Bakıda keçirilən forum dünyanın diqqət mərkəzindədir
Siyasət

Bakıda keçirilən forum dünyanın diqqət mərkəzindədir

Mayın 1-də Bakıda Ümumdünya  Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlamışdır. Bu sayca VI forumdur və forumun mövzusu Sülh və qlobal təhlükəsizlik naminə dialoqdur. Bu mövzu bu gün dəyişən dünya nizamı üçün çox aktualdır. Çünki dünyada beynəlxalq hüquq işləmir, dünya gücləri nüfuz uğrunda müharibələr aparır. Təbii ki, müharibələr nəticəsində yaşayış məntəqələri yerlə-yeksan olunur, mülki insanlar ölür və milyonlarla insan məcburi şəkildə öz yaşayış yerlərini tərk edir. Bu baxımdan, dünyada qlobal təhlükəsizlik pik həddə çatmışdır. Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda bu məsələlər geniş müzakirə olunacaq və dünyada baş verən ayrı-seçkilik, ikili standartlar, müharibələr və münaqişələrlə bağlı mövzular müzakirə olunacaqdır.

Forum Azərbaycanın təşkilatçılığı, UNESCO-nun, BMT-nin Sivilizasiyalar Alyansının, Dünya Turizm Təşkilatı və ICESCO-nun tərəfdaşlığı ilə keçirilir. Tədbirdə 100-dən çox ölkəni təmsil edən 700 mötəbər qonaq iştirak edir. Forumun davam edəcəyi üç gündə yüksək səviyyəli dövlət xadimləri, parlament rəhbərləri, dini liderlər, alimlər, jurnalistlər, xtəlif etnik və mədəni qrupa daxil olan şəxslərdən ibarət iştirakçılar mənalı dialoq vasitəsilə sülh və qlobal təhlükəsizliyə doğru irəliləyişə nail olmaq üçün bir araya gəliblər.

Forum iştirakçılarının işğaldan azad olunmuş ərazilərə səfəri də nəzərdə tutulur. Bu, ölkəmizə qarşı baş vermiş 30 illik erməni işğalının nəticələrini, dağılmış yaşayış məntəqələrinin yenidən qurulmasını və keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıtdıqdan sonra xoşbəxt həyatlarına davam etdirdiklərini nümayiş etdirməyimizə imkan yaradacaqdır. Azərbaycan 30 illik bir münaqişəni həll edən dünyada çox az ölkələrdəndir. Müharibəni başa çatdırmağımız regionumuza sülh və əməkdaşlığın gəlməsinə bir fürsət pəncərəsi açmışdır. Forum iştirakçıları Azərbaycanın sülh və əməkdaşlıq gündəliyi ilə tanış olacaqlar. Bizim gündəliyimiz bir növ dünyada davam edən münaqişələrin sonlandırılması üçün bir nümunədir. Bu gün forum iştirakçıları əvvəlki forumlardan fərqli olaraq yeni dünya nizamının formalaşdırılmasında səmərəli dialoq aparacaqlar. Bu baxımdan, Bakıda keçirilən VI Forum həm ölkəmiz üçün, həm də dünya üçün çox əhəmiyyətlidir.

Azər BADAMOV,

Milli Məclisin deputatı.