Cənubi Qafqazda yerləşdikləri vaxtdan etibarən Azərbaycan torpaqlarına göz dikən ermənilər alçaq niyyətlərini həyata keçirmək üçün hər zaman fürsət axtarmışlar. Mənfur qonşularımız düşmənçilik siyasətini mərhələli şəkildə həyata keçirməklə xalqımıza qarşı soyqırımları, qətliamlar törətmiş, Qərbi Azərbaycanda yaşayan soydaşlarımızı amansız işgəncələr altında ata-baba torpaqlarından zorla deportasiya etmişlər. Ötən əsrin sonlarında isə tarixi yurd yerimiz olan qədim İrəvanda etnik təmizləmə siyasəti aparmış, azərbaycanlılar yaşayan kəndləri, qəsəbələri viran qoymuşlar.
Ermənistanın 30 illik işğalçılıq siyasətinə, sərhədboyu ərazilərdə törətdiyi təxribatlara 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində layiqli cavab verildi. Öz ərazilərində əks-hücum əməliyyatı həyata keçirən Azərbaycan ordusunun bölmələri cəmi 44 günə düşməni ram etdi. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən döyüş əməliyyatlarında bir addım belə geri çəkilməyən Azərbaycan əsgəri ölkəmizin ərazi bütövlüyünü təmin etdi. Uzun illər erməni əsarətində qalan şəhər və kəndlərimiz işğaldan azad edildi, düşmən məğlubiyyətə məcbur edilərək kapitulyasiya aktı imzaladı. Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın noyabrın 9-dan 10-na keçən gecə imzaladıqları üçtərəfli Bəyanata əsasən Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə atılmadan düşməndən geri alındı.
Həmin tarixdən etibarən hərbi əməliyyatlar dayandırıldı. Bəyanatın 3-cü bəndinə əsasən Rusiya Federasiyasının 1960 nəfər silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti Qarabağda keçmiş təmas xətti və Laçın dəhlizi boyu yerləşdirildi. Erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel olaraq rus sülhməramlı kontingentinin yerləşdirilməsində məqsəd münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarət olunması idi. Bəyanatın 4-cü bəndində Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddətinin 5 il olduğu göstərilir və qeyd olunur ki, müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır. Lakin bu müddətin nəinki beş il uzadılmasına ehtiyac qalmadı, hətta sülhməramlıların vaxtından əvvəl Qarabağdan çıxarılmasına qərar verildi. Belə ki, artıq rus sülhməramlılarının Qarabağdan çıxarılması prosesinə başlanılıb. Bunu Prezidentin köməkçisi - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də təsdiq edib və bildirib ki, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib. Artıq proses başlanılıb, Azərbaycan və Rusiya müdafiə nazirlikləri həmin qərarın icrası ilə bağlı müvafiq tədbirlər həyata keçirirlər.
Vətən müharibəsində ölkəmizin qalibiyyətini, qarşı tərəfin isə məğlubiyyətini ehtiva edən üçtərəfli Bəyanata əsasən sülhməramlıların Qarabağda yerləşdirilməsi Azərbaycanı narahat etmirdi. Çünki beynəlxalq hüquq normaları çərçivəsində siyasət yürüdən dövlətimiz 44 günlük müharibənin bitməsini, hərbi əməliyyatların dayandırılmasını əks etdirən 10 noyabr bəyanatının imzalandığı andan üzərinə götürdüyü bütün öhdəlikləri həyata keçirməyə başladı. Lakin heç bir vaxt verdiyi sözə əməl etməyən, öz çirkin əməllərindən əl çəkə bilməyən Ermənistanın siyasi rəhbərliyi imza atdığı üçtərəfli Bəyanatın müddəalarına əməl etməkdən boyun qaçırdı. Müharibədən üç ildən çox ötməsinə baxmayaraq, düşmən mütəmadi olaraq sərhədboyu ərazilərdə təxribatlar törədir, mənfur niyyətini həyata keçirməyə çalışırdı. Bu baxımdan, Qarabağ ərazisində sülhməramlıların yerləşdirilməsi düşünülmüş addım idi. Belə ki, "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarındakı təbii sərvətlərimizin mənimsənilməsinə, faydalı qazıntı yataqlarının erməni separatçıları tərəfindən qanunsuz istismarına, ekoloji terrora son qoyulmasını tələb edən azərbaycanlı ekofəalların 138 gün fasiləsiz olaraq keçirdikləri dinc aksiyaları bütün dünya izləyirdi. Ötən il aprel ayının 23-də Qarabağ və ətraf rayonlarımızda qeyri-qanuni yerləşən xuntaçılara canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısını almaq məqsədilə Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən suveren ərazilərimizdə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin yaradılmasına tam hüquqi əsas var idi. Ermənilərin uydurduqları ağ yalanlara, böhtanlara əsaslanan ermənipərəst qüvvələr dövlətimizin haqq işinə müxtəlif siyasi don geyindirsələr də həmin ərazilərdə sühməramlıların yerləşməsi, hadisələrə onların nəzarət etməsi Azərbaycanın haqlı olduğunu və ədaləti bərpa etdiyini sübuta yetirdi.
Qarabağ və ətraf rayonlarda 23 saatlıq lokal xarakterli antiterror tədbirləri də rus sülhməramlılarının bölgəyə nəzarəti zamanı həyata keçirilmişdi. "Azərbaycan etnik təmizləmə siyasəti yürüdür" kimi iftiralar, böhtanlar uyduran Ermənistan bu yalanlarla ayaq tutsa da uzaq gedə bilmədi. Çünki okeanın o tayından havadarlarının görə bilmədiklərini, iki addımlıqda olan sülhməramlılar yaxından izləyirdilər. Bütün bunlar rus sülhməramlıların Qarabağda müəyyən bir dövr üçün mövcudluğunun vacib olduğunu və dövlətimizin uzaqgörən, məqsədyönlü siyasət yürütdüyünü bir daha təsdiqləyir.
Artıq Qarabağda kriminal xunta rejiminə son qoyulub, separatizmin kökü kəsilib. Tarixi torpaqlarımız müstəqil dövlətimizin nəzarəti altındadır, ərazi bütövlüyümüz və suverenliyimiz tam təmin olunub. Bütün bunlar isə ölkəmizdə artıq heç bir sülhməramlı qüvvənin yerləşməsinə ehtiyac olmadığını aydın göstərir.
Mehparə ƏLİYEVA,
"Respublika".