Əbədiyyət ünvanı
Region

Əbədiyyət ünvanı

Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan şəhidlərimizin doğum və anım günlərində onların ailələrinin, məzarlarının ziyarət olunması Beyləqanda ənənə halını alıb. Bu günlərdə şəhid Teymurov Mansur Elnur oğlunun doğum günündə xatirəsi anıldı.

Beyləqan Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Heybət Əliyev, ərazi icra nümayəndələri və ictimaiyyət nümayəndələri şəhidin məzarını ziyarət edib, önünə gül dəstələri düzərək ruhuna ehtiramlarını bildirdilər. Anım mərasimində döyüş yoldaşları, dostları və qohumları Mansur Teymurovun şərəfli həyat yolundan söhbət açdılar. Vətənimizin azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin əbədi ehtirama layiq olduqlarını bir daha vurğuladılar. Sonra şəhidin ailəsinə baş çəkdilər. Qeyd etdilər ki, Mansur kimi oğulların şərəfli ömür yolu gənclərə örnəkdir.

Mansur Elnur oğlu Teymurov 1999-cu ilin 5 iyununda Beyləqan rayonunun İkinci Şahsevən kəndində anadan olub. Mansur orta təhsilini başa vurduqdan sonra SHXÇDX Beyləqan Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb və Naxçıvan Muxtar Respublikasına həqiqi hərbi xidmətə yola salınıb. Günnüt əməliyyatında iştirak edən Mansuru müdafiə naziri şəxsən mükafatlandırıb.

Mansurun Vətənə olan sevgisi onu 2019-cu ildə Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissələrin birində müddətdən artıq hərbi xidmətə başlamağına sövq edib. Vətənimizin igid oğlu Mansur hər zaman işğal altında olan torpaqlarımızın işğaldan azad olunması arzusu ilə yaşayıb. Vətən müharibəsində hünərlə iştirak edən Mansur hərbi tibbi yardım maşını ilə ən ağır nöqtələrdən yaralılarımızı xəstəxanaya çatdırıb. Füzuli, Qubadlı rayonları uğrunda gedən ağır döyüşlərdə iştirak edib və böyük qəhrəmanlıqlar göstərib. Qəhrəman Mansurun döyüş yolu Xocavənd istiqamətində davam edib.

2020-ci il oktyabr ayının 18-də Xocavənd rayonunun azad olunması uğrunda gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhidin nəşi doğulub boya-başa çatdığı Beyləqan rayonunun İkinci Şahsevən kəndinə gətirilib və böyük izdihamla torpağa tapşırılıb.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirakına, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı, vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Teymurov Mansur Elnur oğlu ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "İgidliyə görə", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub.

Ərəstun ABDULOV,

"Respublika".