YAP - xalqın ümid mənbəyi
Digər xəbərlər

YAP - xalqın ümid mənbəyi

Dünya politoloqlarının ümumi rəylərinə görə siyasi partiyalar olmayan ölkədə demokratik cəmiyyət bərqərar ola bilməz.

Ötən əsrin 80-ci illərinin sonlarında, elə 90-cı illərin əvvəllərində də dövlət müstəqilliyimizin əldə edilməsi, onun qorunub saxlanılması və möhkəmləndirilməsi uğrunda xalqımızın saf niyyətlə ayağa qalxdığı bir şəraitdə səriştəsiz hakimiyyətlərin mövcudluğu, ümummilli liderimiz Heydər Əliyevi siyasi meydandan kənarda saxlamaq kimi uğursuz cəhdlər xalqımıza qarşı qanlı cinayətlərin baş verməsi, ölkəmizin parçalanma təhlükəsi ilə üzbəüz qalması, iqtisadiyyatın və sosial həyatın fəlakət astanasına qədəm qoyması kimi çox ciddi təhlükələr yaratmış oldu.

Bu isə müəyyən mənada ölkəmizdə güclü siyasi partiyaların olmaması ilə izah edilə bilər. Belə bir şəraitdə ümummilli lider məfkurəsini özündə ehtiva edən bir şəxsin ölkə rəhbərliyində olmasına ehtiyac tam kəskinliyi ilə özünü büruzə verdi. Bunu nəzərə alan və tariximizə "91"lər kimi adlarını həkk etmiş xalqımızın vətənpərvər, siyasi reallığı dərindən dərk edən və Azərbaycanın gələcəyi naminə hər cür məhrumiyyətlərə hazır olan ziyalı insanlar və ictimai xadimlərimiz ulu öndər Heydər Əliyevə müraciət edərək məhz onun rəhbərliyi ilə "Yeni Azərbaycan Partiyasının" yaradılması məsələsini gündəmə gətirdilər. Həyatında daima rasional fikirlərə hörmətlə yanaşan, öz xalqının ehtiyac və qayğılarını dərindən duyan və doğma Azərbaycanı öz canından da çox sevən Heydər Əliyevin razılığı və rəhbərliyi ilə 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında yaradılan YAP 1992-ci il dekabrın 18-də Ədliyyə Nazirliyi tərəfindən siyasi partiya kimi rəsmi qeydiyyata alındı. Bu barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev YAP-ın VII Qurultayında giriş sözündə belə demişdir: "Yeni Azərbaycan Partiyasının yaradılması zərurət idi. O vaxt, yenə də deyirəm, cəsarətli, qorxmaz insanlar açıq-aydın görürdülər ki, təzə-təzə müstəqilliyə qovuşmuş gənc ölkəmiz böyük fəlakətlə üz-üzədir və artıq ölkədə gedən proseslər idarəolunmaz xarakter almışdır. Hərbi məğlubiyyət, eyni zamanda, daxili böhranla tamamlanır. Ölkə daxilində gedən xoşagəlməz proseslər, siyasi çəkişmələr, hakimiyyət uğrunda mübarizə ölkəmizin müstəqil yaşamasını sual altına qoymuşdur".

Ümummilli lider Heydər Əliyevin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, qətiyyəti, uzaqgörənliyi böhrana son qoydu, xalqımız Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdi. Ulu öndərin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyuldu, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas oldu. Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll edildi, ölkədə əmin-amanlıq, siyasi sabitlik bərqərar olundu.

Heydər Əliyev dühasını tədqiq edərkən bir daha əmin olursan ki, şəxsiyyət zamanı qabaqlamağı, irəli aparmağı bacardıqda mütərəqqi tarixi şəxsiyyətə çevrilir. Başqa sözlə, mütərəqqi lider, şəxsiyyət həlledici məqamlarda tarix yaradır və ona öz damğasını vurur.

Dünyada qəbul edilmiş meyarlara görə mütərəqqi şəxsiyyət və liderlər bir sıra yüksək keyfiyyət göstəricilərinə malik olmalıdırlar.

Ulu öndər Heydər Əliyev liderlik anlamına daxil olan bütün meyarlara nəinki cavab vermiş, hətta daha yüksəkdə qərarlaşmışdır.

Məhz bunun nəticəsidir ki, qurucusu Heydər Əliyev olan YAP ötən 30 il ərzində Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsini və müasir beynəlxalq münasibətlər sistemində layiqli yer tutmasını, demokratik, hüquqi, dünyəvi dövlətin qurulmasını, sabit və sosialyönümlü iqtisadiyyatın yaradılmasını, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən asılı olmayaraq vətəndaşların hüquq və azadlıqlarının hərtərəfli və etibarlı müdafiəsinin təmin edilməsini, qanunçuluq, ictimai həmrəylik və firavan həyat üzərində qurulmuş vətəndaş cəmiyyətinin formalaşdırılmasını, insanların müstəqil dövlətçilik ideyası və azərbaycançılıq məfkurəsi ətrafında birləşdirilməsini özünün məqsədi hesab etməklə xalqımızı öz ətrafında birləşdirərək milli müstəqilliyimizin daha da möhkəmləndirilməsi, dövlətimizin gücünün artırılması və əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində mühüm nailiyyətlərə imza atmışdır.

Təbii ki, YAP-ın və onun üzvlərinin qarşısında duran ən mühüm məsələ ölkəmizin ərazi bütövlüyünün təmin olunması və torpaqlarımızın işğaldan azad edilməsindən ibarət olmuşdur.

İnkaredilməz bir faktdır ki, əldə edilən uğurlar YAP-ın rəhbərləri ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının milli mənafeyinin qorunmasına, dövrümüzün təhlükəsizliyinə, iqtisadi və hüquqi islahatların aparılmasına, vətəndaş həmrəyliyinin formalaşdırılmasına istiqamətlənmiş və Azərbaycan Prezidenti cənab İlham Əliyevin siyasətinin yeni dövrün çağırışları nəzərə alınmaqla müdrik və cəsarətli tərzdə davam etdirilməsi sayəsində mümkün olmuşdur.

Dünya təcrübəsi göstərir ki, sistemsiz və sıçrayışla müşayiət olunan islahatlar son nəticədə sosial-iqtisadi uğursuzluğa və xalqın etimadının azalmasına gətirib çıxarır. Ulu öndər həmişə nominal islahatların, yəni islahat xatirinə islahatların aparılmasının əleyhinə olub. İslahatların keçirildiyi bir dövrdə mövcud iqtisadi strukturların və inzibati-amirlik metodlarının olduğu kimi saxlanması onun iqtisadi baxışlar sistemində yolverilməz hesab edilirdi. Əksinə, iqtisadi islahatlar həyata keçirilərkən iqtisadi qanunların və dünya təcrübəsinin əsas götürülməsini, islahatların sistemli, kompleks aparılmasını və sosialyönümlü olmasının zəruriliyini vurğulayırdı.

Heydər Əliyevin iqtisadi inkişaf konsepsiyasında "iqtisadi islahatlar" ifadəsi altında Azərbaycan iqtisadiyyatını bazar prinsipləri əsasında qurmaq, özəl bölmənin fəaliyyətini genişləndirmək və dövlət mülkiyyətinin özəlləşdirilməsini həyata keçirmək, azad sahibkarlığa, vətəndaş təşəbbüskarlığına geniş imkanlar yaratmaq, milli iqtisadiyyatımızı qabaqcıl təcrübə nəzərə alınmaqla yenidən qurmaq və dünya iqtisadiyyatına fəal inteqrasiya zəruri hesab edilirdi.

Yeni Azərbaycan quruculuğunun arxada qalan illəri də Heydər Əliyevin iqtisadi strategiyasının haqlı olaraq sosialyönümlü bazar iqtisadiyyatı prinsiplərinə əsaslanmasının həyatiliyini və alternativsizliyini təsdiq etmişdir.

YAP-ın banisi Heydər Əliyev həmişə tövsiyə edirdi ki, siyasi və iqtisadi islahatlar ardıcıl, düşünülmüş və qətiyyətlə aparılsın, heç bir uğursuz sürətlənməyə, sıçrayışa yol verilməsin. Məhz ulu öndərin belə bir siyasi sistem formulu və İlham Əliyevin dövlət quruculuğu modeli dövlətimizin stabilliyinin əsasını təşkil etmişdir.

YAP-ın yaradıldığı çox mürəkkəb iqtisadi vəziyyət düzgün və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini tələb edirdi. Müstəqilliyimizin möhkəmləndirilməsi və güclü dövlət qurulması mühüm islahatların aparılmasını zəruri etmişdi. Bu işlər həyata keçirilməsəydi, biz dünyada gedən inkişafdan geri qalmaqla dövlətçiliyimizi də təhdid altında qoya bilərdik. Məhz əldə edilən nəticələr YAP-a xalqın etimadının gücləndirilməsinə və ölkəmizin dayanıqlı inkişafını təmin edə biləcək yeganə siyasi qüvvə kimi nüfuz qazanmasına zəmin yaratmışdır.

Əldə edilən uğurlar barədə YAP sədri, ölkə Prezidenti İlham Əliyevin sözlərini xatırlamaq yerinə düşərdi: "Biz hər şeyi öz hesabımıza əldə etmişik. Ermənistan kimi heç vaxt gedib qapı-qapı gəzməmişik, özümüzü alçaltmamışıq, yalvarmamışıq, heç kimdən yardım istəməmişik. Ona görə iqtisadi müstəqillik həm hazırlıq baxımından, həm siyasi müstəqilliyin möhkəmləndirilməsi baxımından əsas şərt idi. Buna da nail olduq. Bu gün istənilən meyar üzrə, istənilən parametr üzrə heç kimdən asılı deyilik, iqtisadi sahədə ən qabaqcıl yerlərdəyik -istər xarici borc baxımından, iqtisadi artım baxımından və adambaşına düşən valyuta ehtiyatları baxımından. Yəni, biz istənilən meyar üzrə qabaqcıl yerlərdəyik".

Özünün 30 illik tarixi dövründə YAP həmişə Azərbaycanın əsas reallığını nəzərə almış və düzgün inkişaf istiqamətində fəaliyyət göstərmişdir. Azərbaycan xalqının milli mənafeləri əsas götürülməklə, xalqımızın həyat səviyyəsinin yüksəldilməsi və şanlı Vətən müharibəsində qələbə mümkün olmuşdur.

Biz sübut etdik ki, nəinki tarixi ədaləti bərpa etməyə, həm də Böyük Qayıdış kimi tarixi bir mərhələnin uğurlarına imza atmağa qadir xalqıq.

YAP-ın hakim partiya olduğu illərdə əldə edilən uğurlar göz qabağındadır. Mühüm Dövlət proqramlarının qəbul edilməsi və həyata keçirilməsi, habelə sonralar regional inkişafın daha konkret ünvanları və məsələləri üzrə imzalanan fərman və sərəncamlar regionların inkişafındakı fərqi aradan qaldırmaqla, sabit, tarazlı inkişafa şərait yaratmışdır: son on illər ərzində bölgələrdə sahibkarlıq fəaliyyəti xeyli genişlənmişdir; regionlarda dünya standartlarına cavab verən istehsal müəssisələrinin yaradılması məşğulluq problemini əsasən həll etmişdir. Yeni iş yerlərinin açılması, əhalinin elektrik enerjisi, qaz, su ilə təchizatında, nəqliyyat-kommunikasiya sistemində uzun illərdən bəri mövcud olmuş problemlərin aradan qaldırılması vətəndaşlarımız tərəfindən müsbət dəyərləndirilməkdədir.

Yuxarıda göstərilənlər bir daha təsdiq edir ki, Azərbaycan Respublikası dayanıqlı dövlət institutları və rəqabətqabiliyyətli, güclü iqtisadiyyata malik demokratik dövlət kimi özünü sübut etmişdir. Ölkəmiz dünyanın ticari-iqtisadi sisteminə dərin inteqrasiya etməklə özünü həm də etibarlı tərəfdaş kimi göstərə bilmişdir.

Ölkəmizdə həyata keçirilən siyasi və iqtisadi islahatların ən mühüm elementlərindən biri də onların aşkarlıq şəraitində reallaşdırılmasıdır. Dünya təcrübəsi göstərir ki, aşkarlıq özü ilə tərəqqi gətirirsə, qapalılıq mütləq tənəzzül ilə nəticələnir. Heç də təsadüfi deyildir ki, Partiyamızın Sədri, Azərbaycan Prezidenti cənab İlham Əliyevin siyasətində aşkarlıq və şəffaflıq amilinə xüsusi diqqət yetirilir və bu prinsipə əməl olunması hər bir rəhbər işçinin, məmurun və Partiya üzvünün ümdə vəzifəsi hesab edilir.

Eyni zamanda ölkəmizdə şəffaflığın artırılması investisiya cəlbediciliyinin yüksəldilməsində mühüm rol oynamaqla iqtisadiyyatımızın şaxələndirilməsi, davamlılığının möhkəmləndirilməsi və rəqabətin artırılması nöqteyi-nəzərindən böyük əhəmiyyət kəsb edir ki, bu da Böyük Qayıdış dönəmində çox vacibdir. Çox səciyyəvidir ki, şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə Azərbaycan Respublikasının dövlət quruculuğu siyasətində daim diqqət mərkəzində saxlanılan məsələlərdən biri olmuş, bu istiqamətdə bir sıra mühüm normativ-hüquqi aktlar qəbul edilmişdir.

Ölkə iqtisadiyyatında yüksək şəffaflığa nail olunmasının istiqamətlərindən biri kimi beynəlxalq standartların tətbiqi zərurəti xüsusi qeyd olunmalıdır. Bu zaman beynəlxalq standartlar dedikdə, istər Maliyyə Hesabatlarının Beynəlxalq Standartları və Beynəlxalq Audit Standartları, istərsə də beynəlxalq nəzarət prosedur və qaydaları əhatə olunmalıdır. Bütün bunlar möhtərəm Prezidentimizin diqqətində olan və təxirəsalınmaz həllini gözləyən məsələlərdir.

Ölkəmizin sosial-iqtisadi inkişafının mühüm bir istiqamətini də regionların inkişafı təşkil etmişdir. Artıq Azərbaycanda urbanizasiyanın yeni növü təşəkkül tapmaqdadır ki, bu da Böyük Qayıdışla əlaqədar işğaldan azad olunmuş ərazilərimizin məskunlaşmasında özünü büruzə verir. Bu baxımdan, kənd ərazilərinin inkişaf strategiyası, kənd təsərrüfatının və ümumilikdə kəndin modernizasiyasının sürətli tərəqqisi, "ağıllı kənd" və şəhərlərin yaradılması, ərzaq məhsulları ilə özünü təminat sahəsində əldə edilən uğurlar, yeni texnologiyaların tətbiqi, mövcud torpaq sahələrinin səmərəli istifadəsi, gələcəkdə ərzaq təminatının daha yüksək səviyyədə həll olunması üçün zəmin yaradır.

Cənab İlham Əliyev xarici aləmlə də balanslaşdırmanı qoruyub saxlamış, heç bir dövlətin və ya alyansın təsiri altına düşməmiş, yaxud onlara qollarını geniş açmamış, eyni zamanda, ölkəsinə düşmənlər də qazandırmamışdır.

Diqqət mərkəzində saxlanılan məsələlərdən biri də innovasiya növlü dövlət quruculuğu, innovasiyaların hesabına inkişafın stimullaşdırılması, dövlətin elmi-texniki gücünün artırılması istiqamətində görülən tədbirlər təşkil etmişdir ki, bu sahədə də YAP üzvləri öz layiqli töhfəsini vermişdirlər.

Bu baxımdan, iqtisadiyyatın transformasiyası və rəqəmsal iqtisadiyyatın inkişafı ilə bağlı həyata keçirilən tədbirlər təqdirəlayiqdir. Bütün bunlar barədə son illərdə keçirilmiş dünya Davos Forumunun materiallarında geniş məlumat verilmişdir. Biz isə təkcə onu qeyd edirik ki, artıq bir reallıqdır ki, yaxın onilliklərdə qabaqcıl texnologiyaların və süni intellektin üstünlüklərindən istifadə hər bir ölkənin sürətli və dayanıqlı inkişafının əsasını təşkil edəcəkdir.

Milli iqtisadi müstəqilliklə dünyəvi proses olan qloballaşma arasında optimal uzlaşmanın əldə olunması məhz Azərbaycanın iqtisadi inkişaf modelinin uğurlarından biri kimi mühüm əhəmiyyət kəsb edir.

Respublikamızda dövlət və vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın yeni bir yardım, dəstək müstəvisində inkişafı və onun konturlarının müəyyənləşdirilməsi məqsədilə ölkə Prezidentinin 27 iyul 2007-ci il tarixli sərəncamı ilə "Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası" təsdiq edilib. Konsepsiyada QHT-lərə dövlət dəstəyinin əsas prinsip və formaları, prioritet sahələri, bu dəstəyin təmin edilməsinin əsas vasitələri, onlara maliyyə yardımının şərtləri ilə bağlı məsələlər əksini tapıb. Sənəddə QHT-lərin ölkənin sosial, iqtisadi, siyasi və mədəni həyatında fəal iştirakının təmin edilməsi baxımından onlara dövlət dəstəyinin formaları müəyyən edilib. Bu formalar vasitəsilə respublikada QHT-lərə dövlət tərəfindən göstərilən müxtəlif xarakterli və məzmunlu yardımların istiqamətləri konkretləşdirilib.

Bütün bu məsələlər onu deməyə əsas verir ki, möhtərəm Prezidentimiz tərəfindən ölkəmizdə uğurla həyata keçirilən islahatlar nəticəsində vətəndaş cəmiyyətləri və siyasi partiyaların hərtərəfli fəaliyyətinə də xüsusi diqqət yetirilir.

Ölkəmizdə uğurla həyata keçirilən iqtisadi islahatlarla bərabər, struktur islahatları xüsusi vurğulanmalıdır. Belə ki, Azərbaycan Respublikasının Prezidenti Administrasiyasında son illərdə yaradılmış Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi tərəfindən ölkənin siyasi həyatı üçün mühüm olan məsələlər, siyasi partiyaların fəaliyyəti, siyasi mühit, parlamentarizm ənənələri, qonşu ölkələrin Azərbaycanın daxili siyasətinə yönəlmiş addımları mütəmadi təhlil edilir, siyasi proseslər proqnozlaşdırılır, dövlətin görəcəyi adekvat tədbirlərlə bağlı təkliflər hazırlanır, qanunvericilik hakimiyyəti ilə icra hakimiyyəti arasında əlaqələrin və qanunvericilik prosesinin tənzimlənməsinə, eləcə də siyasi partiyalar haqqında qanunvericiliyin tələblərinə əməl olunmasına, siyasi işin daha təkmil qurulmasına, bu sahədə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinin əlaqələndirilməsinə nəzarət edilir.

Ölkə ictimaiyyəti Prezident İlham Əliyevin milli və siyasi həmrəyliyə xidmət edən təşəbbüslərinin şahididir. Prezident İlham Əliyev gələcəkdə çoxpartiyalı idarəçilik sisteminin oturuşması üçün iqtidar komandasının iradəsi olduğunu və parlamentin də bu istiqamətdə hüquqi baza yaratmalı olduğunu vurğulayaraq demişdir: "Prezident Administrasiyasının nümayəndələri son vaxtlar, demək olar ki, bütün siyasi qüvvələrin rəhbərləri ilə görüşlər keçirir. Mənə bu görüşlər haqqında müntəzəm olaraq məruzə edilir. İndiki genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar mütləq aparılmalıdır. Siyasi islahatlar partiyalararası geniş dialoq olmadan həyata keçirilə bilməz... Azərbaycanın yeni siyasi konfiqurasiyası formalaşır. Qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılacaq və Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaq".

Bizim üzərimizə bir vətəndaş olaraq düşən vəzifələr ondan ibarət olmalıdır ki, Azərbaycan Prezidenti, YAP-ın sədri İlham Əliyevin Partiyanın VII Qurultayında geniş, dərin məzmunlu və proqram xarakterli gələcək fəaliyyətlə bağlı istiqamətlər və konturlar üzrə həyata keçiriləcək işlərdə çox yaxından iştirak edək və bu istiqamətdə ölkəmizin iqtisadi qüdrətinin daha da möhkəmləndirilməsinə öz xüsusi töhfəmizi verək.

Yeni Azərbaycan Partiyası ötən 30 il ərzində böyük inkişaf yolu keçib və bir çox uğurlara imza atıb. Bütün bunlar deməyə əsas verir ki, ümumxalq partiyası YAP-ın fəaliyyəti qarşıdakı dövrdə də Azərbaycanın inkişafına xidmət edəcək.

Bir sözlə, bu gün ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan xalqına bəxş etdiyi uğurlarla, müstəqilliyimizlə, dinamik inkişafımızla, qələbələrimizlə fəxr edir, çox sevinirik ki, ulu öndər Heydər Əliyevin ideyaları yaşayır və bu ideyalar Azərbaycan Prezidenti, Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev tərəfindən uğurla, cəsarətlə həyata keçirilir.

Fikrimi Yeni Azərbaycan Partiyasının yaradıcısı, ümummilli liderimiz Heydər Əliyevin ideyalarının reallaşmasında möhtərəm İlham Əliyevin ən yaxın silahdaşı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın fikri ilə tamamlamaq istərdim: "Azərbaycan üçün Heydər Əliyevin varlığı yalnız Tanrı payıdır".

Vahid NOVRUZOV,

Azərbaycan Respublikası

Auditorlar Palatasının sədri,

YAP Veteranlar Şurasının üzvü,

iqtisad elmləri doktoru, professor.