Türkiyədə baş vermiş  dəhşətli zəlzələlər
Digər xəbərlər

Türkiyədə baş vermiş  dəhşətli zəlzələlər

Zəlzələ yığılmış enerjinin sərbəst şəkildə havaya çıxması zamanı yer qabığının qırılması nəticəsində baş verir. Tarix boyu dünyanın müxtəlif ölkələrində çoxlu təbiət hadisələrinin baş verdiyi məlumdur. Fəlakət kimi ifadə edilən bu hadisələr şiddətindən asılı olaraq can və maddi ziyana səbəb olur. Zəlzələ zamanı dərinliklərdə əmələ gələn çatları birbaşa görmək mümkün olmadığı üçün səthin sahəsi dolayı yolla təxmin edilir. Zəlzələnin miqyası haqqında isə yaratdığı təsirləri araşdıraraq təsəvvür əldə etmək mümkündür. Yer qabığındakı bu dalğalanmaları ölçmək üçün seysmometr adlanan cihazlardan istifadə edilir. Zəlzələlər gücündən asılı olaraq bir-birindən fərqlənir və 12 ballıq şkala ilə ölçülür.

Osmanlı dövründə qeydə alınmış ilk zəlzələ 1509-cu ildə baş vermiş İstanbul zəlzələsidir. 1509-1560-cı illərdə İstanbulda baş vermiş zəlzələlər nəticəsində 109 məscid, 1070 ev dağılmış, 13000 nəfərdən çox insan həyatını itirmişdir. Bir çox məscidlər, mədrəsələr, xəstəxanalar, saraylar xarabalığa çevrilmiş, Karaman rayonu tamamilə yerlə-yeksan olmuşdur. Zəlzələ Ədirnədə də böyük dağıntılar və insan tələfatı ilə nəticələnmişdir. "Kıyamet-i Suğra" adı ilə tanınan zəlzələ böyük dağıdıcı təsirə malik olmuşdur. 1719 və 1766-cı illərdə isə İstanbulda iki böyük zəlzələ qeydə alınmışdır. Daha bir dağıdıcı gücə malik zəlzələ - İstanbul zəlzələsi 10 iyul 1894-cü ildə İzmit körfəzinin Çınarcık hövzəsində baş vermişdir. Zəlzələnin səth dalğasının 7 bal gücündə olduğu təxmin edilir. İzmit körfəzi ətrafında Yalova, Sapanca, Adapazarı və İstanbulda 1349 nəfərin öldüyü təxmin edilir. Zəlzələ 1,5 metr hündürlüyündə sunami əmələ gətirmişdir. 1894-cü il zəlzələsinin səbəbi Çınarcık hövzəsini məhdudlaşdıran qırılmanın ehtimal edilən hərəkəti, digər bir ehtimal isə Çınarcık fayının şimalında və adaların cənubunda yerləşən qırılma hissəsinin hərəkətidir. İstanbul zəlzələsindən sonra İstanbul divarları zədələnmiş, zəlzələdə Yalova, Sapanca və Adabazarında 83, İstanbulda təxminən 276, bölgədə isə 990 nəfər həyatını itirmişdir. Mərmərə sahillərində dənizin əvvəlcə 200 metr çəkildiyi, ardınca şiddətli dalğaların gəldiyi, sahildəki qayıqların sındığı bildirilir. Qapalı Çarşıda bəzi divarlar və günbəzlər uçmuş, Bit bazarı, Yeniçəri bazarı, Bodrum və Kellekəsən kompleksləri dağılmış, Uzunçarşı, Taxtaqala xarabalığa çevrilmişdir, Gedikpaşa, Kadırqa, Qumqapı, Yeniqapı, Lanqa və Samatyada yüzlərlə ev dağılmış, Ədirnəqapıdakı Mihrimah Sultan və Kariyə məscidlərinin minarələri məhv olmuş, Nuruosmaniyənin girişi uçmuş, adalara və Heybeliadadakı Rum Pravoslav Seminariyası da daxil olmaqla bir çox binalara ciddi ziyan dəymişdir.

İstanbul zəlzələri ilə yanaşı, digər regionlarda da dağıdıcı gücə malik yeraltı təkanlar qeydə alınmışdır. 1559-cu ildə Əskişəhər Mihaliç-Kirmastı zəlzələsi, 1560-cı ildə Üsküp zəlzələsi, 1568-ci ildə Dənizli zəlzələsi, 1571-ci ildə Yanya-Görice-Ahona zəlzələsi, 1574-cü ildə Silistra zəlzələsi, 1577-ci ildə Balıkesir zəlzələsi, 1577-ci ildə Ayamavra zəlzələsi, 1579-cu ildə Çorum-Amasya zəlzələsi, 1579-cu ildə Ərzincan zəlzələsi və s, 1674-cü ildə Bursada baş verən zəlzələlərin Rixter cədvəli ilə 7 bal gücündə olduğu təxmin edilmişdir. 1688-ci ildə isə İzmirdə baş verən zəlzələdə evlərin dörddə üçünün dağıldığı, on beş-on altı min adamın həyatını itirdiyi bildirilmişdir.

Osmanlı imperatorluğunun müxtəlif bölgələrində baş verən zəlzələlər arasında ən çox zərərçəkmiş ərazilər Çorum və Amasya sancaqları olmuşdur. Bu gün də Çorum və Amasya sancaqları birinci dərəcəli zəlzələ zonası hesab olunur. Bölgə fay xəttində yerləşdiyi üçün burada müxtəlif tarixlərdə dağıdıcı zəlzələlər qeydə alınmışdır. Bölgədə aşkar edilən ilk güclü zəlzələ isə 1520-ci ildə baş verib. Bu zəlzələdə iki məhəllənin dağıldığı bildirilir. 1794-cü il iyulun 18-də Çorum və Amasyaya təsir edən dağıdıcı zəlzələ baş verdi. Vurduğu ziyana görə zəlzələnin mərkəzinin Çorumda olduğu ehtimal edilir. İntensivlik paylanması modelləşdirməsi ilə müəyyən edilmişdir ki, bu zəlzələ Əlicik-Laçın qırağında baş vermiş qırılmanın uzunluğundan asılı olaraq maksimum 6,7-6,8 bal gücündə olan zəlzələyə uyğun gəlir. Geniş ərazini əhatə edən zəlzələ Çorum, Amasya, Havza, Hacı Həmzə və Hendekdə hiss olunmuş, nəticədə bəzi məscidlər, qalalar, hamamlar dağılmışdır. Həmçinin bəzi evlərin dağıldığı, bəzilərinin isə yararsız hala düşdüyü qeyd olunmuşdur. Bölgədə yaşayan insanların bir qismi qarşılaşdıqları çətinliklər və ehtiyaclarını ödəyə bilmədikləri səbəbindən Qahirəyə və Misirə köçmüşlər. Mənbələrdə bölgəni tərk edənlərin sayı səkkiz yüz nəfər göstərilir.

29 aprel 1903-cü ildə Muş vilayətinin Malazgirt mahalında 6,7 bal gücündə qeydə alınan zəlzələ Boğaziçi Universiteti Kandilli Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutunun məlumatına görə 600 nəfərin həyatını itirməsi və 450 binanın dağılması ilə nəcilənmişdir. 4 oktyabr 1914-cü ildə episentri Burdur vilayətinin Halıcılar (Sala) kəndi olan və Rixter cədvəli ilə 7,1 bal gücündə baş verən zəlzələ Burdur və qonşusu İspartaya böyük təsir göstərmişdir. Rəsmi məlumatlara görə, əyalətdəki tikililərin əksəriyyəti dağılmış, Burdur Şəhər Mərkəzində 501 nəfər, kəndlərində 156 nəfər və ümumilikdə 657 nəfər dağıntılar altında qalmışdır.

Nurlan ABDALOV,

"Respublika".