Tarixə yazılan günlər
Digər xəbərlər

Tarixə yazılan günlər

21 oktyabr 2021-ci il. Vətən müharibəsinin iyirmi beşinci günündə rəşadətli Azərbaycan Ordusu yenə zəfər yürüşünü davam etdirir, torpaqlarımızdan qovulan bədnam işğalçılar isə ağır itkilər verərək mövqelərini qoyub qaçırdılar. Hərbi əməliyyatlar Ağdərə, Füzuli-Cəbrayıl və Qubadlı istiqamətlərində davam etdirilirdi. Düşmən Tərtər rayonu ərazisindəki mülki obyektləri, dinc sakinlərin yaşayış yerlərini artilleriya atəşinə tutmaqla döyüş meydanındakı məğlubiyyətinin əvəzini çıxmağa cəhd göstərirdi. Lakin bununla nə xalqımızın mübarizə ruhunu zəiflətmək, nə də ordumuzu sürətli hücumdan çəkindirmək mümkün idi...

Oktyabrın 21-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində iki dəfə qələbə müjdəsi paylaşdı. Bunlardan birində rəşadətli Azərbaycan ordusunun Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndlərini, Cəbrayıl rayonunun Balyand, Papı, Tulus, Hacılı, Tinli kəndlərini, ikincisində Zəngilan rayonunun Mincivan qəsəbəsini, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndlərini işğaldan azad etdiyini bildirdi.

Hər bir yaşayış məntəqəsi, hər bir strateji yüksəklik hərbçilərimizin böyük hünəri, cəsarəti, peşəkarlığı sayəsində işğaldan azad olunurdu. Müdafiə Nazirliyinin oktyabrın 21-də verdiyi məlumata görə, son sutka ərzində düşmənin 5-ci, 6-cı, 7-ci dağatıcı alayları və 18-ci motoatıcı diviziyasının müdafiə olunan bölmələri şəxsi heyət və döyüş texnikası sarıdan itkilər verərək geri çəkilməyə məcbur edilmişdilər. Düşmən alay komandiri, alayın artilleriya rəisi, tabor və divizion komandirləri daxil olmaqla, xeyli sayda canlı qüvvəsini itirmişdi. Üç artilleriya qurğusu, bir neçə minaatan və üç yük avtomobili sıradan çıxarılmışdı. Hərbçilərimiz çoxlu sayda silah-sursatı qənimət kimi götürmüşdülər. Həmçinin Gəncə, Goranboy, Tərtər, Füzuli və Horadiz istiqamətlərində düşmənin altı pilotsuz uçuş aparatı Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən məhv edilmişdi. Müasir və yüksək texnoloji vasitələrin peşəkarlıqla tətbiqi baxımından Azərbaycan Ordusu düşməndən qat-qat üstünlüyünü sübuta yetirirdi.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev oktyabrın 21-də Yaponiyanın nüfuzlu “Nikkei” qəzetinə verdiyi müsahibədə işğalçılara döyüş meydanında kimin kim olduğunu göstərdiyimizi vurğulyaraq demişdi: “Onların “cəsur ordusu” haqqında bütün mifləri, sadəcə, bir növ feyk idi. Onların ordusu qaçır. Biz onları məğlub edirik. Biz onlara qalib gəlirik və onlar bizim torpaqlardan çıxana kimi bunu etməyə davam edəcəyik”. Bir faktı da qeyd edək ki, dövlətimizin başçısının “Nikkei”yə müsahibəsi həmin dövrdə qəzetin ən çox oxunan materialı olmuşdu və bu barədə məlumatı yapon nəşri özünün “Twitter” hesabında paylaşmışdı...

Dünya Azərbaycanın haqq işi uğrunda mübarizəsini diqqət mərkəzində saxladığı, xaricdəki dostlarımızın bizə fəal şəkildə mənəvi dəstək verdiyi  bir vaxtda rəşadətli ordumuz torpaqlarımızı düşməndən qarış-qarış azad edirdi. Hər yeni günü xalqımız yeni qələbə xəbəri ilə qarşılayırdı. Torpaqlarımızdan qovulan və diz çökməkdə olan Ermənistanın hərbi-siyasi rəhbərliyi hələ də öz xalqını aldadır, məğlubiyyəti və geri çəkilməyi “taktiki yerdəyişmə” kimi qələmə verirdi.

Azərbaycan Ordusu isə artıq əziz Şuşaya doğru istiqamət götürürdü...

“Respublika”.