DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

BMT NÜVƏ MÜHARİBƏSİ HAQQINDA FİKİRLƏRİ QƏBULEDİLMƏZ SAYIR

BMT-nin baş katibi Antonio Quterreş nüvə münaqişəsi ideyasını qəbuledilməz və ağlasığmaz hesab edir. “Report” agentliyinin məlumatına görə, bunu dünya təşkilatının baş katibinin sözçüsü Stefan Düjarrik bildirib.

“Nüvə silahından istifadə ilə bağlı hər hansı bəyanatlara gəlincə, mən BMT baş katibinin bu mövzuda dediklərini xatırlatmaq istəyirəm. Baş katibin mövqeyi dəyişməyib”, - deyə mətbuat katibi vurğulayıb.

Qeyd edək ki, BMT-nin baş katibi Antonio Quterreş 22 sentyabr tarixində bildirib ki, nüvə münaqişəsi ideyası qəbuledilməzdir: “Ağlasığmaz nüvə münaqişəsi ideyası müzakirə mövzusuna çevrilib. Bu, özlüyündə tamamilə qəbuledilməzdir. Bütün nüvə dövlətləri nüvə silahının istifadə edilməməsi və tədricən ləğv edilməsinə dair öhdəliklərini bir daha təsdiqləməlidirlər”.

 

TÜRKİYƏ NÖVBƏTİ DƏFƏ İSVEÇDƏN TERRORÇULARIN EKSTRADİSİYASINI TƏLƏB EDİB

Türkiyə Ədliyyə Nazirliyinin nümayəndələri  İsveçdən terror fəaliyyətlərində iştirak edən şəxslərin ekstradisiyasını  yenidən tələb ediblər. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə “TRT” telekanalı məlumat yayıb.

Qeyd edilir ki, rəsmi Ankara daha əvvəl də İsveçdən bu şəxslərin ekstradisiyasını tələb etmişdi.

Müvafiq tələbin İsveç Ədliyyə Nazirliyinin nümayəndələri ilə məsləhətləşmələrdə elan edildiyi bildirilir.

Verilən xəbərə görə, Türkiyə tərəfi Kürdüstan Fəhlə Partiyası üzvlərinin, həmçinin, lideri 2016-cı ildə dövlət çevrilişinə cəhddə şübhəli bilinən “FETÖ” terror təşkilatının 7 üzvünün ekstradisiyasını tələb edib.

Xatırladaq ki, Finlandiya və İsveç 2022-ci ilin yayında NATO-ya üzv olmaq üçün müraciət ediblər. Türkiyə tərəfi bu ölkələrin rəsmi Ankaranın terrorçu hesab etdiyi təşkilatlara dəstəyinə görə onların alyansa qoşulmasına mane olacağını bəyan edib.

Eyni zamanda, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Finlandiya və İsveç Ankaranın tələblərinə əməl etməsələr, o zaman onların NATO-ya daxil olması dondurula bilər.

 

ABŞ-ın ƏN BÖYÜK TƏYYARƏDAŞIYAN GƏMİSİ YUNANISTANA GƏLİB

Türkiyə və Yunanıstan arasında gərginliyin davam etdiyi bir vaxtda ABŞ-ın “Corc Buş” adlı təyyarədaşıyan gəmisi Krit adasına yaxınlaşıb. “Teleqraf.com”un verdiyi xəbərə görə, gəmi adanın Suda körfəzindəki Amerika hərbi dəniz bazasının limanına istiqamətlənib.

Məlumata əsasən, Adriatik dənizində İspaniya ilə birgə hərbi təlimlər keçirən “Corc Buş” gəmisinin ekipaj üzvləri istirahət etmək üçün oktyabrın 10-dək Krit adasında qalacaq.

Hələlik rəsmi açıqlama verilməsə də, yunan mətbuatı Amerika təyyarədaşıyan gəmisindəki “F-18” döyüş təyyarələrinin Yunanıstanın “F-16” döyüş təyyarələri ilə birgə təlim uçuşları həyata keçirəcəyini iddia edib.

Eyni zamanda, yunan mediası Türkiyə-Yunanıstan münasibətlərinin gərgin olduğu bir vaxtda təyyarədaşıyan gəminin Kritə gəlməsinin “simvolik məna” daşıdığını bildirib.

Qeyd edək ki, “Corc Buş” ABŞ-ın Suda körfəzindəki hərbi dəniz bazasına sonuncu dəfə 2017-ci ildə gəlmişdi. Dünyanın ən böyük təyyarədaşıyan gəmilərindən biri olan “Corc Buş” gəmisi 85 döyüş təyyarəsi, həmçinin 6 min nəfərlik ekipaj daşımaq qabiliyyətinə malikdir.

 

RUSİYADA UÇUŞLARA MƏHDUDİYYƏT MÜDDƏTİ YENİDƏN UZADILIB

Rusiyanın cənubundakı hava məkanında mülki təyyarələrə qoyulan uçuş qadağasının müddəti oktyabrın 16-dək uzadılıb. “Trend” agentliyinin məlumatına görə, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.

Bildirilir ki, uçuş məhdudiyyəti Anapa, Belqorod, Bryansk, Voronej, Gelencik, Krasnodar, Kursk, Lipetsk, Rostov, Elista şəhərlərində ümumilikdə 11 hava limanına şamil olunur.

Eyni zamanda, sərnişinləri Soçi, Stavropol, Volqoqrad, Mineralnıe Vodı şəhərlərinin hava limanlarına aparmaq tövsiyə edilir.

Verilən xəbərə əsasən, regionda uçuşlara mövcud qadağanın müddəti oktyabrın 10-da bitməli idi.

Xatırladaq ki, Rusiya Ukraynadakı müharibə ilə əlaqədar fevralın 24-də ölkənin cənubunda hava məkanını bağladığını bildirmişdi.

 

İSRAİL VƏ LİVAN ARASINDA GƏRGİNLİK ARTIB

İsrailin müdafiə naziri Benyamin Qans Livanla sərhəd böhranı səbəbindən orduya istənilən ssenariyə hazır olmaq əmri verib. “Teleqraf.com”un xəbərinə görə, İsrail-Livan dəniz sərhədinin demarkasiyası üzrə ABŞ-ın vasitəçiliyi ilə aparılan danışıqlarla bağlı böhran narahatlıqlara səbəb olub.

Məlumata əsasən, İsrailin baş naziri Yair Lapid oktyabrın 6-da Livanın müqavilə layihəsində dəyişiklik edilməsi tələblərini rədd edib.

Bununla yanaşı, müdafiə naziri Benyamin Qans bəyan edib ki, “Hizbullah” ölkənin suverenliyinə zərər vermək istəsə, Livanın ödəyəcəyi hərbi bədəl ağır olacaq.

Qeyd edək ki, İsrail və Livan arasında təxminən 860 kvadrat kilometrlik dəniz  sərhədi mübahisəsi mövcuddur. Hər iki ölkə bu regionun kontinental şelfinə iddia edir.

İsrail mətbuatının xəbərinə görə, ölkənin Nazirlər Kabineti Livanla dəniz sərhədi mübahisəsinə dair üç saatlıq iclas keçirib. İclasda İsrailin xarici və daxili kəşfiyyat xidmətlərinin rəhbərləri, eləcə də digər təhlükəsizlik təmsilçiləri iştirak ediblər.

 

TÜRKİYƏ VƏ Aİ QANUNSUZ MİQRASİYA MƏSƏlƏLƏRİNİ MÜZAKİRƏ EDƏCƏK

Avropa İttifaqına (Aİ) sədrlik edən Çex Respublikasının baş nazirinin birinci müavini, daxili işlər naziri Vit Rakuşan qanunsuz miqrasiya ilə mübarizə problemlərinə dair Aİ ölkələri və Türkiyənin daxili işlər nazirlərinin görüşünə hazırlıq işləri görür. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə jurnalistlərə Çex Respublikasının baş naziri Petr Fiala bəyan edib.

“Türkiyə Aİ-də miqrasiya ilə bağlı mövcud problemlərin həllində müəyyən dərəcədə açar rolunu oynayır. Bu açar təkcə Türkiyənin qeyri-qanuni qaçqınları saxlaması ilə bağlı deyil. Türkiyənin miqrasiyanın gəldiyi ölkələrdə vəziyyətin tənzimlənməsinə təsir etmək imkanı var”, - deyə, o bildirib.

Eyni zamanda, baş nazir bildirib ki, Çexiya qeyri-qanuni miqrantların ölkə ərazisinə daxil olmasının qarşısını almaq üçün Slovakiya ilə sərhəddə yoxlamaları müvəqqəti bərpa edib.

“Slovakiya ilə sərhədlərdə nəzarətini gücləndirərək, biz digər mexanizmləri də işə saldıq və Şengen sərhədlərinin mühafizəsini yaxşılaşdırdıq”, - deyə Petr Fiala vurğulayıb.

 

ÜST-DƏN HİNDİSTAN İSTEHSALLI DƏRMANLARLA BAĞLI XƏBƏRDARLIQ

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Hindistan istehsalı olan dərman preparatları ilə bağlı xəbərdarlıq edib. “Report”un xəbərinə görə, təşkilatın baş direktoru bu barədə “The Guardian” nəşrinə müsahibəsində bəyan edib.

Bildirilir ki, baş direktorun sözlərinə görə, öskürəyə qarşı Hindistan istehsallı dərman və siroplar kəskin böyrək zədələnməsinə səbəb olur.

Eyni zamanda, bu dərmanlardan istifadənin Afrikanın Qambiya bölgəsində 66 uşağın ölümü ilə nəticələndiyini bildirən ÜST rəhbəri vurğulayıb ki, həmin dərmanların təhlükəsizliyi və keyfiyyətinə dair indiyədək heç bir zəmanət verilməyib.

Qebreyesus bununla yanaşı qeyd edib ki, həmin preparatlardan istifadə qarın ağrısı, baş ağrısı və psixi durumun dəyişməsinə səbəb ola, eləcə də ölümlə nəticələnə bilər.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.