Ötən ilin yekunlarına həsr olunmuş iclas
Sosial həyat

Ötən ilin yekunlarına həsr olunmuş iclas

Bakı Apellyasiya Məhkəməsinin Rəyasət Heyətinin 2023-cü ildəki fəaliyyətinə və görülmüş işlərin təhlilinə dair geniş tərkibdə iclası keçirilib.

İclası giriş sözü ilə açan Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərov ötən ildə məhkəmə tərəfindən ədalət mühakiməsinin həyata keçirilməsi ilə əlaqədar görülmüş işlər barədə məlumat verib.

Bakı Apellyasiya Məhkəməsinin kollegiyalarının görülmüş işlərlə bağlı geniş hesabatları, habelə Ali Məhkəmənin kollegiya sədrlərinin Bakı Apellyasiya Məhkəməsinin kollegiyalarının fəaliyyətinə dair rəyləri dinlənilib.

Bildirilib ki, 2023-cü il ərzində bütün icraatlar üzrə Bakı Apellyasiya Məhkəməsinə 23186 iş daxil olub, 17864 işə mahiyyəti üzrə, 1972 iş üzrə isə mahiyyətinə aid olmayan qərarlar qəbul edilib. O cümlədən birinci instansiya məhkəmələri tərəfindən qəbul edilmiş məhkəmə qərarlarından verilmiş apellyasiya müraciətlərinə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının tərəfindən baxıldığı 2079 cinayət işindən 1300 iş üzrə məhkəmə qərarı qüvvəsində saxlanılıb, 197 iş üzrə ləğv olunub, 582 iş üzrə isə dəyişdirilib.

Ötən dövr ərzində Mülki kollegiya tərəfindən baxılmış 5953 işdən 3752 iş üzrə məhkəmə aktı qüvvəsində saxlanılıb, 1866 iş üzrə ləğv olunub, 335 iş üzrə dəyişdirilib.

Bakı İnzibati Məhkəməsinin qərarlarından verilmiş apellyasiya şikayətlərinə əsasən İnzibati kollegiya tərəfindən baxılmış 3254 işdən 2521 iş üzrə məhkəmə aktı qüvvədə saxlanılıb, 697 iş üzrə ləğv olunub, 36 iş üzrə dəyişdirilib.

Kommersiya kollegiyası tərəfindən baxılmış 897 işdən 598 iş üzrə məhkəmə aktı dəyişdirilmədən saxlanılıb, 254 iş üzrə ləğv olunub, 45 iş üzrə dəyişdirilib.

İclasda, həmçinin məhkəmə işlərinin qanunvericiliyin tələblərinə ciddi riayət edilməklə baxılması, hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin olunması xüsusi vurğulanıb.

"Respublika".