Uzun illərin həsrəti
Digər xəbərlər

Uzun illərin həsrəti

30 ildən bəri görmədiyim, ayaq basa bilmədiyim, havasına, suyuna həsrət qaldığım Azərbaycanın səfalı yerlərindən olan Zəngəzurun beşiyi - Qubadlı rayonundan danışmaq istəyirəm. Ərənlər, qəhrəmanlar, alimlər yurdu olan rayonumuzdan. Mən Qubadlı rayonunda böyüyüb boya-başa çatmışam. Gəncliyimin ən qaynar dövrü bu rayonda keçmiş və sonda doğma ata yurdumdan didərgin düşmüşəm. Qubadlılılar saf, mərd, cəsarətli olublar. Rayonun abadlaşmasında, inkişafında Qubadlının hər bir sakini böyük zəhmət çəkib.

Qubadlı rayonu iki dağın arasında yerləşir. Yaşıl dağların ətəyindən axan Bərgüşad çayı rayonumuza xüsusi gözəllik verirdi. Uşaqlığımızın ən gözəl çağları o çayın və bulaqların əhatəsində keçmişdi. Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı, heyvandarlıq idi. Bu baxımdan, həmişə rayonumuz qabaqcıllar sırasında olmuşdur. Təhsil və səhiyyə sistemi inkişaf etmişdi. Rayonun ağsaqqalları, ziyalıları gənc nəsillərə örnək olmuşlar, məhz o ziyalıların verdiyi təhsilin nəticəsi idi ki, rayon gəncləri vətən uğrunda qəhrəmanlıqla vuruşdular, torpaqlarımızı işğalçılardan təmizlədilər. Ulu öndərin davamçısı Ali Baş Komandan İlham Əliyevin müəyyənləşdirdiyi düzgün strategiya yenidən vətənə qayıtmağımıza səbəb oldu.

30 illik həsrət qəddimizi bükmüşdü, nəhayət, yuxularımızda gördüyümüz nənə-babalarımızın qəbrini, evimizi ziyarət etdik. Doğrusu, hələ də gənclik həvəsiylə gedirdim, lakin yolboyu viran qoyulan evlərimizi, abidələrimizi, təbiətə vuralan zərbəni, darmadağın olan bağ-bağçaları görəndə böyük kədər hissi keçirdim. Göz yaşları məni boğdu, lakin oradan heç ayrılmaq istəmirdim. Zəngəzur mahalının inanc yeri olan Hacı Qaraman ocağını, Sara Çələbinin, Şeyx Mirsədi ağanın ocaqlarını və qohum-əqrəbanın, şəhidlərimizin qəbirlərini ziyarət etdim. Dualar etdim ki, bir daha heç bir zaman torpaqlarımızın bütövlüyü pozulmasın, ulu Tanrı bizə güc, qüvvət versin və yenidən o gözəl təbiəti, evlərimizi, abidələrimizi bərpa edək. Vətən uğrunda şəhid olan övladlarımıza Allahdan rəhmət diləyir, qazilərimizə cansağlığı arzulayıram.

Pərvanə ƏLİYEVA,

tibb üzrə fəlsəfə doktoru.