AZƏRBAYCAN DÜNYA MEDİASINDA
Diaspora

AZƏRBAYCAN DÜNYA MEDİASINDA

"TRT Haber": Türkiyə və Azərbaycan arasında əməkdaşlıq sazişi

Qardaş ölkənin məşhur "TRT Haber" informasiya portalı Türkiyə ilə Azərbaycan arasında sentyabrın 25-də Naxçıvanda imzalanmış əməkdaşlıq sazişi barədə məlumat yayımlayıb. Sazişə əsasən Kahramanmaraşda yaşayış binası, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikintisi planlaşdırılıb.

Xatırladaq ki, sazişi Türkiyə Respublikası tərəfindən ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki, Azərbaycan Respublikası tərəfindən isə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev imzalayıblar.

Müqavilə 10 il qüvvədə qalacaq və müddətin bitməsinə 6 ay qalmış tərəflərin ləğv etmədikləri təqdirdə, eyni şərtlərlə daha 5 il müddətinə uzadılacaq. Bildirilib ki, razılaşma zəlzələdən zərərçəkən Kahramanmaraşın mənzil ehtiyacını qarşılamaq, bölgənin sosial və mədəni inkişafına töhfə vermək məqsədi daşıyır.

"Turkic World": Azərbaycan Ordusunda hərbi andiçmə mərasimləri keçirilib

"Turkic World" xəbər saytı noyabrın 12-də Azərbaycan Ordusunda gənc əsgərlərin hərbi andiçmə mərasimləri keçirilməsi haqqında xəbər yayımlayıb. Yazıda qeyd edilir ki, hərbi orkestrin müşayiəti ilə Döyüş Bayrağı parad meydanına gətirildikdən sonra mərasimlər açıq elan edilib. Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Gənc əsgərlər təntənəli şəkildə hərbi and içərək Vətənə sadiq qalacaqlarına söz veriblər.

"The Guardian": Azərbaycan özünü müdafiə edir

Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanovun nüfuzlu "The Guardian" qəzetinə ünvanladığı məktubu dərc olunub. Məktubda qəzetdə son aylar ölkəmizin əleyhinə dərc olunmuş məqalələrə cavab verilib. Bildirilib ki, işğaldan azad edilmiş ərazilər birmənalı olaraq beynəlxalq səviyyədə Azərbaycanın tanınmış əraziləridir və bu fakt BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi ilə də təsdiq edilib.

Həmçinin səfir bildirib ki, hər bir dövlətin öz ərazi bütövlüyünü qoruması BMT nizamnəməsində qeyd olunduğu kimi, onun ən əsas vəzifəsidir. Cənubi Qafqazda sülhə başlıca mane olan Ermənistanın Azərbaycan torpaqlarının işğalına son qoyulub və hər iki ölkənin rəhbərliyi tərəfindən yaxın aylarda sülhün əldə oluna biləcəyi bəyan edilib.

"Avropa İttifaqı Şurası": Azərbaycan-Ermənistan münasibətləri müzakirəyə çıxarılıb

Noyabrın 13-də Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirləri Azərbaycan və Ermənistan arasındakı son hadisələri müzakirə ediblər.

Bu barədə Avropa İttifaqı Şurasının rəsmi saytında məlumat yerləşdirilib. Bildirilib ki, müzakirəyə Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrel sədrlik edib.

Avropa İttifaqı ölkələrinin baş diplomatlarının Brüsseldəki gündəliyində əsas məsələ Qarabağ ətrafındakı vəziyyət, rəsmi Bakı və İrəvan arasındakı sülh danışıqları, eləcə də alyansın İrəvana dəstəyi olub. Ermənistandakı müşahidə missiyasının genişləndirilmə ehtimalı da gündəmə gətirilib.

"Anadolu Agentliyi": İsrail-Fələstin münaqişəsi iki dövlət prinsipi əsasında həll edilməlidir

İsrail-Fələstin münaqişəsinin beynəlxalq hüquq normaları və Birləşmiş Millətlər Təşkilatının (BMT) müvafiq qətnamələrinə uyğun olaraq, iki dövlət prinsipi əsasında həllini dəstəkləyirik.

"Anadolu Agentliyi" xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanına işgüzar səfəri çərçivəsində Birgə Ərəb İslam Fövqəladə Sammitində çıxış edərkən söyləyib.

Nazir Azərbaycanın vəziyyətin təcili deeskalasiyası, habelə hərbi əməliyyatların təxirəsalınmaz şəkildə dayandırılması istiqamətində çağırışlara qoşulduğunu bildirib. Həmçinin bütün Yaxın Şərq bölgəsi üçün həssas olan mövcud vəziyyəti daha da ağırlaşdıra biləcək davranışlardan çəkinməyin vacibliyini vurğulayıb. Bu istiqamətdə beynəlxalq ictimaiyyətin bütün səylərinin səfərbər edilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

"Daily News Egypt": ACWA Power, Masdar və SOCAR Azərbaycanda 500 MVt-lıq bərpaolunan enerji layihələrini reallaşdıracaq

ACWA Power şirkəti, Birləşmiş Ərəb Əmirliklərinin Masdar kimi tanınan "Abu Dhabi Future Energy Company" şirkəti və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında Anlaşma Memorandumu imzalanıb. Anlaşma Memorandumuna görə, tərəflər Naxçıvan Muxtar Respublikasında 500 MVt gücündə bərpaolunan enerji layihələrini inkişaf etdirəcəklər. Memorandumu ACWA Power şirkətinin investisiyalar üzrə baş direktoru Tomas Brostrom, Masdar şirkətinin baş icraçı direktoru Mohamed Jameel Al Ramahi və SOCAR-ın vitse-prezidenti Əfqan İsayev imzalayıblar.

Bu çərçivədə tərəfdaşlar dekarbonizasiyanı dəstəkləyən və Azərbaycanın bərpaolunan enerjiyə əlçatanlığını təmin edən layihənin işlənib hazırlanmasını və tətbiqini sürətləndirmək üçün öz təcrübələrini birləşdirəcəklər.

"Respublika".