100 yaşlı Ağdam teatrı
Mədəniyyət

100 yaşlı Ağdam teatrı

XX əsrin sonlarında Azərbaycana fəlakət kimi gələn qaçqınlıq, köçkünlük həyatı təkcə insanlara deyil, bütün infrastruktur və iaşə obyektlərinə də yetəri qədər zərbə vurmuşdu. Ermənistanın torpaqlarımızı işğal etdiyi zaman Ağdam rayonu ilə yanaşı, Ağdam Dövlət Dram Teatrının da taleyinə köçkünlük həyatı yazılmışdı. Əbdürrəhim bəy Haqverdiyevin yadigarı olan bu sənət ocağı ötən illər ərzində böyük sınaq və çətinliklərdən keçmiş, yalnız ümidini itirməmişdi. Bu il, Ağdam Dövlət Dram Teatrının 100 yaşı tamam olur. Elə bu məqsədlə də sənət ocağının hazırkı vəziyyəti və fəaliyyəti ilə maraqlandıq.

Teatrın 100 illik yubileyi ərəfəsində suallarımızı bu mədəniyyət ocağının direktoru Məhəmməd Hüseynova ünvanladıq.

- Ağdam teatrının işğala qədər fəaliyyəti haqqında məlumat verməyinizi istərdik?

- Ağdam Dövlət Dram Teatrı Qarabağ bölgəsinin ən qədim tarixə malik teatrıdır. 1902-ci ildə böyük ədibimiz Əbdürrəhim bəy Haqverdiyev və yerli ziyalıların köməkliyi ilə dram dərnəkləri təşkil edilib. İlk tamaşa isə 1910-cu ildə Ə.B.Haqverdiyevin "Dağılan tifaq" və Mirzə Fətəli Axundovun "Sərgüzəşti-vəziri-xani-Lənkəran" əsərləri teatrın səhnəsində oynanılıb. 1923-cü ildə isə teatra Dövlət Teatrı statusu verilib. Həmin tarixə əsasən də bu il teatrımızın 100 illik yubileyidir. 1948-ci ilə kimi demək olar ki, teatr məhsuldar fəaliyyət göstərib. 1941-1945-cı il müharibəsi zamanı Ağdam teatrının arxa cəbhədə apardığı böyük ideoloji işə görə, heç bir əməkdaşı cəbhəyə aparılmayıb. 1948-cı ildə təəssüflər ki, bir çox teatrlar kimi Ağdam teatrının da fəaliyyəti dayandırılıb. 1968-ci ilə qədər isə xalq teatrı kimi fəaliyyət göstərib. Həmin dövrdə teatrda hətta opera tamaşaları da hazırlanıb, Üzeyir Hacıbəyovun "Əsli və Kərəm", "Leyli və Məcnun" əsərləri tamaşaya qoyulub. Görkəmli sənətkar - xalq artisti Arif Babayev Ağdam xalq teatrında "Əsli və Kərəm" operasında Kərəm, "Leyli və Məcnun" operasında isə Məcnun rolunu oynayıb. 1968-cı ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Sumqayıt və Mingəçevir şəhərlərində dövlət dram teatrlarının açılması və Ağdam Dram Teatrının fəaliyyətinin bərpa edilməsi haqqında qərar qəbul edilib. Qərara əsasən, 1968-ci ilin mart ayında adıçəkilən teatrlarla bərabər bizim teatr da öz fəaliyyətinə davam edib. 1970-ci illər Ağdam teatrının qızıl dövrü adlandırılır. Həmin dövrdə Avropa klassiklərinin Azərbaycan dramaturqlarının əsərləri teatrın repertuarına daxil edilib. Cəfər Cabbarlının, Mirzə Fətəli Axundovun bütün əsərləri, Anarın "Şəhərin yay günləri", Süleyman Sani Axundovun, Nəcəf bəy Vəzirovun əsərləri teatrın səhnəsində canlandırılıb.

Ağdam teatrı öz binası ilə də digərlərindən fərqlənirdi. Teatrın böyük tamaşa zalı, geniş məşq otaqları var idi. İstirahət günlərindən başqa gün ərzində iki tamaşa oynanılırdı. Gündüz tamaşaları əsasən məktəblilər, axşam isə şəhər sakinləri üçün nəzərdə tutulurdu. Onu da deyim ki, ağdamlılar olduqca teatrsevərdirlər. Məsələn, Kamyunun "Ana" əsərinə baxmaq üçün şəhər əhalisi teatra axın edirdi. O dövrdə teatrın zəngin kollektivi var idi. Quruluşçu rejissor görkəmli ziyalı, əməkdar artist Heydər Şəmsizadə idi.

- Ermənistanın Ağdam şəhərini işğal etməsi nəticəsində teatr da yerindən-yurdundan didərgin düşüb. O günləri neçə xatırlayırsınız?

- Ağdam işğal ediləndə təbii ki, teatr kollektivi də ölkənin müxtəlif bölgələrinə didərgin düşdü. Pərakəndə şəkildə ölkənin müxtəlif yerlərində məskunlaşan bir sıra işçilərimiz elə orada da dünyalarını dəyişdilər. Bir müddət sonra teatrın bir qrup aktyoru yenidən teatrın işini bərpa etdilər, teatrı yaşatdılar. Əvvəlcə Bərdədə yarımtikili bir binada teatrın fəaliyyətini davam etdirdik, itib-batmağa qoymadıq. Çox çətinliklər yaşadıq. Mən onların hamısının adını böyük qürur və iftixar hissi ilə çəkirəm. Fəquma Yusifova, Aida Qasımova, Əməkdar artistlər Cəmilə Məmmədzadə. Daha sonra gənc nəslin nümayəndələri də teatra böyük maraqla gəldilər. Kərim Həsənov hazırda teatrın baş rejissorudur, mərhum Suliddin Quliyev, Nizami Əsgərov teatrı yaşadan aktyorlar olublar. Baxmayaraq ki, çox şəraitsiz və bərbad bir binada yerləşirdik, mütəmadi olaraq tamaşalar hazırlanırdı. Müharibənin ən qızğın vaxtlarında səngərlərdə döyüşçülərin qarşısında səhnəciklərlə çıxış edirdik. Onu da qeyd edim ki, Ağdam teatrı yeganə teatrdır ki, aktyoru döyüş meydanında əsgər kimi döyüşərək şəhid olub. Vüqar Əsgərovu bu gün böyük hörmət və ehtiramla anırıq. Daha bir əməkdaşımız, teatrın baş rejissoru Elxan Mikayılov da Birinci Qarabağ müharibəsində döyüşüb və aldığı zədələrdən illər sonra dünyasını dəyişib. Yeri gəlmişkən, mən də Birinci Qarabağ müharibəsi başlanan ilk gündən Azərbaycan Ordusunun zabiti kimi atəşkəs əldə olunana kimi cəbhədə döyüşmüşəm. 

- Bərdədə, daha sonra Quzanlı qəsəbəsində məskunlaşmısınız. Hansı çətinliklərlə üzləşdiniz?

- Dediyim kimi, əvvəlcə Bərdədə çox çətin və bərbad şəraitdə fəaliyyət göstərmişik. Repertuarda təsdiq olunmuş nə qədər əsər və tamaşalar olubsa, hamısını oynamışıq. 2011-ci ildən isə Quzanlı qəsəbəsində olan mədəniyyət evini əsaslı təmir edərək Ağdam Dövlət Dram Teatrına verdilər. Həmin gündən indiyə kimi teatrımız Quzanlı Mədəniyyət sarayında fəaliyyət göstərir. Artıq həmin bina teatra aiddir. Bu gün səhnəmiz çox böyük, geniş olmasa da, teatrın fəaliyyət göstərməsi üçün zəngin texniki bazası var. Ölkədə keçirilən bütün teatr müsabiqələrində iştirak edirik. Bu il teatrımızın yüz illiyi çərçivəsində keçirilən tədbirlərə əsasən 2 dəfə Bakı şəhərində qastrol səfərində olmuşuq. Klassik əsərlərdən Nəcəf bəy Vəzirovun "Ağa Kərim bəy Ərdəbilli" tamaşası və Nadir Qədimlinin Qarabağ hadisələrinə həsr olunmuş "Şuşadan gələn səs" əsərini oynamışıq. Bundan başqa, teatrımız keçən il qardaş Türkiyə Cümhuriyyətinin Ankara şəhərində Uluslararası Teatr Festivalında iştirak edərək diplomlara layiq görülüb. Ayın iki gününü məhz hərbçilər günü elan etmişik. Həmin günlərdə hərbçilər üçün təmənnasız tamaşalar oynanılır. Repertuarımızın əksər tamaşaları əsasən hərbi-vətənpərvərlik və Qarabağ hadisələrinə həsr edilmiş tamaşalar olur. Sevinc Elsevərin "Ürəyində arzu tut", Hüseybala Mirələmovun "Xəcalət", Nadir Qədimlinin "Günahsızlar" və Əməkdar artist Novruz Cəfərovun "Mən ölməyəcəm" əsərini hazırlamışıq. Hazırda isə iki tamaşa üzərində məşqlər gedir. 

- Doğma ocağın bir addımlığında yurd həsrəti çəkmək çətin deyil ki?

- Əlbəttə ki, çox ağır bir hissdir. Bilirsiniz, Ağdam teatrının dağıdılmış binasını görən xarici jurnalistlər çox sual verirdilər ki, doğrudan bu, teatrın binasıdır? Görün düşmən teatr binasını nə günə salıb. Hətta faşist Almaniyası belə mədəniyyət ocaqlarına, teatra güllə atmayıb. Bunlar isə sözün həqiqi mənasında vəhşi, vandal varlıqlardırlar. Bu, bizə göz dağı, ürək yarası idi. İndi bir tamaşanı teatrın dağılmış binasının yerində oynamağı planlaşdırırıq. Deyilənə görə, ermənilər tərəfindən dağıdılan teatr binası olduğu kimi də saxlanılaraq, gələcək nəsillərə erməni vəhşiliyinin nümunəsi kimi göstəriləcək.

Ümidlərimiz, arzularımız böyükdür. Sevincimizin isə həddi-hüdudu yoxdur. Bizə bu hissi bəxş edən Azərbaycan oğulları, Ali Baş Komandan böyük qələbə ilə tarix yazdılar. Dünyanı heyrətə salan döyüş nümayiş etdirdilər. Bu, hərb tarixinə yazılmış bir şərəfli səhifədir. Azərbaycan oğulları təkcə erməniləri deyil, bütün ermənipərəst ideologiyanı məhv etdilər. Hazırda Ağdam da daxil olmaqla azad edilən torpaqlarda böyük tikinti işləri gedir. Ağdam da böyük mədəniyyət mərkəzi tikiləcək və teatr, digər mədəniyyət idarələri orada cəmləşəcək.

- Məhəmməd müəllim, maraqlı müsahibə üçün təşəkkür edirəm.

Ramidə YAQUBQIZI,

"Respublika".