Terrora cəhdlər əbəsdir
Gündəm

Terrora cəhdlər əbəsdir

Oktyabrın 1-də Ankara şəhərində Türkiyə Böyük Millət Məclisinin və nazirliklərin yerləşdiyi İsmet İnönü Bulvarında partlayış və silah səsləri eşidilib. Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin giriş qapısına avtomobillə gələn 2 terrorçudan biri özünü partladıb, ikincisi isə zərərsizləşdirilib. Atışma zamanı 2 polis əməkdaşı xəsarət alıb. Daha sonra isə PKK terror təşkilatı Türkiyənin Ankara şəhərində törədilmiş terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.

"Türkiyəyə qarşı olan terror təşkilatları və həyata keçirilən terror aktları xaricdəki bəlli güc mərkəzləri tərəfindən idarə edilir. Qanlı aksiyanın həyata keçirilməsi üçün seçilən zaman və məkana diqqət etsək, bu terrorun məhz bəlli xarici güclər tərəfindən Türkiyəyə ünvanlanan bir mesaj olduğunu deyə bilərik''. Bu fikri açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz bildirib. O deyib ki, bu terror təşkilatları müəyyən zaman ərzində, belə demək mümkünsə, "dondurulmuş halda soyuducuda saxlanılır", qorunur, müdafiə edilir və Türkiyəyə hər hansı təzyiq etmək lazım gələndə hərəkətə keçirilir: "Bu terror təşkilatları adəti üzrə Türkiyənin güclü olduğu, qlobal proseslərdə qəti mövqe ortaya qoyduğu və Qərbin arzularını reallaşdırmadığı zaman fəallaşır. Ankarada baş verən də eynimotivli terror aktıdır. Düzdür, Türkiyə polislərinin çevikliyi nəticəsində terrorçuların planları tam reallaşmayıb. Məsələ burasındadır ki, oktyabrın 1-də Türkiyə Böyük Millət Məclisi yeni qanunvericilik ilinə başlayıb, yeni dönəmdə ilk iclasını keçirib. Məhz bu tarixdə TBMM-in və nazirliklərin yerləşdiyi İsmet İnönü Bulvarında, xüsusilə də Daxili İşlər Nazirliyinə yaxın ərazidə bu qanlı olaya əl atılması, dediyim kimi, Ankara üçün, Türkiyə dövləti və hökuməti üçün Qərbin qaranlıq mərkəzlərinin mesajı kimi dəyərləndirilə bilər".

Yücel Karauz qeyd edib ki, belə bir vaxtda həmin mərkəzləri daha çox narahat edən məsələ ilk növbədə Cənubi Qafqazda cərəyan edən hadisələrdir. Mən Cənubi Qafqaz deyəndə, Ermənistan-Azərbaycan cəbhəsində cərəyan edən prosesləri, həmçinin, Azərbaycanın Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirlərini nəzərdə tuturam. Türkiyənin bu proseslərdə Azərbaycanın yanında olması, Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın haqq davasında qardaş ölkəyə dəstək verməsi, BMT tribunasından qətiyyətli çıxışı, Qərbin bəzi qaranlıq mərkəzlərini qane etməyib. Türkiyənin Rusiya-Ukrayna müharibəsində sərgilədiyi mövqe, Liviyada, Suriyada öz sözünü deməsi, cənubda bir terror dövlətinin qurulması cəhdlərinin qarşısını qətiyyətlə alması, Balkanlarda cərəyan edən gərginliyin azaldılması üçün göstərdiyi cəhdlər də xaricdə bəzi gücləri narahat edib. Ona görə də onlar yenidən hərəkətə keçiblər.

Bu qanlı olayın Ermənistanla Azərbaycan arasındakı problemin həllinin yaxınlaşdığı bir ərəfədə baş verməsi təsadüfi deyil. Prezident Rəcəb Tayyib Ərdoğanın problemin birdəfəlik həlli üçün dördlü format təklifini də diqqətə alsaq, bütün mənzərə aydın olur. Fəaliyyətləri ancaq ayrı-ayrı regionlara qan, müharibə, müstəmləkəçilik, fəlakətlər gətirməkdən ibarət olan bəzi xarici güclər bu dəfə Cənubi Qafqaza yönəliblər. Onlar Cənubi Qafqazı yenidən qan gölünə döndərmək istəyirlər. Lakin burada onların qarşısında qətiyyətli və sülhsevər bir Türkiyə dayanıb. Bu isə onları Türkiyəyə qarşı bütün sahələrdə hücuma keçməyə vadar edib. Özü də bu dəfə yenə də ASALA və PKK Türkiyəyə qarşı birləşib. ABŞ-da ermənilər tərəfindən həyata keçirilən cinayətlər, Azərbaycan və Türkiyəyə qarşı beynəlxalq aləmdə PKK-PYD və FETÖ-PDY terror təşkilatlarının son addımları bunu bir daha təsdiqləyir. Lakin düşmənlərimizin bütün cəhdləri iflasa uğrayacaq və Azərbaycan-Türkiyə qardaşlığı öz sözünü bundan sonra da bütün sahələrədə qətiyyətlə deyəcəkdir.

Onu da qeyd edək ki, Türkiyə ilə Azərbaycan arasında son illərdə güclü əməkdaşlıq xaricdəki erməni diasporunu çox narahat edir. Belə ki, sentyabrın 30-da Los-Ancelesdə "Türkiyə xarici siyasətində ictimai diplomatiyanın rolu" mövzusunda keçirilən konfrans erməni qruplaşmalarının hücumuna məruz qalıb. Amerika, Türkiyə və Azərbaycan rəsmilərinin iştirak etdiyi tədbirə erməni təxribatçıları tərəfindən maneə törədilib. Türkiyə və Azərbaycan rəsmilərini təhqir edən şəxs zaldan çıxarılıb. Tədbirdə həmçinin Türkiyənin ABŞ-dakı səfiri Murat Mercana, Azərbaycanın Los-Ancelesdəki baş konsulu Ramil Qurbanova və digər çıxış edənlərə sözlü hücum edilib. Mühafizəçilərin müdaxiləsi ilə qrup zaldan çıxarılıb. Erməni qrup bu dəfə konfrans zalından kənarda səs-küy salaraq içəridəki çıxışların qarşısını almağa çalışıb. Lakin ermənilərin provokasiyalarına, təhdidlərinə baxmayaraq, konfrans baş tutub.

Esmira YAZKAN ASLANOVA,

"Respublika" qəzetinin

Türkiyə üzrə müxbiri.