Vətəndaşlarımızın normal həyatı üçün bütün addımlar atılır
Sosial həyat

Vətəndaşlarımızın normal həyatı üçün bütün addımlar atılır

44 gün davam edən Vətən müharibəsi Azərbaycan Ordusunun gücü sayəsində ölkəmizin qələbəsi ilə başa çatdı. Qələbənin 3-cü ilində Azərbaycan dövləti qalib dövlət kimi yaşayır və bundan sonra da müzəffər xalq, qalib dövlət kimi əbədi yaşayacaq. Böyük zəfərdən sonra Qarabağda və Şərqi Zəngəzurda yeni quruculuq dövrü başlayıb: "Biz o bölgələri, bütün rayonları bərpa edəcəyik, vətəndaşlarımızın normal həyatı üçün bütün addımları atacağıq", - deyən ölkə başçımız İlham Əliyev qazanılan qələbədən sonra bölgədə yeni reallıqların yarandığını da qeyd edib.

Ən əsas reallıq işğaldan azad edilən ərazilərimizin dirçəldilməsi ilə bağlıdır. Çünki döyüş meydanında uduzan mənfur düşmən otuz il ərzində işğal altında saxladığı torpaqları sözün əsl mənasında talan edib. Sanki bu ərazilərdən vəhşi bir qəbilə keçib. Hazırda işğaldan azad edilən torpaqların yenidən qurulması, bərpası qarşıda duran ən mühüm məsələlərdən biridir. Bəlkə də böyük dövlətlərin quruculuq baxımından bir neçə il ərzində görə bilmədiyi işləri Azərbaycan cəmi 2-3 il ərzində reallaşdırıb. Yaşayış məntəqələri, hava limanları, içməli su xətləri, elektrik enerjisi stansiyaları, avtomobil və dəmir yollarının yaradılması, bütün bunlar dünyanın diqqətini cəlb edir. Həyata keçirilən genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə xidmət edir və onlar ölkənin vahid enerji şəbəkəsinə qoşulub. Bərpa-quruculuq işlərinin sistemli şəkildə reallaşmasında əsas məqsəd Böyük Qayıdışa uyğun proqramların hazırlanması və icrasıdır. Əsas hədəflərimizdən biri də işğaldan azad olunmuş torpaqlarımızda əhalinin məskunlaşma səviyyəsini əvvəlki vəziyyətinə, yəni işğalaqədərki səviyyəyə çatdırmaqdır.

Böyük Qayıdış yolunda əmin addımlar atırıq. Bu isə tarixi Zəfər təntənəsinin davamı, milli həmrəyliyin güclənməsi, o cümlədən siyasi güc və sosial-iqtisadi inkişaf deməkdir. Ötən il Prezident İlham Əliyev "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Sərəncam imzaladı.

Dövlət Proqramında işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri və mövcud vəziyyət, əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və digər həyata keçiriləcək tədbirlər öz əksini tapdı. Qeyd edək ki, Böyük Qayıdış Dövlət Proqramına uyğun olaraq uzun illik həsrətdən sonra işğaldan azad olunmuş Laçın şəhərinə artıq ilk köç cari ilin may ayında baş tutdu. Belə ki, ilk mərhələdə 20 laçınlı ailədən ibarət köç karvanı (97 nəfər) doğma torpaqlara yola düşüb. İyunun 14-də 22 ailə, yəni 72 nəfər soydaşımız doğma ata-baba yurduna geri döndü. Böyük Qayıdış çərçivəsində üçüncü mərhələdə daha 13 ailə yola salındı və son mərhələdə isə 65 nəfər öz doğma torpaqlarına geri döndü.

Bu gün Laçınımızın yeni siması müstəqilliyimizin nə qədər güclü olmasını bir daha sübut edir. Cəmi 7-8 ay ərzində şəhərin böyük hissəsi yenidən quruldu, yaşayış binaları mərhələli şəkildə inşa edildi. İşğal dövründə Laçının içməli su və kanalizasiya infrastrukturu dağıdılıb, yararsız hala gəlib. Şəhər Azərbaycan Ordusunun tam nəzarətinə keçəndən sonra "Azərsu" tərəfindən su mənbəyi, magistral su kəməri çəkildi. "AzərEnerji" ASC-nin inşa etdiyi "Laçın" və "Qorçu" yarımstansiyalarının açılışı ilə şəhər elektrik enerjisi ilə təmin olundu. Həmçinin Memorial Park, muzey, bulvar, Həkəri çayı sahilində çimərlik salınıb ki, bu da yerli əhalinin asudə vaxt keçirməsi üçün nəzərdə tutulub. Tezliklə, Laçın nəinki Azərbaycanın, bütün Qafqazın ən dilbər guşələrindən birinə çevriləcək.

Bütün doğma torpaqlarımız kimi, Kəlbəcərin qaytarılması da Azərbaycanın möhtəşəm tarixi Qələbəsinin daha bir təsdiqidir. Kəlbəcərin işğaldan azad edilməsi ilə Azərbaycanda balneoloji turizmin və mədən sənayesinin inkişafında yeni bir mərhələ başlayacaq. Bununla yanaşı, həmçinin bu il avqustun 25-də Kəlbəcər rayonunun Zar kəndinin təməli qoyuldu. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər. Zar kəndində ümumilikdə 855 ailənin məskunlaşması planlaşdırılıb. Yaşayış məntəqəsinin salınması üçün 20 illik perspektiv və həmin müddətdən sonrakı inkişaf nəzərə alınmaqla 243 hektardan çox torpaq sahəsinin ayrılması nəzərdə tutulub. Birinci mərhələdə kəndə 547 ailənin köçürülməsi üçün birmərtəbəli fərdi evlərin inşası planlaşdırılır. Tikiləcək 547 evin 131-i ikiotaqlı, 289-u üçotaqlı, 92-si dördotaqlı, 35-i beşotaqlı olacaq. Burada, həmçinin 528 şagird yerlik məktəb, 100 yerlik uşaq bağçası tikiləcək. Bildirilib ki, burada evlərin və küçələrin işıqlandırılmasında "yaşıl enerji"dən istifadə olunacaq.

Qeyd etmək lazımdır ki, Böyük Qayıdış çərçivəsində indiyədək 217 ailə, 934 nəfər doğma yurdlarına köçürülüb. Böyük Qayıdışın yeni ünvanı isə Füzulidir. Ölkə başçımız İlham Əliyev də müharibə başa çatandan sonra işğaldan azad edilmiş ərazilərə ilk səfərini 2020-ci il 16 noyabr tarixində məhz Füzuliyə edib. İlham Əliyev Füzuli rayonundan Şuşa şəhərinə yol çəkilişi ilə bağlı göstəriş verib və Füzuli-Şuşa avtomobil yolunun çəkilişinə başlanılıb. Şəhərdə 38 binada tikinti-abadlıq işləri aparılır. Növbəti 20 ildə isə əhali sayı 1993-cü illə müqayisədə 2.5 dəfə artacaq. Bütün bunların nəticəsində avqustun 18-dən etibarən Füzuli şəhərinə ilk köç başladı. İlk olaraq 90 nəfərdən ibarət olan 23 ailə doğma şəhərinə qayıtdı. Qeyd edək ki, avqustun 5-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Füzuli şəhərinə birinci mərhələdə köçürüləcək ailələr arasında püşkatma keçirib. Püşkatmada 144 ailə (509 nəfər) iştirak edib. Ailə tərkibinə uyğun olaraq, onlardan 51-i ikiotaqlı, 76-sı üçotaqlı, 17-si dördotaqlı mənzillə təmin olunub. Həmin ailələr indiyədək Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşma yerlərində yaşayıblar. Növbəti köç karvanı sentyabrın 7-də Bakı şəhərinin Qaradağ rayonundakı "Qobu park 3" yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 25 ailə - 102 nəfər köçürülüb. Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşıblar. Bununla da ümumilikdə Füzuli şəhərində 95 ailə, yəni 349 nəfərin daimi məskunlaşması təmin edilib.

Röya RÜSTƏMLİ,

"Respublika".