Torpaqlarımızın işğaldan azad edilməsi beynəlxalq hüququn təntənəsidir
Siyasət

Torpaqlarımızın işğaldan azad edilməsi beynəlxalq hüququn təntənəsidir

Ötən ilin sentyabr ayında keçirilən lokal antiterror tədbirlərindən sonra anti-Azərbaycan bloku daha da fəallaşdı. Regionun lider dövləti olan Azərbaycanın uğurlarını həzm edə bilməyənlər hər vəchlə qarayaxma kampaniyasına başladılar. Gah dedilər ki, Xankəndi "blokada"dadır, gah da insanların burada acından öldükləri barədə yalan danışdılar.

Bununla yanaşı, Xankəndi və ətraf ərazilərin nəzarətə götürülməsindən sonra növbəti böhtan kimi Azərbaycanı "etnik təmizləmə" və "soyqırımı"nda günahlandırdılar. Öz xislətlərinə sadiq qalanlar iddia edirdilər ki, yerli erməni əhalisi buradan zorla çıxarılıb. Lakin qüdrətli dövlətimiz bütün planları alt-üst etdi.

Cənubi Qafqazda sülh və sabitliyin tərəfdarı olan Azərbaycanın regional lider dövlət kimi imperativləri düşmən ölkə tərəfindən qeyd-şərtsiz qəbul edilməli idi. Xüsusilə 44 günlük Vətən müharibəsində əldə edilən qələbə haylar üçün önəmli mesaj idi. Lakin Xankəndi və ətraf ərazilərdə öz saxta ideologiyalarını davam etdirmək niyyətində olanlar anlamırdılar ki, onları qaçılmaz son gözləyir. Azərbaycanla hədə-qorxu dili ilə danışanların aqibəti indi hər kəs üçün məlumdur. Gəncə və Bərdədə törədilən terror hadisələrinin, Xocalı soyqırımı kimi bəşəri cinayətin müəllifləri artıq ədalətimizin gücünü görüblər.

"Dəmir yumruq"un xofu hayların canından çıxdıqca bu kimi özbaşınalıqların daha çox şahidi olduq. Hələ İkinci Qarabağ müharibəsi başlamazdan əvvəl rəsmi İrəvan təklif edirdi ki, Azərbaycan dövləti Xankəndidəki xuntaçılarla danışıqlar aparmalıdır. Əlbəttə ki, bütün bunlar vaxt uzatma, "status-kvo"nu qoruma cəhdləri idi. Uzun illər əzəli yurdumuzda qanunsuz istehkamlar quran, ərazilərimizdə ekosid, urbisid və digər bəşəri cinayətlər törədənlər tarixi ədalətin bərpa olunmasını istəmirdilər. Lakin nəticə göz qabağındadır. Qüdrətli Azərbaycan dövləti öz ərazi bütövlüyü və suverenliyini tam bərpa edə bilib. Döyüş meydanında olduğu kimi, diplomatik masada da qalib gələn qüdrətli dövlətimiz şanlı Zəfərimizi əbədi edib.

Hazırda da anti-Azərbaycan bloku beynəlxalq hüququn norma və prinsiplərindən dəm vuraraq Zəfərimizi ləkələməyə çalışırlar. 30 ilə yaxın bir dövr ərzində BMT-nin 4 qətnaməsini görməzdən gələnlərin bu gün "ədalət qoruyucusu" qismində iştirakı olduqca ironikdir. ATƏT-in keçmiş Minsk qrupu kimi münaqişənin həlli yolunu baltalayan qurum və platformalar daim bu ədalətsizliyin davam etməsini arzulayıblar. Əlbəttə ki, BMT-nin havada qalmış qətnamələrini öz gücünə icra edən, ədalət tərəzisini tarazlayan bir dövlətə qara yaxmaq heç bir zaman mümkün deyil. Yeri gəlmişkən qeyd edək ki, martın 14-də "Parçalanmış dünyanın bərpası" mövzusunda XI Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edən ölkə başçımız İlham Əliyev bildirib: "...Lakin ən başlıca məsələ, əlbəttə ki, bu, beynəlxalq hüququn alilik prinsipinin tətbiq olunması ilə baş tutmalıdır. Beynəlxalq hüququn normaları bizim tərəfimizdə idi, Azərbaycan qeyri-qanuni işğala, etnik təmizləməyə və soyqırımına məruz qalmışdı. Bütün bunlar hamımıza yaxşı məlum olan tarixi faktlardır. Biz ədaləti və beynəlxalq hüququ özümüz bərpa etdik. Bizə heç kəs kömək etmədi, biz bunu özümüz etdik".

Qarabağda keçirilən 23 saatlıq lokal antiterror tədbirləri bütün dünya üçün separatizmlə mübarizədə bir ilk kimi yadda qaldı. Xüsusən, qlobal güc mərkəzlərinin Ermənistana havadarlığının daha da intensivləşdiyi bir dövrdə Prezident İlham Əliyev heç kimin haqq işimizə kölgə sala bilmək iqtidarında olmadığını sübut etdi. Xüsusi qeyd etmək lazımdır ki, Azərbaycan beynəlxalq hüququn normaları və dövlətlərin ərazi bütövlüyü prinsipinin, habelə BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndində ehtiva olunan məqsədlərin icrasını bu qədər qısa zamanda reallaşdırmağı bacardı. Bu səbəbdən də məsələnin regional trayektoriyasından daha çox qlobal miqyası olduqca böyükdür.

Bu qədər qısa zamanda suveren ərazilərində separatizmin kökünü kəsən Azərbaycanın haqq işinə heç bir dövlət kölgə sala bilmədi və bundan sonra da bilməyəcək. Bir milyona yaxın məcburi köçkünü olan ölkəmizdə artıq əsl ruh yüksəkliyi müşahidə olunur. Doğma yurdlarına qovuşan soydaşlarımızın gözü artıq sevincdən yaşarır. Artıq soydaşlarımız öz yurd yerlərində yazın gəlişini qarşılayır. Onların sevincini bütün Azərbaycan xalqı bölüşür. Elə ölkə başçımız da Xankəndi şəhərində Novruz tonqalını alovlandıraraq xalqımızın sevincinə şərik oldu.

"Zəfər Meydanı"nda dayanaraq nitq söyləyən Prezident İlham Əliyev bir sıra məqamlara toxunub. Lokal antiterror tədbirlərinin önəmindən danışan ölkə başçımız bildirib: "Altı ay bundan əvvəl uğurla keçirilmiş antiterror əməliyyatı beynəlxalq hüququn təntənəsidir, Azərbaycan xalqının əyilməz ruhunun təntənəsidir. Biz bir daha göstərdik ki, öz yolumuzdan dönməyəcəyik, Ermənistanın arxasında istənilən qüvvələr dursalar belə, biz öz istədiyimizə nail olacağıq və nail olmuşuq".

Musa BAĞIRLI,

"Respublika.