dayanacağı isə Füzuli olub. Avqustun 18-dən etibarən Füzuli şəhərinə ilk köç başlayıb. İlk olaraq 90 nəfərdən ibarət olan 23 ailənin doğma şəhərinə qayıtması planlaşdırılıb. Sentyabrın 15-də isə növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı "Qobu park 3" yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 25 ailə olmaqla, 73 nəfər köçürülüb. Ümumilikdə isə birinci mərhələdə Füzuli şəhərinə 144 ailənin köçürülməsi nəzərdə tutulub. Artıq avqustun 5-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Füzuli şəhərinə köçürüləcək ailələr arasında püşkatma keçirib. Püşkatmada 144 ailə, yəni 509 nəfər iştirak edib. Ailə tərkibinə uyğun olaraq, onlardan 51-nə ikiotaqlı, 76-na üçotaqlı, 17- nə dördotaqlı mənzil verilib.

Ümumilikdə, işğaldan azad edilmiş ərazilərin potensialı və coğrafi şəraiti nəzərə alınaraq, Kəlbəcər rayonu hasilat və turizm sənayesi, Ağdam rayonu emal sənayesi, Şuşa rayonu mədəniyyət və turizm sənayesi, Cəbrayıl rayonu ticarət-logistika xidməti, Qubadlı, Zəngilan, Laçın, Füzuli və Xocavənd rayonları isə kənd təsərrüfatı və turizm sahəsi üzrə yeni iqtisadi mərkəzlər kimi qiymətləndirilə bilər. Sözügedən ərazilərdə aparılan bütün yenidənqurma, bərpa və şəhərsalma işləri qabaqcıl urbanizasiya modellərinin tətbiqi ilə həyata keçiriləcək. Şəhərsalma tədbirləri çərçivəsində texnoloji, demoqrafik və ekoloji şərtlərin təsiri altında dünyada dəyişən qlobal şəhər planlaşdırma tendensiyaları nəzərə alınacaq. İşğaldan azad edilmiş ərazilərdə yerləşən tarixi abidələrin bərpası və qorunması işinin təşkili, abidələrin inventarlaşdırılması, pasportlaşdırılması, mühafizə zonalarının müəyyən edilməsi də qarşıda duran əsas vəzifələrdəndir. Dövlət Proqramı çərçivəsində, işğaldan azad edilmiş ərazilərdə insan kapitalının inkişafı sahəsində sosial xidmətlər şəbəkəsinin yaradılması və maddi-texniki bazasının gücləndirilməsi, bölgədə məskunlaşacaq əhalinin keyfiyyətli səhiyyə və təhsil xidmətləri ilə təmin edilməsi, mədəniyyət və idman obyektlərinin bərpası və yenidən qurulması, məşğulluq imkanlarının artırılması məqsədilə fəal özünüməşğulluq proqramlarının həyata keçirilməsi və reabilitasiya müəssisələrinin qurulması planlaşdırılır.

Göründüyü kimi, Qarabağ və Şərqi Zəngəzur inkişaf etmiş bölgəyə çevrilir. İyulun 11-də Prezident İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədəki çıxışı zamanı ölkə başçısı bildirib: "…hər şey nəzərdə tutduğumuz planlardan daha sürətlə icra edilir. Bütün güclərimizi səfərbər etmişik. Artıq bu il Talış kəndinə və Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıtmasını təmin etmişik. İlin sonuna qədər Laçın şəhərinin Zabux və Sus kəndlərinə də keçmiş məcburi köçkünlər qayıdacaqlar. Qayıdış proqramı ardıcıllıqla aparılır və beləliklə, ilin sonuna qədər bizim artıq beş yaşayış məntəqəmizdə - bir şəhər və dörd kəndimizdə vətəndaşlar öz dədə-baba torpaqlarında tam məskunlaşacaqlar. Bütövlükdə Böyük Qayıdış proqramının birinci mərhələsində 100 yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur. Mən şəxsən 30 yaşayış məntəqəsinin - 8 şəhər, 22 qəsəbə və kəndin təməlinin qoyulmasında iştirak etmişəm. Baş planlar hazırlanıb təsdiqlənib, bir çox yerlərdə fəal inşaat işləri aparılır".

Hazırda Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin, Azərbaycan dövlətinin gücünün və qüdrətinin nəticəsində işğaldan azad olunmuş ərazilər sürətlə bərpa edilir, Böyük Qayıdış proqramı uğurla reallaşdırılır. Dövlət başçımız sentyabrın 20-də xalqa müraciətində bir müjdəni də verdi. Bildirdi ki, Qarabağ və Şərqi Zəngəzurda qurulan şəraiti Xankəndidə, Ağdərədə, Xocavənddə, Əsgəranda da yaradacağıq. Bu, güclü Azərbaycan dövlətinin əlindədir. Çünki Azərbaycanın Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində elə dövlət başçımızın öz sözü ilə desək, xunta rejimi ləğv olundu və təslim oldu. Onlar ağ bayraq qaldırdılar. Bu, gündən-günə çiçəklənən Qarabağı, güclənən Azərbaycanı qəbul etməyən hər kəsə bir dərs olsun.

Jalə QASIMZADƏ,

"Respublika".