Türkiyə və Azərbaycana qarşı
Siyasət

Türkiyə və Azərbaycana qarşı "dördlər ittifaqı" yaradılır

Ermənistanın müdafiə naziri Suren Papikyan ölkəsinə səfər edən yunan həmkarı Nikos Dendiasla görüşündə iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın səviyyəsi ötən ilin dekabrında Afinada əldə olunmuş razılaşmalar istiqamətində görülən işlər, bir sıra yeni istiqamətlər müzakirə edilib. N.Dendias Ermənistan-Yunanıstan-yunan Kipri arasında müdafiə sahəsində üçtərəfli əməkdaşlığı uğurlu adlandırıb, Fransa və Hindistanın da iştirakı ilə dördtərəfli əlaqələri mümkün hesab edib. Maraqlı məqam odur ki, yunan nazir fransalı həmkarı Sebastian Lekornudan sonra İrəvana gəlib və bu səfərlər baş nazir Nikol Paşinyanın hər iki ölkəyə gedişindən sonra baş verib.

Görünür hökumət rəhbəri rəsmi ziyarətlərində ölkəsinin silahlanlandırılması barədə razılıq əldə edib. Paris faktoru Avropanın Cənubi Qafqaz marağından dolayı anlaşılandır. Yunanıstanın şər üçbucağına daxil edilməsi isə bu ərazinin Fransa üzərindən Ermənistana silah daşınmasında əsas marşruta çevrilə biləcəyi ehtimalıdır. Çünki bu ötürmə üçün ən unikal marşrut Qara dəniz yoludur. Buna görə də rəsmi Afina da prosesə cəlb olunur. Amma bir məqamı nəzərə almaq lazımdır ki, silah marşrutunun tamamlanması üçün Gürcüstanla da əməkdaşlıq qurulmalıdır və Paşinyan Administrasiyası sözügedən istiqamətdə işləyir. Lekornunun Ermənistana gəlişindən bir gün sonra Paşinyanın Gürcüstanın baş naziri İrakli Kobaxidzeyə zəngi, ertəsi gün isə Afinaya qayıtması bunu deməyə əsas verir. Bu gediş-gəlişdən anlaşılan odur ki, Ermənistanın silahlanmasında Paris-Afina-Dehli-İrəvan marşrutu prioritetə çevriləcək.

Ermənistanın indiki məqamda silah-sursat təchizatını şaxələndirməsi təsadüfi deyil. Ölkənin hərbi rəhbərliyi Rusiyadan asılılığını azaltmaq üçün bütün yollara baş vurur. Çünki 2020-ci ilədək İrəvanın əsas silah idxalçısı Rusiya (94%) olub. Amma həm Paşinyanın iqtidara gəlməsindən sonra yürütdüyü anti-Rusiya siyasəti, həm 44 günlük müharibə zamanı Türkiyə və İsrailin müasir PUA-ları ilə təchiz edilmiş Azərbaycan Ordusu qarşısında məğlubiyyəti, həm də Ukraynada davam edən müharibə nəticəsində yaranan təchizat problemləri bu asılılığın əhəmiyyətli dərəcədə azaldılmasını, hətta tamamilə aradan qaldırılmasını zəruri edir. Artıq Ermənistanın bu prosesdəki marağı aydındır. Yaradılmaqda olan "dördlər ittifaqı"nın digər üzvlərinin ambisiyalarına gəldikdə isə fərqli məqamlar önə çıxır. Məsələn, Hindistanla Ermənistanın yaxınlaşması Zəngəzur dəhlizinə görədir. Çünki bu ölkə Çinlə rəqabətdədir və istəyir ki, öz mallarını Qərbə rahat daşısın. Bu məqsədlə də Yeni Dehli Hind okeanı, İran körfəzi, İran, Ermənistan, Gürcüstan və Avropa üzərindən keçən dəhlizin təşəbbüsçüsü kimi çıxış edir. Zəngəzur planı reallaşacağı təqdirdə isə Hindistan dəhlizdən kənar qalacaq. Buna görə də Vətən müharibəsindən sonra İrəvanı silahla təchiz etməyə başlayıb. Fransaya gəlincə, müstəmləkələrində itirdiyi nüfuzunu Cənubi Qafqazda bərpa etmək, eləcə də Rusyanı oyundan tamamilə kənarlaşdırmaq məqsədi güdür. Buna görə də zəif bənd kimi İrəvanı seçərək planlarını marionet Paşinyan hökuməti üzərindən icra edir. Yunanıstanın da Kipr və Ermənistan silahlı qüvvələri ilə sıx müdafiə əlaqələri quraraq regional transformasiyalar həyata keçirməyə çalışdığı gün kimi aydındır. Bütün bunları ümumiləşdirəndə deyə bilərik ki, qurulan yeni əməkdaşlıqlar Azərbaycan və Türkiyəyə qarşı koalisiya yaratmaq məqsədi daşıyır.

Amma Ermənistan bu planlarını pərdələmək üçün Cənubi Qafqazda müharibə riski var ritorikasına əl atır. "Gallup" beynəlxalq mərkəzinin İrəvanda keçirdiyi son sorğunun nəticəsinə görə, hər iki ermənidən biri Azərbaycanla yeni müharibə təhlükəsinin real olduğunu bildirib. Paşinyan hökuməti cəmiyyətdə belə əhvali-ruhiyyə yaradaraq xarici ölkələrlə hərbi əməkdaşlığına zəmin yaradır. Amma baş nazir unutmamalıdır ki, bölgədə sülhün əldə olunması üçün səmimi səy göstərərsə, rəsmi Bakı və Ankara da İrəvanın regional layihələrə qoşulmasına imkan yaradacaq. Amma Paşinyanın Cənubi Qafqaza kənar gücləri gətirməyə çalışması ilk növbədə onun özü üçün riskdir. Yəqin ki, müxtəlif blokların toqquşma arenasına çevrilən Ermənistanda vətəndaşların birinci işi baş naziri kreslosundan devirmək olacaq.

Jalə QASIMZADƏ,

"Respublika".