“Kəlbəcər” tankerinin istifadəyə verilməsi ölkənin tranzit potensialının artmasının təzahürüdür
İQTİSADİYYAT

“Kəlbəcər” tankerinin istifadəyə verilməsi ölkənin tranzit potensialının artmasının təzahürüdür

Son illərdə Azərbaycanda müşahidə olunan böyük dəyişikliklər, ölkədə aparılan modernləşmə uğurlu iqtisadi nailiyyətlərlə sıx şəkildə bağlıdır. Çünki ölkənin inkişaf modelində iqtisadi modernləşmə istehsalın artım tempinin əsas təminatçısı qismində çıxış edir. Milli iqtisadiyyatın struktur dəyişikliklərindən tutmuş yeni texnologiyaların tətbiqi, istehsal mədəniyyətinin artırılması, dünya iqtisadi sisteminə qovuşmağa imkan yaradan yeni sahələrin və istehsalların  meydana gəlməsinə qədər geniş spektri əhatə edən iqtisadi modernləşmə Azərbaycanın bazar iqtisadiyyatının əsaslarının bərqərar edilməsi prosesinin ümumi mənzərəsini tam dolğunluğu ilə əks etdirir.

Müasirləşmə strategiyasının mahiyyətində ölkədə həyata keçirilən infrastruktur siyasətinin xüsusi çəkisi nəzərəçarpan dərəcədə yüksəkdir. Hər şeydən əvvəl, bu, iqtisadi mühitin yaxşılaşdırılmasında, istehsal şəraitinin təkmilləşdirilməsində ifadə olunur.

Sənayeləşmə siyasətinə uyğun olaraq, həyata keçirilən tədbirlər nəticəsində  yeni inkişaf mərhələsinə qədəm qoymuş  ölkə sənayesində ənənəvi sahələr genişlənməklə yanaşı, kosmik, müdafiə, alternativ enerji,  gəmi istehsalı və digər yeni sənaye sahələri yaradılmış, yüzlərlə müasir istehsal və emal müəssisələri fəaliyyətə başlamışdır.

Bu gün Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının bütün sahələrinin inkişafı tam təmin olunur.  Belə ki, Azərbaycan strateji əhəmiyyətə malik məhsulları artıq özü istehsal edir.

Bu günlərdə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı gəmiqayırma zavodunda 2 il əvvəl tikintisinə başlanılan,  Prezident İlham Əliyevin təşəbbüsü ilə “Kəlbəcər” adlandırılan  neftdaşıyan tankeri istifadəyə verilib.

“Kəlbəcər” neftdaşıyan tankerin istifadəyə verilmə mərasimində iştirak edən Prezident İlham Əliyev  tankerin istifadəyə verilməsini bildirən rəmzi lenti kəsərək öz xeyir-duasını vermişdir.

Maraqlı məqam odur ki, Prezident İlham Əliyev bir müddət əvvəl işğaldan azad edilən Kəlbəcərdə üçrəngli  Azərbaycan bayrağını dalğalandırdı. İndi isə üçrəngli Azərbaycan bayrağı altında beynəlxalq sularda üzəcək “Kəlbəcər” neft tankerinin istismara verilməsi mərasimində iştirak edib. Bunun isə çox böyük rəmzi mənası var.

Qeyd edək ki, pandemiyanın dünya iqtisadiyyatına vurduğu ziyana baxmayaraq, iqtisadi-maliyyə böhranının yaratdığı çətinliklər fonunda Azərbaycanda dövlət başçısının düşünülmüş, məqsədyönlü siyasəti sayəsində bütün sahələrdə inkişaf yüksələn templə davam edir və heç bir layihə təxirə salınmır. Bakı gəmiqayırma zavodunda gəmilərin istehsalı, o cümlədən “Kəlbəcər” neftdaşıyan tankerinin də inşa olunaraq istismara verilməsi bunun əyani sübutudur. Şübhəsiz ki, bu cür mühüm əhəmiyyətə malik istehsalın ölkəmizdə təmin olunması iqtisadi qüdrətimizi və Azərbaycanda icra olunan böyük sosial-iqtisadi infrastruktur layihələrin ardıcıl şəkildə davam etməsini nümayiş etdirməklə gəmiçiliyin fəaliyyətinin şaxələndirilməsi ilə bağlı görülən işlərin həcmini aydın şəkildə göstərir.

Vurğulamaq lazımdır ki, son illərdə  Gəmiçiliyin Strateji İnkişaf Planına uyğun olaraq 18 gəmi istismara verilib.  Bu da ölkəmizin Xəzərdə aparıcı mövqeyinin qorunub saxlanılmasında, Azərbaycan ərazisindən artan tranzit yükdaşımalarına yaranan tələbatın ödənilməsində və dənizdə neft-qaz layihələrinin uğurla icrasında mühüm rol oynayır. Eyni zamanda, “Kəlbəcər” neftdaşıyan tankerinin inşası da yeni gəmilərin tikintisi və donanmaların yenilənməsi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərin tərkib hissəsidir.  Uzunluğu 141 metr, eni 16.9 metr olan “Kəlbəcər”  tankerinin daimi heyəti 15 nəfərdən ibarətdir. Dedveyti-yükgötürmə qabiliyyəti 7.800 ton olan tankerdə dünyanın aparıcı şirkətlərinin avadanlıqları quraşdırılıb. Tankerin texniki göstəriciləri, xüsusilə suya oturumu digərləri ilə müqayisədə maksimum yük götürməklə Xəzər hövzəsində nisbətən dayaz limanlara daxil olmağa və Xəzərdən kənara yük daşımasına imkan yaradır.

Onu da qeyd edək ki, yeni istifadəyə verilən  “Kəlbəcər” tankeri Bakı gəmiqayırma zavodunun 2019-cu ildə təhvil verdiyi özünəməxsusluğu ilə seçilən və hazırda Qara dəniz-Aralıq dənizi hövzələrində üzən “Laçın” tankeri ilə eyni tiplidir. Bu tip 4 tanker sifariş verilib ki, hazırda yerli mütəxəssislər tərəfindən ikisinin tikintisi davam etdirilir. Ümumilikdə,  zavoda 10 yeni gəminin tikintisi ilə bağlı sifariş verilib ki, onların da artıq altısının, o cümlədən 1 yedək, 3 sərnişin, 1 Ro-Pax tipli gəmi-bərənin və 1 tankerin tikintisi başa çatdırılaraq istismara verilib. Hazırda daha 2 neft tankeri ilə yanaşı, Ro-Pax tipli bir gəmi-bərənin inşası davam etdirilir. Gəmilərin tikintisi əsasən Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin mənfəəti hesabına maliyyələşir. Bu da yerli gəmi tikintisi sənayesinin inkişafına töhfə verir. Həmçinin Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin donanmasında gəmilərin sayının artması dənizçilər üçün yeni iş yerlərinin açılması baxımından da önəmlidir.

Hazırda Qara dəniz və Aralıq dənizi hövzələrində  Azərbaycan bayrağı altında 8 quru yük gəmisi və 3 tanker olmaqla, 11 gəmi istismar olunur. Heyətləri yalnız yerli mütəxəssislərdən ibarət olan bu gəmilər tanınmış dövlət-mədəniyyət xadimlərimizin, rayon və şəhərlərimizin adlarını daşıyır. Bu ilin sonunadək “Prezident Heydər Əliyev”, “Kəlbəcər” və “Şuşa” tankerlərinin də Xəzərdən kənarda, o cümlədən Baltik və Şimal dənizlərinə çıxışı təmin olunacaq. 

Bu gün Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Xəzər dənizində yeganə bərə operatorudur. Qurumun bərələri Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşıma zəncirinin mühüm həlqəsi olmaqla, Xəzərin Şərq və Qərb sahillərindəki dəmir yollarını dəniz üzərində birləşdirir, Azərbaycan ərazisindən tranzit yüklərin daşınmasına, ölkənin əlverişli coğrafi mövqeyi və tranzit potensialının reallaşdırılmasına xidmət edir.

Tarixi inkişaf yolu keçən dəniz nəqliyyatı bütün zamanlarda öz əhəmiyyətini saxlayıb. Belə ki, 1995-ci ilin may ayında BMT-nin nüfuzlu orqanı olan Beynəlxalq Dəniz Təşkilatına tam səlahiyyətli üzv qəbul olunub. Ölkəmiz Beynəlxalq Dəniz Təşkilatına üzv olduğu tarixdən etibarən dəniz nəqliyyatı sahəsində 20-dən çox beynəlxalq konvensiya və protokola qoşulub. Xəzəryanı ölkələrdə ilk dəfə olaraq Azərbaycanda yaradılan, ən son naviqasiya və müşahidə avadanlıqları ilə təchiz edilən Dövlət  Dəniz Administrasiyasının Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi də uğurla fəaliyyət göstərir.

Əminliklə deyə bilərik ki, əlverişli geostrateji mövqeyə malik Azərbaycanın tranzit potensialının artmasına yönələn ulu öndər Heydər Əliyevin strateji kursunu Prezident cənab İlham Əliyev uğurla davam etdirir. Ölkə iqtisadiyyatının qlobal böhran fonunda belə inkişaf nümayiş etdirməsi nüfuzlu beynəlxalq qurumlar tərəfindən də yüksək qiymətləndirilir. Dünyanın ən böyük beyin mərkəzlərindən biri olan İrs Fondu tərəfindən hazırlanan “İqtisadi Azadlıq İndeksi-2021” hesabatında Azərbaycanın 6 pillə irəliləyərək 172 ölkə arasında 38-ci yerdə qərarlaşması ölkəmizdə iqtisadi islahatların düzgün yönümdə aparıldığını bir daha təsdiqləyir. İnanırıq ki, irəlidəki bir çox böyük perspektivlər də zaman-zaman gerçəkliyə çevriləcək və ölkəmiz dünyanın bugünü və gələcəyinə mühüm töhfələr verəcək.

Nurəngiz ADİLQIZI,

“Respublika”.