Təbriz idmançılarının mübarizə əzmi
Digər xəbərlər

Təbriz idmançılarının mübarizə əzmi

"Traktor" futbol klubunun hər görüşündə Azərbaycan sevdası daha aydın hiss olunur

Dövr dəyişdikcə ümumi dəyərlərin, bizi bərabərləşdirən inancların heç bir əhəmiyyətinin qalmadığının şahidi oluruq. Çox uzağa getmədən, elə cənub qonşumuz olan İran dövlətini götürək. Əvvəllər qapalı formada olsa da, artıq açıq-aşkar şəkildə özünü büruzə verən ermənipərəst təbliğatlara Güneydə çoxluq təşkil edən azərbaycanlılar da etiraz edir. İran isə media orqanlarında, televiziya və radiolarında aşkar formada Azərbaycana qarşı olan kin-küdurətini dünyaya nümayiş etdirir.

Azərbaycan xalqı üçün ən həssas dövr olan İkinci Qarabağ müharibəsi zamanı da ermənilərin antiislam hərəkətləri, məscidlərdə, dini məbədlərdə donuzların saxlanılması, tövlə halına gətirilməsi isə İran üçün bir narahatlıq yaratmadı. Bununla belə yenə o, öz köməyini Ermənistandan əsirgəməyib daha çox dəstəklədi. İranın daim vurğuladığı və hər vəchlə reklam etdiyi dini şüarların reallıqla tərs mütənasib olduğu açıq-aşkar ortaya çıxdı .

Bununla yanaşı, İran dövləti 2020-ci il 10 noyabr bəyanatında nəzərdə tutulan Zəngəzur dəhlizinin açılmasına qarşı çıxaraq dayanmadan İran-Ermənistan sərhədinin toxunulmazlığını vurğulayıb. Ərazi bütövlüyü ilə əlaqədar Ermənistan dövlətinə qarşı həssaslıq nümayiş etdirsə də, 30 ildən artıq bir müddətdə Azərbaycan ərazilərinin işğalda qalmasına göz yumub.

Təəssüf ki, İran təkcə Azərbaycan dövlətinə yox, cənubda yaşayan azərbaycanlılara qarşı da qeyri-insani rəftar edib və etməyə davam edir. İranda yaşayan ermənilər və azərbaycanlıların vəziyyətinə nəzər saldıqda da ayrı-seçkilik açıq şəkildə özünü büruzə verir. Ermənilərə məxsus xüsusi təhsil ocaqlarının, elm mərkəzlərinin sayı artmaqda davam edir. Lakin 30 milyondan artıq olan və yetərincə geniş bir əraziyə sahib olan azərbaycanlıların isə nə bir məktəbi, nə də bir qəzet və ya radiosu var. Bu, sadəcə, azərbaycanlıların tam formada təhsil almamalarına imkan verməmək demək deyil, bu bir azərbaycanlının özünü sərbəst ifadə edə, dünyaya bu zülmün canlı və obyektiv formada çatdırıla bilməməsinin də açıq nümunəsidir. Radio, televiziya və mətbuat orqanının olmaması azad şəkildə söz ifadəsinin, özünü və problemlərini ifadə edə bilməmənin, yəni qısaca desək, susdurulub taleyinə razı qalmalarının ən acı formasıdır. Amma dövr inkişaf edir və bu inkişafın ən yaxşı tərəflərindən biri də azad söz mübarizəsi üçün sosial medianın gücünün ortaya çıxmasıdır. Nə qədər susdurmağa çalışsalar, işgəncələrə məruz qoysalar yenə də soydaşlarımız öz haqq mübarizəsindən geri çəkilməyib daha da irəli gedir .

Bu gün İran Azərbaycanla əlaqədar əsassız olaraq bəzi narahatlıqlarını dilə gətirir. Lakin Azərbaycandan İrana qarşı heç bir təhdid və ya təhlükə yoxdur. Hətta İran sanksiyalara məruz qalanda belə, Azərbaycan rəhbərliyi bu prosesdə iştirak etməyəcəyini bəyan edib, bu ölkə ilə əlaqələrinə heç bir məhdudiyyət tətbiq etməyib.

Azərbaycançılıq şüarını dünyaya çatdırmağı daim özünə borc bilən soydaşlarımız yeni yollar axtarıb tapmağa çalışırlar. Dünyanın ən çox pərəstişkarı olan, idmanın şahı sayılan futbol da səsimizi eşitdirmək üçün ən yaxşı vasitələrdən biridir. Buna nümunə olaraq, 1968-ci ildə Təbrizin ən böyük sənaye müəssisələrindən biri olan Traktor zavodunun nəzdində yaradılmış, 2011-ci ildən müstəqil klub olmuş "Traktor" (Tirəxtur və ya Traxtur) futbol klubunu göstərmək olar. "Traktor" 2009-2010-cu ildən bəri hər il ən çox azarkeşi olan futbol komandası olaraq İranda birinci yerə layiq görülüb. Bu da hər futbol yarışını izləyən 110-150 min azərbaycanlının vətənpərvərlik, azadlıq səsi deməkdir. İranda rekord azarkeş sayına sahib olan bu komanda hər oyununda "Yaşasın Azərbaycan", "Azərbaycan var olsun, istəməyən xar olsun!", "Azərbaycan yurdumuz, Tirəxtur bozqurdumuz!", "Türk dilində mədrəsə, olmalıdır hər kəsə!" kimi şüarlarını, həmçinin Azərbaycan himnini səsləndirməkdən yorulmurlar. Hətta oyun əsnasında qarşı komandanın azarkeşləri ilə aralarında yaranan mübahisələrə görə Traktor FK oyunlara azarkeşsiz çıxmaqla cəzalandırılıb.

"Traktor" azarkeşləri həm Cənubi Azərbaycanda, həm də Azərbaycan Respublikasında haqsızlıqları, problemləri öz problemləri bilib, buna qarşı mübarizə aparırlar. Haqq mübarizəmiz olan İkinci Qarabağ müharibəsinə qədər hər oyunda Qarabağ şüarları səsləndirilib, həmçinin, əgər bu oyunlar soyqırımı tarixləri ilə eyni günə düşərsə, şəhidlərlə bağlı şüarlar da səsləndirməkdən çəkinməyirlər. Sözsüz ki, heç vaxt heç bir qüvvə bizim səsimizi ala bilməyəcək. Azərbaycançılıq ideologiyası daim onların mübarizə əzmini gücləndirəcək .

Töhfə SƏMƏDOVA,

"Respublika".