Professor Fərrux Rüstəmov: Təhsil infrastrukturunun inkişafı Heydər Əliyev Fondunun strateji fəaliyyət sahəsidir
MÜSAHİBƏLƏR

Professor Fərrux Rüstəmov: Təhsil infrastrukturunun inkişafı Heydər Əliyev Fondunun strateji fəaliyyət sahəsidir

Azərbaycanda sosial-iqtisadi, elmi-mədəni inkişafın hədəfləri təhsilin beynəlxalq rəqabətə davamlılıq göstəricilərindən birbaşa asılıdır. Ona görə də ölkəmizdə neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində sistemli və məqsədyönlü iş aparılır. Çünki insanın ömür boyu təhsil almaq tələbatının ödənilməsi təhsilin iqtisadi həyatda rolunu əhəmiyyətli dərəcədə artırıb. Prezident İlham Əliyevin məqsədyönlü və ardıcıl dövlət siyasəti nəticəsində təhsil sahəsində aparılan islahatların vahid konsepsiyası, aydın strategiyası və konkret dövlət proqramı hazırlanıb, normativ-hüquqi baza təkmilləşdirilib, təhsilin bütün pillə və səviyyələrində infrastrukturun dövrün tələbləri səviyyəsində qurulması istiqamətində mühüm işlər görülüb, uğurlu layihələr həyata keçirilib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai təhsil fakültəsinin dekanı pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi Fərrux Rüstəmov söyləyib. Professor bildirib ki, “Yenilşən Azərbaycana yeni məktəb” layihəsi Heydər Əliyev Fondu tərəfindən 2005-ci ildən uğurla həyata keçirilən genişmiqyaslı layihədir. Bu layihəni Fondun prezidenti Mehriban Əliyevanın Azərbaycanda təhsilin inkişafına göstərdiyi yüksək qayğının təzahürü kimi dəyərləndirmək olar. Son 17 ildə Azərbaycanda 3700-ə qədər yeni məktəb binası tikilib və ya əsaslı şəkildə təmir edilib, modul tipli məktəblərin tikintisi böyük vüsət alıb. Bu gün hətta ən ucqar dağ kəndlərində müasir tələblərə cavab verən yeni məktəb binaları istifadəyə verilib. Əksəriyyətinin tikintisini Heydər Əliyev Fondunun həyata keçirdiyi bu məktəblər 1 milyondan çox şagirdin təlim şəraitini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Bununla yanaşı, sürətlə modernləşən respublikamızda təhsilin insan kapitalının inkişafı çağırışlarına cavab verməsi, ölkədə insan kapitalının davamlı inkişafı üçün şəraitin yaradılması, müasir düşüncəyə, yeni təhsil-tərbiyə texnologiyasına, mənəvi-əxlaqi saflığa, yüksək peşə-ixtisas hazırlığına, akademik bacarığı, tədris təcrübəsi və peşəkarlıq səviyyəsinə malik pedaqoji kadr hazırlığını həyata keçirmək məqsədilə Prezident İlham Əliyevin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” təsdiq edilib.

“Son illərdə dövlətin siyasətinin prioritet istiqamətlərindən biri olan təhsilin məzmunu yeniləşdirilib, yeni dərslik siyasəti reallaşdırılıb, təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsinin yeni modeli tətbiq edilib, təhsil müəssisələrinin böyük əksəriyyəti informasiya-kommunikasiya texnologiyaları ilə təmin edilib, təhsil sisteminin informasiyalaşdırılması, xaricdə təhsil və beynəlxalq əlaqələrin genişləndirilməsi sahəsində uğurlu addımlar atılıb. Təhsil infrastrukturunun yenilənməsi istiqamətində işlər hətta pandemiya dövründə davam etdirilib. Azərbaycanda “Uşaq evləri və internat məktəblərinin inkişafı”, “Təhsilə dəstək”, “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramları çərçivəsində ölkəmizdə təhsil infrastrukturunun müasir standartlar səviyyəsində yenidən qurulmasında Heydər Əliyev Fondunun müstəsna xidmətləri var”,- deyə Fərrux Rüstəmov qeyd edib.

AZƏRTAC