İşğalçı ölkənin
Digər xəbərlər

İşğalçı ölkənin "azyaşlı əsgərləri"

44 günlük müharibə nəticəsində Azərbaycanın beynəlxalq hüquqla təsbit edilmiş ərazi bütövlüyü bərpa olundu. Bu ilin aprel ayından etibarən iki ölkə sərhədinin Laçın istiqamətində Azərbaycan tərəfindən nəzarət-buraxılış və gömrük məntəqələrinin qurulması isə Qarabağ münaqişəsinin tarixə qovuşduğunu göstərdi. Laçın sərhəd-buraxılış məntəqəsinin fəaliyyətə başlamasından sonra Ermənistanın baş naziri Nikol Paşinyan da Qarabağın Azərbaycan Respublikasının ərazisi olduğunu rəsmən bəyan etdi. Hazırda iki ölkə arasında aparılan danışıqlar isə sülh müqaviləsinin imzalanması, ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması, sərhədlərin delimitasiya və demarkasiyası, o cümlədən kommunikasiyaların açılmasını əhatə edir. Amma bu proseslərin fonunda Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Qarabağın dağlıq ərazilərində özünü erməni əhalisinin rəhbərləri kimi göstərən bir qrup şəxsin separatçı addımları davam edir. Qarabağın daxilində qanunsuz erməni silahlı qruplaşmalarının yerdəyişməsi və müxtəlif istiqamətlərdə hərbi təlimlərin keçirilməsi müşahidə olunur.

Son vaxtlar intensivləşən hərbi fəaliyyətlərdə yetkinlik yaşına çatmayan erməni uşaqlardan istifadə edilməsi faktları üzə çıxıb. Belə ki, bir neçə gün öncə Qarabağda azyaşlı uşaqlar hərbi formada əks etdirən video erməni blogerlər tərəfindən sosial şəbəkələrdə yayımlanıb. Paylaşılan videoda separatçılar uşaqların əlinə silah verərək ordumuzun mövqelərinə atəş açdırıblar. Bu görüntülər nə qədər dəhşətli olsa da, artıq təəccüb doğurmur. Ermənistan tərəfindən bu kimi görüntü və şəkillərin yayımlanması demək olar ki, adi hala çevrilib. Təbii ki, İrəvanın bu addımlarının hüquqi aspekti də var. Belə ki, beynəlxalq hüquqa əsasən, 18 yaşına çatmamış şəxsin idrak səviyyəsi tam yetişmədiyindən onun iradəsindən də söhbət gedə bilməz. Bu səbəbdən də İkinci Dünya müharibəsindən sonra BMT-nin təşəbbüsü ilə dövlətlər müharibələrdə uşaqların istifadəsindən imtina edib, bu barədə çoxsaylı müqavilələr imzalayıblar. Haylar isə BMT-nin Uşaq Hüquqları Konvensiyasında, uşaqların silahlı qarşıdurmaya cəlb olunmasına dair Fakültətiv Protokolda, xüsusən də 1-ci və 2-ci maddələrdə təsbit olunmuş hüquqları kobud şəkildə pozurlar. Amma bu, İrəvan üçün elə də əhəmiyyətli deyil. Çünki azyaşlıların hüquq və azadlıqlarını pozan hayların uşaqlardan orduda istifadəsi onların anti-Azərbaycan propaqandasının tərkib hissəsinə çevrilib. Sual oluna bilər ki, ermənilər yetkinlik yaşına çatmamış uşaqlarını niyə Azərbaycana qarşı döyüşlərə hazırlaşdırırlar? Axı 44 günlük Vətən müharibəsi Azərbaycanla Ermənistan arasında qüvvələr nisbətinin qeyri-bərabər olduğunu göstərdi, hətta bu döyüşlərdə düşmənin 10 mindən artıq əsgəri fərarilik etdi. Belə olduğu halda, bu uşaq terrorçular düşmənə nə qazandıra, döyüş meydanlarında nəyi dəyişdirə bilərlər? Nəzərə alsaq ki, İkinci Qarabağ müharibəsində erməni əsgərlərinin fərariliyinin qarşısını almaq üçün komandirlər onları zəncirlə öz postlarına bağlamışdılar, lakin bu addım belə minlərlə düşmən əsgərinin döyüş yerlərindən qaçmasına mane olmamışdı. Yəni fərarilik erməni komandanlığının əsas problemidir. Uşaq döyüşçülər isə yetkinlik yaşına çatmışlardan fərqli olaraq fərariliyə daha az meyillilikləri ilə seçilirlər. Çünki uşaqların real coğrafi bilgiləri böyüklər qədər olmur. Onlar həm də ucuz işçi qüvvələridir və toqquşmalarda nizami əsgərlərlə müqayisədə daha asan istifadə olunurlar. Digər tərəfdən, uşaq terrorçular düşmən qüvvələrini mənəvi dilemma qarşısında qoyurlar, qarşı tərəf onları vurmağa qıymadığı halda, onlar öz hədəflərinə mərhəmət göstərmədən ölümcül zərbələr endirirlər. Müharibə meydanlarında öldürüləcəyi təqdirdə isə düşmən tərəfini uşaqlara qənim kəsilmiş barbar kimi tanıdırlar. Yəni uşaqlar diriykən döyüş meydanlarında, ölüykən diplomatik masalarda strateji silaha çevrilirlər. Uşaq əsgərlər həm də ən yaxşı kəşfiyyatçı ola bilərlər. Düşmən mövqelərinə sızdıqları zaman yaxalandıqları təqdirdə yolunu təsadüfən azmış uşaq qismində göstərilə bilərlər. Üstəlik, beynəlxalq qanunvericilik onları əsir kimi saxlamağı da qadağan etdiyindən qarşı tərəf bu uşaqları dərhal azadlığa buraxmaq məcburiyyətində qalır.

Yetkinlik yaşına çatmayan uşaqların Qarabağ ərazilərində hərbi təlimlərə cəlb edilməsi həm də gənc nəslə nifrət və düşmənçiliyin aşılanaraq Azərbaycanla yeni müharibəyə hazırlaşmasına zəmin yaradır. Bu isə öz növbəsində qanunsuz silahlı birləşmələrin tezliklə Qarabağdan çıxarılmasının vacibliyini göstərir. Məhz buna görə də iyunun 27-29-da ABŞ-da baş tutan görüşün də əsas müzakirə mövzusu və fikir ayrılıqlarından biri qanunsuz erməni birləşmələrinin Qarabağdan çıxarılması ilə bağlı olub. Bu məsələdə Azərbaycan tərəfinin hüquqi üstünlüyü var. Belə ki, separatçıların çıxarılması Rusiyanın vasitəçilik etdiyi və əsas müqavilə kimi irəli sürdüyü 10 noyabr razılaşmasının 4-cü bəndində öz əksini tapıb. Düzdür, Moskva indiyə qədər bu bəndin icrasını Ermənistan tərəfindən tələb etməyib. Amma bu tendensiya davam edəcəyi təqdirdə Azərbaycanın 4-cü bəndi özünün icra etməsi də istisna deyil. Çünki rəsmi Bakının bu mövzudakı mövqeyi dəyişməzdir.

Jalə QASIMZADƏ,

"Respublika".