SAĞLAM HƏYAT
Səhiyyə

SAĞLAM HƏYAT

Orucun orqanizmimizə şok təsiri

Bu yaxınlarda məlum olub ki, oruc ömrü uzadır və bədəni cavan saxlayır. Aparılan elmi araşdırmaların nəticələri göstərib ki, qocalma prosesinin sürətlənməsi bədəndəki yetkin kök hüceyrələrin sayının azalması və funksiyasının zəifləməsi ilə sıx bağlıdır.

Vücudumuzdakı kök hüceyrələrin əsas funksiyası odur ki, onlar sağlam və yetkin bədənin öz-özünü bərpaetmə və cavanlaşma qabiliyyətinə görə məsuliyyət daşıyır. Bədənimizdə hər hansı bir yara olanda, kök hüceyrələr sürətlə zədələnmiş hüceyrələri bərpa etmək və yeniləmək üçün fəaliyyətə keçir.

Son aparılan elmi araşdırmalar göstərir ki, oruc tutmaq və bəzi təbii qidalara üstünlük vermək qocalan kök hüceyrələri üzərində son dərəcə müsbət təsirlər yaradır. Oruc kök hüceyrələrin funksiyasının yaxşılaşmasına və qocalan kök hüceyrələrin sayının azalmasına təsir göstərir. B3 (balıq, ev heyvanları, ət, göbələk), D,  C, E vitamini və Selen kimi antioksidantlarla zəngin olan qidalar  ekoloji amillərin məhvedici təsirlərinə qarşı kök hüceyrə funksiyalarını qoruyur və kök hüceyrələrin zədələnmə riskini azaldır.

Mütəxəssislərin fikrincə, müəyyən fasilələrlə oruc tutmaq, mütəmadi olaraq idmanla məşğul olmaq, siqaret və spritli içki kimi zərərli vərdişlərdən uzaq durmaq və faydalı məhsullarla qidalanmaq yetkin kök hüceyrə funksiyalarını bərpa edir və onların qocalmasının qarşısını alır. Elm adamları uzun ömrün sirrini bədəndəki yetkin kök hüceyrələrin canlı və sağlam saxlanmasında görürlər. Fasiləli oruc isə kök hüceyrələrin sağlam qalmasına birbaşa təsir edir.

 

Gündə bir ovucu kifayətdir ki...

Yüksək qida dəyərinə malik olan çərəzlərdən biri də noxuddur. Xüsusilə idmançıların idmandan əvvəl istehlak etdikləri bu qida orqanizmin ehtiyac duyduğu bəzi vitamin və mineralların çatışmazlığını aradan qaldırır.

Tərkibi natrium, kalium, kalsium, dəmir, zülal, lif, A və C vitamini ilə zəngin olan ağ  noxud mədədəki turşuluğu tarazlaşdıraraq mədə yanmasına müsbət təsir edir. Xüsusilə reflü, qastrit və xora kimi mədə xəstəliklərinin riskini azaldır. Pəhriz qidaları arasında ilk sırada olan noxud tərkibindəki lif sayəsində uzun müddət toxluq hissi yaradaraq qısa zamanda arıqlamağa kömək edir. Lif sayəsində xolesterin səviyyəsini tarazlıqda saxlayaraq infarkt, insult kimi xəstəliklərin riskini azaldır. Xüsusilə damarların daralmasının qarşısını alır.

Tərkibindəki antioksidant sayəsində isə orqanizmi qısa müddətdə təmizləyir və bərpasını dəstəkləyir. Bundan əlavə, tərkibindəki yağlar dəri hüceyrələrinin qısa müddətdə yenilənməsini təmin edərək dərinin cavan qalmasını da təmin edir. 

Qida mütəxəssisləri orqanizmin gündəlik protein tələbatını qarşılamaq üçün gündə bir pay qırmızı ət istehlakını tövsiyə edirlər. Amma ət istehlak etməyənlər qırmızı ətin qarşıladığı zülalı təmin etmək üçün gündə bir kasa  noxud yeyə bilərlər. Tərkibi, həmçinin kalsiumla da zəngin olan bu qida sümük sisteminin  və dişlərin inkişafına kömək edir. Xüsusilə inkişaf yaşında olan uşaqlar və hamilə qadınlar tərəfindən istehlak edilməsi məsləhət görülən noxud  natrium baxımından da təsirli  olduğu üçün yüksək təzyiq kimi ciddi vəziyyətlərin qarşısını alır.

 

Əsəbi insanlar oxusun

Həyatda elə bir insan yoxdur ki, stress yaşamasın. Gündəlik problem və qayğılar insan psixikasına ciddi zərər verir. Xüsusilə  müasir dövrdə  sinir sistemi normal olan insan demək olar ki, çox azdır. Bu səbəbdən də mütəxəssislər sinir sistemini möhkəmləndirməyin bəzi yollarını açıqlayıblar.

Sinir sistemini mükəmməl şəkildə gücləndirmək üçün, ilk növbədə, gündəlik olaraq düzgün yuxu rejiminə riayət etmək və fziki məşqlər tövsiyə edilir. Həmçinin  siqaret,  spirtli içki kimi pis vərdişlərdən uzaq durmaq məsləhət görülür. Bu istiqamətdə olan ən mühüm amillərdən biri də düzgün qidalanmaqdır. Məsələn, sitrus meyvələri və banan sinir sisteminə antidepresant kimi təsir göstərir. Bundan əlavə, fermentləşdirilmiş süd və süd məhsulları  kalsium ehtiva etdiyi üçün əzələləri rahatlaşdıran bir vasitə hesab edilir. Tərkibi maqneziumla zəngin olan şokolad da sinir sisteminə sakitləşdirici təsir edir. Balıq isə sink və selen  sayəsində sinirləri gücləndirir. Enerji verən və əhvali-ruhiyyəni yüksəldən, xoşbəxtlik hormonu istehsal edən pomidor da belə qidalar arasındadır. Müəyyən qədər günəş vannası  və ya D vitamini əlavələrinin qəbulu da serotonin hormonunu normal səviyyədə saxlamağa, əhvali-ruhiyyənin yaxşı olmasına kömək edir.

 

Göz təzyiqi nədir və niyə yaranır?

Xalq arasında "göz təzyiqi" və ya "qara su xəstəliyi" adlandırılan qlaukoma gözün içində təzyiqin artması və optik sinirin sıxılması nəticəsində görmə pozğunluqlarına səbəb olan bir xəstəlikdir.

Optik sinirin sıxılması ilkin mərhələlərdə görməyə çox təsir etməsə belə, sonradan ciddi fəsadlara yol açır. Xəstəlik  görmə aydınlığına təsir etmədən son mərhələlərə qədər gizli şəkildə irəliləyə bilər. Gözdə heç bir ağrı və ya simptom yaratmayan bu xəstəliyin diaqnozu ətraflı müayinədən sonra qoyulur. Onu da qeyd edək ki, ailədə qlaukoma olan şəxslərdə risk daha  artıq olduğu üçün onlar müayinədən tez-tez  keçməlidirlər. Qlaukoma üçün xüsusi yaş məhdudiyyəti yoxdur. Erkən uşaqlıqda rast gəlindiyi kimi, anadangəlmə də ola bilər. Ancaq 40 yaşdan sonra daha çox rast gəlinir. Bu səbəblə də 40 yaşdan yuxarı hər bir insanın ailəsində göz təzyiqli xəstə olmasa belə, ən azı  ildə bir dəfə skrininq müayinəsindən keçməsi tövsiyə olunur. Əgər xəstəliyə gec diaqnoz qoyularsa, korluğa səbəb ola bilər. Dünyada korluğun ikinci əsas səbəbi hesab edilən bu xəstəlikdən qorunmaq üçün erkən diaqnoz çox  vacibdir. Çünki müalicə ilə görmə qabiliyyətini uzun müddət qorumaq mümkündür.

Hazırladı: 

Elenora HƏSƏNOVA,

"Respublika".