“Finmarket” : Azərbaycan, Özbəkistan və Qazaxıstan enerji sistemlərini birləşdirmək niyyətindədirlər
İqtisadiyyat

“Finmarket” : Azərbaycan, Özbəkistan və Qazaxıstan enerji sistemlərini birləşdirmək niyyətindədirlər

“Finmarket” yazır ki, Azərbaycan, Özbəkistan və Qazaxıstanın müvafiq nazirliklərinin rəhbərlərinin “yaşıl enerji”nin Azərbaycan ərazisindən keçməklə Avropaya ixracı mövzusunda ikinci görüşü keçirilib. Özbəkistanda keçirilən görüşdə “Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu” imzalanıb. Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və energetika naziri Pərviz Şahbazovun Özbəkistana səfəri çərçivəsində bu ölkənin investisiya, sənaye və ticarət naziri Laziz Kudratov, energetika naziri Jurabek Mirzamaxmudov və Qazaxıstanın energetika naziri Almasadam Satkaliyev arasında “yaşıl enerji”nin Avropaya ixracına dair üçtərəfli görüş keçirilib. Görüşdə həmçinin bərpa olunan enerji sahəsində fəaliyyət göstərən beynəlxalq şirkətlərin və maliyyə institutlarının nümayəndələri iştirak edib. 2023-cü ilin sonunda Bakıda Azərbaycan, Qazaxıstan və Özbəkistanın müvafiq nazirliklərinin rəhbərlərinin imzaladığı Birgə Kommünikedən irəli gələn məsələlərin həyata keçirilməsi, “yaşıl enerji” layihələri üzrə birgə fəaliyyətin gücləndirilməsi haqqında müzakirələr aparılıb. Görüş çərçivəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan enerji sistemlərinin birləşdirilməsi layihəsinin birgə həyata keçirilməsi (“Yaşıl dəhliz”) ilə bağlı təqdimat nümayiş olunub.

Nurcan SÜLEYMANOVA,

“Respublika”.