Diqqət və qayğı cəmiyyətimiz tərəfindən məmnunluqla qarşılanır
Sosial həyat

Diqqət və qayğı cəmiyyətimiz tərəfindən məmnunluqla qarşılanır

Azərbaycan qüdrətli iqtisadiyyata və orduya, dünya birliyində mötəbər mövqeyə sahib olmaqla yanaşı, eyni zamanda güclü sosial siyasətə malik bir ölkədir

Hər bir ölkənin ümumi inkişafı o ölkənin əhalisinin rifahı, vətəndaşının firavanlığı naminə aparılan siyasətdə öz təcəssümünü tapır. Bu mənada ulu öndərimiz Heydər Əliyevin müəllifi olduğu və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirdiyi müdrik və uzaqgörən milli inkişaf strategiyası, reallaşdırılan genişmiqyaslı köklü islahatlar bu gün Azərbaycanın qüdrətli iqtisadiyyata və orduya, dünya birliyində mötəbər mövqeyə sahib olmaqla yanaşı, eyni zamanda güclü sosial siyasətə malik bir ölkəyə də çevrilməsinə səbəb olub.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurlu sosial siyasətin həyata keçirilməsinə əsasən belə qənaətə gəlmək olur ki, əsas məqsəd Azərbaycanda sosialyönümlü dövlət quruculuğunu təmin etməkdir. Bu istiqamətdə də son illər mühüm və ardıcıl addımlar atılmaqdadır. Dövlət başçısı İlham Əliyev hər zaman öz çıxışlarında sosial siyasəti dövlət siyasətinin ən zəruri sahələrindən biri kimi dəyərləndirərək vurğulayıb ki, layiqli sosial siyasət qarşıdakı illərdə də Azərbaycan hökumətinin fəaliyyətinin prioriteti olaraq qalacaq. Hər il vətəndaşların əməkhaqlarının, pensiyaçıların təqaüdlərinin, aztəminatlı ailələrə, şəhid ailələrinə, Qarabağ əlillərinə, eyni zamanda sağlamlığı məhdud olan vətəndaşlara verilən sosial müavinətlərin artırılması da bunun sübutudur. Bu, Azərbaycanda insanların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan zəruri addım kimi qiymətləndirilir. Ölkə rəhbəri tərəfindən irəli sürülən bu təşəbbüs sosial siyasətin bir parçası kimi xarakterizə edilir və dövlətin vətəndaşa diqqət və qayğısı kimi səciyyələndirilir.

Ölkəmizdə sosial siyasətin ildən-ilə güclənməsində, həssas qruplara, o cümlədən əlilliyi olan şəxslərə, sağlamlıq imkanları məhdud uşaqlara, aztəminatlı ailələrə, valideyn himayəsindən məhrum gənclərə diqqət və qayğının artırılmasında, ümumən sosial müdafiə sisteminin sosial ədalət prinsipləri üzərində daha da gücləndirilməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın geniş miqyası əhatə edən ardıcıl xidmətləri, yüksək humanizmi ehtiva edən nəcib, xeyirxah layihə və təşəbbüsləri mühüm rola malikdir.

Məlum olduğu kimi, 2019-cu il sosial sahədə inqilabi islahatlar ili kimi tarixə çevrilib. Belə ki, Prezident cənab İlham Əliyevin 2019-cu ilin ötən dövründə təqdim etdiyi iki sosial paket ölkədə minimum əməkhaqqının iki dəfəyə yaxın artırılaraq, 130 manatdan 250 manata, minimum pensiyanın 72,4 faiz artırılaraq 116 manatdan 200 manata çatdırılmasına, sosial müavinət və təqaüdlərin orta hesabla 100 faiz artırılmasına imkan verib. Dövlət sektorunda işləyənlərin əməkhaqları, məcburi köçkünlərin, tələbələrin təqaüdləri əhəmiyyətli şəkildə artırılıb. 800 min vətəndaşın problemli kreditlərlə bağlı narahatlığına son qoyulması üçün bu problemin həlli ilə bağlı maliyyə yükünü dövlət öz üzərinə götürüb. Ümumilikdə, təkcə həmin il təqdim edilən iki sosial paket 4,2 milyon vətəndaşın, nəticə etibarilə hər bir ailənin rifahına ciddi dəstək olub. Azərbaycanda sosial inkişafa təkan verən bu inqilabi islahatlar paketinin hazırlanması prosesində Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva fəal iştirak edərək, islahatların reallaşdırılmasında öz dəstəyini göstərib.

Dövlət sosial xidmətlərinin vətəndaşlara “bir pəncərə”dən daha yaxın və əlçatan, tam şəffaf mühitdə qurulması Mehriban xanım Əliyevanın təşəbbüslərindən biridir. Prezident cənab İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanı bu təşəbbüsün icrasına imkan verib. Fərmanın icrası olaraq, DOST konsepsiyasının reallaşdırılması üçün əsas sənədlərin hazırlanması prosesi Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə qısa müddətdə və uğurla başa çatdırıldı. Beləliklə, 09 may 2019-cu il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyi və ilk DOST mərkəzi açıldı. Prezident cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirak etdiyi açılışda dövlətimizin başçısı: “Bizim siyasətimiz demək olar ki, DOST mərkəzlərində öz əksini tapır - islahat, innovasiya, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə, yeni texnologiyalar, gənclərin bu işlərə cəlb olunması, könüllülərin fəaliyyəti. Yəni, bu mərkəzlər müasir Azərbaycanın simasını əks etdirir və ölkəmiz məhz bu yolla inkişaf etməlidir. Müasirlik, yenilik, islahatlar, gənclərin bu işlərə böyük dərəcədə qoşulması ölkəmizin inkişafına xidmət göstərəcək” - deyə bəyan etdi. DOST xidmətlərindən tam məmnunluq səviyyəsi 93 faiz, qismən məmnunluq 4 faiz təşkil edir. 2019-2025-ci illər üzrə Bakıda və respublikamızın regionlarında 31 DOST mərkəzinin açılması nəzərdə tutulub.

Azərbaycan dövlətinin öz vətəndaşlarına göstərdiyi diqqət və qayğı bütün cəmiyyətimiz, o cümlədən şəhid ailələri və müharibə əlilləri tərəfindən məmnunluqla qarşılanır. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas istiqamətlərindən birini məhz onların sosial müdafiəsinin gücləndirilməsi, problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə edilməsi təşkil edir. Ölkə başçısının imzaladığı Fərman və sərəncamlar çoxsaylı ailələrə böyük sevinc bəxş edir, təqdirəlayiq hal kimi qiymətləndirilir. Bundan başqa, şəhid ailələrinə, müharibə əlillərinə və veteranlara göstərilən qayğı müsbət xarakterizə olunur. Onların sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi, həmçinin Vətən uğrunda öz canından keçmiş şəhidlərin və Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil haqqından azad edilməsi, eyni zamanda, bu insanların mənzil və avtomobillərlə təmin olunması da çox müsbət haldır. Bu siyasət davamlı xarakter daşıyır. Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva şəhid ailələrinin yaşayış şəraitinin yaxşılaşdırılması üçün çoxsaylı tədbirlər həyata keçirməklə yanaşı, həm də həmişə onların dərdinə şərik olur, qayğıları və problemləri ilə maraqlanırlar.

Şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlil olmuş şəxslərə ünvanlanan dövlət tədbirlərinə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün şəffaf, effektiv və əlçatan müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsi məqsədilə Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında Fərman imzalayıb. Fondun vəsaitləri şəhid ailəsi statusu alana və ya əlilliyi müəyyən edilənədək götürülən istehlak kreditlərinin və digər borc öhdəliklərinin qarşılanmasına, müalicə və psixoloji dəstək xərclərinin, təhsillə bağlı xərclərin ödənilməsinə, məişət şəraitinin yaxşılaşdırılmasına və digər istiqamətlərə yönəldiləcək. Fondun fəaliyyətində şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsi, həmçinin Fondun vəsaitinin formalaşması və idarə olunmasına nəzarət məqsədilə tanınmış ictimaiyyət nümayəndələrinin daxil olduğu Himayəçilik Şurası yaradılıb. Ən əsası odur ki, Fondun vəsaitləri Azərbaycan vətəndaşlarının, xarici ölkələrdə yaşayan soydaşlarımızın, digər fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımlar və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşacaq. Elə buna görə də ediləcək yardımların əhatə dairəsi bu kateqoriyadan olan bütün insanlara şamil ediləcək. Azərbaycan Prezidentinin Fərmanı ilə “YAŞAT” Fondunun yaradılması dövlətimizin humanizm prinsiplərinə, əhalinin sosial təminatının və rifah halının daha da yaxşılaşdırılması siyasətinə sadiqliyini bir daha sübut edir.

Dövlət şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin sosial rifahının yaxşılaşdırılmasına xüsusi önəm verir. Pensiya və müavinətləri mütəmadi artırılır, minik avtomobili və mənzillə təmin edilirlər. Şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin mənzillə təminatı proqramı ildən-ilə genişləndirilir. Müasir, müstəqil Azərbaycan qüdrətli dövlətdir və aparılan siyasətin əsas tərkib hissəsində xalqın sosial təminatı reallığı dayanmaqdadır. Azərbaycanda cəmiyyətin ayrı-ayrı təbəqələri arasında ədalətli resurs bölgüsünü təmin etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirilir. “Dövlət şəhid ailələri, müharibə əlilləri üçün əlindən gələni edir. Mənim bu sahədəki siyasətim birmənalıdır. Son 17 il ərzində şəhid ailələri ilə müxtəlif tədbirlərdə dəfələrlə görüşmüşəm. Bu günə qədər 9200-ə yaxın şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilib. Təkcə keçən il 1572 mənzil verilibdir. Bu il isə 3 minə yaxın mənzil veriləcək. Beləliklə, həm Birinci, həm İkinci Qarabağ müharibəsində şəhid olmuş övladlarımızın Bakıda, Sumqayıtda, Abşeron rayonunda yaşayan ailələrinə bu ilin sonuna qədər mənzillər veriləcək.

Postmüharibə dövründə icra olunan sosial dəstək paketi çərçivəsində şəhid ailəsi üzvləri, qazi və yaxınlarından ibarət 6 mindən çox şəxsin məşğulluğuna dəstək göstərilib. Onlardan 4666 şəxs özünüməşğulluq proqramı ilə əhatə olunub. Seçdikləri iqtisadi fəaliyyət növləri üzrə həmin şəxslərin kiçik ailə təsərrüfat və müəssisələrini qurmaları üçün proqram əsasında aktivlərlə təminatı işləri aparılır. Bu kateqoriyadan olan 430 nəfərə münasib işlərə göndəriş verilib, 930 nəfər isə haqqı ödənilən ictimai işlərə cəlb edilib. Şəhidlərin ailə üzvləri, qazilər, müharibə əlilləri, erməni terrorundan zərər çəkənlər, onların yaxınları ilə bağlı icra olunan sosial dəstək tədbirləri artıq 21 mindən çox şəxsi əhatə edib. Bu tədbirlər çərçivəsində Vətən müharibəsi şəhidlərinin ailələri ilə görüş olub, sosial ödənişlərin təyin edilməsi üçün onların müraciəti olmadan, zəruri sənədlər aidiyyəti qurumlardan alınaraq toplanılıb. 2867 şəhidin 7326 ailə üzvünə 13598 sosial ödəniş (Prezidentin aylıq təqaüdü, pensiya və müavinət) təyinatı aparılıb. Həmçinin 93 mülki şəhidin 206 ailə üzvünə sosial ödənişlər təyin olunub. 2021-ci il yanvar ayının 1-dən şəhid ailəsi üçün verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləği artırılıb, bununla bağlı Prezident İlham Əliyev müvafiq fərman imzalayıb. Fərmana əsasən, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hər şəhid ailəsinə hər şəhidə görə ayda 500 manat məbləğində “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” veriləcək. İndiyədək bu təqaüdün məbləği 300 manat olub. Eyni zamanda, hər şəhidə görə onun ailəsinə Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı və Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə, 20 Yanvar şəhidinin ailəsi üçün və bu Fərmanın 1-ci bəndi ilə müəyyən edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdlərindən yalnız biri, ən yüksəyi verilir.

Ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə dövlətimiz tərəfindən xüsusi diqqət və qayğı göstərilməsi bundan sonra da davam etdiriləcək. Belə ki, onların mövcud problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir və hər bir azərbaycanlı, ölkə vətəndaşı bu addımlardan qürur, fərəh hissləri keçirir. Həssas qruplarla bağlı xoşməramlı, nəcib layihələrin, xeyirxah təşəbbüslərin bir-birini əvəz etdiyi bu fəaliyyət azərbaycançılıq əqidəsinin və dövlətçiliyə dərin sədaqətin, milli inkişaf siyasətinə dəyərli töhfələr vermək əzminin, yüksək humanizmin, vətənpərvərliyin və öz xalqına sıx bağlılığın, bitib-tükənməz xeyirxahlığın vəhdətinə əsaslanır.

Mustafa KAMAL,

“Respublika”