BMT-də akkreditə olunan xarici KİV nümayəndələri Ağdamda ermənilərin törətdiyi vəhşiliklərlə tanış olublar
Digər xəbərlər

BMT-də akkreditə olunan xarici KİV nümayəndələri Ağdamda ermənilərin törətdiyi vəhşiliklərlə tanış olublar

BMT-də akkreditə olunan xarici KİV nümayəndələri Ermənistanın işğalından azad olunmuş Ağdam şəhərinə səfər ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfərin məqsədi xarici KİV nümayəndələrini Ermənistan silahlı qüvvələrinin işğal zamanı Ağdam şəhərində törətdiyi vəhşiliklərlə, cinayət izləri ilə, həmçinin Ağdam işğaldan azad edildikdən sonra Azərbaycan dövləti tərəfindən aparılan tikinti-quruculuq işləri ilə tanış etmək olub.

Jurnalistlər əvvəlcə Ağdam rayonunun Sarıcalı kəndinə gəliblər. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı tərəfindən qonaqlara ermənilərin işğal zamanı törətdikləri vəhşiliklər barədə məlumat verilib. Bildirilib ki, təkcə Sarıcalı kəndi deyil, digər yaşayış məntəqələri də erməni barbarlığına məruz qalıb.

Media nümayəndələrinə, həmçinin Ermənistan tərəfindən ərazilərin minalarla çirkləndirilməsi, bu istiqamətdə aparılan təmizləmə işləri barədə məlumat verilib. Səfər iştirakçıları ərazidən tapılan minaların zərərsizləşdirilməsi prosesini izləyiblər.

Səfər çərçivəsində Ağdamda Ermənistan tərəfindən işğal dövründə dağıdılmış yaşayış binalarına, mülki obyektlərə, dini, mədəni və tarixi abidələrə, o cümlədən İmarət kompleksinə, Ağdam Cümə məscidinə, Şahbulaq qalasına, Dram teatrının binasının qalıqlarına və yerlə-yeksan edilmiş Şəhidlər xiyabanına baxış keçirilib.

Qonaqlara Ağdamın tarixi, indiki vəziyyəti, burada törədilən erməni faşizmi barədə ətraflı məlumat verilib. Bildirilib ki, Ermənistanın işğalına qədər Ağdam nəinki Qarabağ bölgəsinin, eləcə də respublikanın ən böyük, inkişaf etmiş şəhərlərindən idi. Burada sənaye və kənd təsərrüfatı inkişaf etmişdi. Ermənilər 1993-cü il iyulun 23-də Ağdamı işğal etdikdən sonra Ağdam şəhərində və rayonun kəndlərində evləri, ictimai binaları, məktəbləri, mədəniyyət ocaqlarını, uşaq bağçalarını, xəstəxanaları, istehsalat müəssisələrini talan edib, dağıdıb və yandırıblar. Ağdamda qəbiristanlıqlar, tarixi, mədəni abidələr də erməni vandalizminə məruz qalıb. Vaxtilə Azərbaycanın ən gözəl şəhərlərindən olan Ağdamın yerində indi talan edilərək viranəyə çevrilmiş xarabalıqlar qalıb.

Qonaqlar, həmçinin Ağdamda həyata keçiriləcək quruculuq işləri barədə də ətraflı məlumatlandırılıblar.

Ağdam Sənaye Parkına gələn KİV nümayəndələri ərazidə salınmış mobil tipli şəhərciklə və burada işçilər üçün yaradılan şəraitlə tanış olublar. Onlara Ağdam Sənaye Parkında görülmüş işlər, burada sahibkarlıq fəaliyyətinin inkişafı üçün yaradılan işgüzar mühit barədə məlumat verilib. Bildirilib ki, Sənaye Parkının prioritet istiqamətləri kimi tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservləri, ət və süd məhsulları, yem, gübrə istehsalı və emalı, eyni zamanda, xidmət sahələrinin, soyuducu kameraların və s. təşkili müəyyənləşdirilib.

AZƏRTAC