Azərbaycan dünya mediasında
Diaspora

Azərbaycan dünya mediasında

"Hürriyyet": Prezident İlham Əliyev Ukraynaya yardım üçün 7,6 milyon dollar ayrılması haqqında sərəncam imzaladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ukraynaya yardım üçün 7,6 milyon dollar ayrılması haqqında sərəncam imzalayıb. Bu barədə "Hürriyyet" nəşri məlumat yayıb.

Xəbərdə qeyd olunub ki,  Ukraynaya humanitar yardım göstərilməsi məqsədilə elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Energetika Nazirliyinə 7,6 milyon (yeddi milyon altı yüz min) ABŞ dollarının manat ekvivalentində vəsait ayrılması barədə sərəncam imzalayıb.

Xatırladaq ki, buna qədər Azərbaycan Ukraynaya Kaxovska SES-in dağılmasının nəticələrinin aradan qaldırılması üçün humanitar yardım qismində generatorlar, nasoslar, digər avadanlıq, ərzaq, dərman, tibbi ləvazimatlar və s. göndərib.

 

"Caspian News": Brüssel görüşündə Azərbaycan ilə Ermənistan arasında sülhün əhəmiyyəti bir daha vurğulanıb

"Caspian News" xəbər saytı Avropa İttifaqı Şurasının sədri Şarl Mişel, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə baş tutan görüş barədə məlumat yayımlayıb. Məlumatda hər iki ölkə liderlərinin iştirakı ilə iyulun 15-də keçirilən görüşdə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə danışıqların davam etdirildiyi öz əksini tapıb. Görüş çərçivəsində sülh gündəliyinə aid əsas məsələlər, sərhədlərin delimitasiyası, nəqliyyat kommunikasiyalarının açılması, Ermənistan hərbi birləşmələrinin Azərbaycan ərazilərindən çıxarılması, qanunsuz hərbi birləşmələrin tərk-silah edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Yazıda, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı da yer alıb. Prezident bildirib ki, son vaxtlar müşahidə olunan müsbət məqamlar Ermənistan tərəfinin mövqeyində müəyyən irəliləyişlərin göstəricisidir. Lakin İrəvanın Qarabağ bölgəsində yaşayan ermənilərin "hüquqları" ilə bağlı davam edən çağırışları sülh prosesinə mane olur. Azərbaycan bunu heç bir xarici aktorla müzakirə etmək niyyətində deyil,  çünki bu, daxili məsələdir.

 

"BNN Network": Azərbaycan Beynəlxalq Türk Gəncləri Festivalında parlayır

"BNN Network" xəbər saytı Beynəlxalq Türk Gəncləri Festivalında ölkəmizin ön planda olması ilə bağlı xəbər yayımlayıb. Yazıda, həmçinin qeyd edilib ki, ortaq irsin və mədəni müxtəlifliyin təntənəsində Azərbaycan Rusiyanın tarixi Kazan şəhərində keçirilən mötəbər Beynəlxalq Türk Gəncləri Festivalında öz sözünü deyib. Türkdilli xalqlar arasında birliyi gücləndirmək məqsədi daşıyan festivalda müxtəlif sahələrdə öz bacarıqlarını nümayiş etdirən gənc azərbaycanlı istedadlar böyük həvəslə iştirak edib.

Sərgidə ölkənin zəngin mədəni irsini əks etdirən ənənəvi Azərbaycan incəsənəti, o cümlədən xalçaçılıq, dulusçuluq, miniatür rəssamlığı nümunələri nümayiş etdirilib. İstedadlı rəssamlar, musiqiçilər, idmançılar, müxtəlif gənclər təşkilatlarının təmsilçilərindən ibarət Azərbaycan nümayəndə heyəti festivalda böyük təsir bağışlayıb.

Azərbaycanın gənclər və idman nazirinin müavini Fərhad Hacıyev gənclərin istedad və potensialının inkişaf etdirilməsində belə tədbirlərin əhəmiyyətini vurğulayıb.

 

"Pakistan Observer": Pakistan Azərbaycanla İT sahəsində ikitərəfli əməkdaşlığı genişləndirmək istəyir

Rəqəmsal sahədə əməkdaşlığı genişləndirmək məqsədilə Federal İnformasiya Texnologiyaları və Telekommunikasiya naziri Seyid Amin ul Haque Azərbaycan Respublikası  Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyevlə görüş keçirib.

Bu barədə "Pakistan Observer" məlumat yayıb.

Görüş zamanı rəqəmsal transformasiya, proqram təminatının inkişafı və İT gəlirləri ilə bağlı məsələlərə dair ətraflı müzakirələr aparılıb. Əsas diqqət hər iki ölkənin İT və telekommunikasiya sektorları arasında əlaqələrin gücləndirilməsinə yönəlib.

Hər iki tərəf informasiya texnologiyaları və telekommunikasiya sektorlarının inkişafı istiqamətində birgə işləməyə sadiq olduqlarını bildirib və bu istiqamətdə əlaqələrin gücləndirilməsi üçün birgə işçi qrupunun yaradılması barədə razılığa gəliblər.