Qəhrəmanlar unudulmur
Sosial həyat

Qəhrəmanlar unudulmur

Torpaq, Vətən uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalanları bu gün xatırlamaq mənəvi borcumuzdur. Bu müharibə Azərbaycana zəfər sevincini bəxş etməklə yanaşı, xalqımızın qəhrəman oğullarını da bir daha tanıtdı. Bu gün biz fəxrlə deyə bilərik ki, Vətən üçün şəhidliyi könüllü qəbul edən gənclərimiz var. Kapitan Ruhin Müzəffər oğlu Xəlilov da belə qəhrəmanlardan biridir... İndi bu ad-soyad çoxlarına tanışdır. Rahat işini, isti kabinetini soyuq səngərə dəyişən könüllü vətən fədaisi...

Vətən müharibəsi şəhidi Ruhin Xəlilov 1987-ci il martın 13-də Cəbrayıl rayonunun Məzrə kəndində doğulub. 1993-cü il avqustun 23-də Cəbrayıl işğal olunanda onun cəmi 6 yaşı var imiş. O zaman kim bilərdi ki, 6 yaşında doğulduğu rayonu məcburən tərk edən bu uşaq vaxt gələcək Vətən torpağının xilaskarlarından birinə çevriləcək...

 Ailəsi Cəbrayılın işğalından sonra Xırdalan şəhərində məskunlaşmışdı. Ruhin Xəlilov orta məktəbə Xırdalanda gedib, təhsilini də elə burada bitirib. Vaxtilə təhsil aldığı məktəbin müəllimləri deyirlər ki, Ruhin məktəbin ağıllı, tərbiyəli və savadlı şagirdlərindən biri olub və bu keyfiyyətlərinə görə də həmişə fərqlənib.

Doğulduğu Cəbrayılı azad etmək eşqi ilə yaşayan Ruhin yaşa dolduqca, Vətən nisgilini də içində böyüdüb. İnanırdı ki, nəhayət bir gün doğma rayonun azad olunması uğrunda savaşan əsgərlərdən biri məhz o özü olacaq. Bu arzu-istəklə ali təhsil aldı, hüquqşünas ixtisasına yiyələndi... Ali təhsilini Bakı Asiya Universitetinin hüquq fakültəsində alaraq, ədliyyə sistemində işə qəbul olunur.

Ədliyyə işçisi kimi Biləsuvarda, İmişlidə çalışdı, 10 ilə yaxın müddətdə vəzifə pilləsində addım-addım yüksəldi. Çalışdığı yerlərdə prinsipiallığı, haqq-ədalətin müdafiəçisi kimi hörmət-izzət qazandı. İmişli Rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsində çalışanda ədliyyə qulluğunu nöqsansız yerinə yetirməsi onu rəhbərliyin gözündə daha da ucaltdı.

Bacarığına, dürüstlüyünə, məsuliyyətli olmağına, peşəkarlığına inanıb irəli çəkdilər - Ədliyyə Nazirliyinə işə gətirdilər. Ədliyyə kapitanı rütbəsinə yüksəldi...

 Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimov şəhid olanda artıq bıçağın sümüyə dirəndiyini, daha geriyə yolun qalmadığını düşünən kapitan Ruhin Xəlilov ailəsindən xəbərsiz könüllü olaraq cəbhəyə getmək üçün yazıldı.

Beləcə, Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin məsləhətçisi, kapitan Ruhin Xəlilov Vətən Müharibəsi başlayandan 3 gün sonra - oktyabrın 1-də könüllü cəbhəyə gedib. O, Qarabağ uğrunda döyüşlərdə qəhrəmanlıqla vuruşan Şanlı Ordunun minlərlə əsgərindən biri oldu...

Bacısı Gülnar Xəlilova: "Tovuz hadisələrindən sonra könüllü yazılmışdı. Bu haqda ailədən heç kimə deməmişdi, sonradan bilmişdik... Cəbhədən zəng edəndə deyirdi hər şey yaxşıdı, çox şey söyləmirdi... Öz rayonumuz - Cəbrayıl alınanda mesaj yazmışdı ki, doğma torpaqdayam. Sizi bura gəzməyə gətirəcəm".

Ədliyyə zabitinin döyüş yolu 21 gün sürdü... Cəbrayıl, Zəngilan, Qubadlı uğrunda gedən döyüşlərdə fərqləndi, şücaət göstərdi. Döyüşən Ordunun tərkibində Laçın rayonu ərazisinədək irəliləyə bildi.

 Təəssüf ki, bacısına verdiyi sözə əməl etmək ona qismət olmadı... Ruhin Xəlilov oktyabrın 22-də Qubadlı istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu.

Onu Bakıda - Şəhidlər Xiyabanında - şəhid olan döyüş yoldaşlarının əhatəsində dəfn etdilər. Ruhin Xəlilov keçdiyi şərəfli döyüş yolu ilə xalqının və dövlətinin adını uca tutdu, qəhrəmancasına vuruşaraq müqəddəs şəhidlik zirvəsinə yüksəldi. O üç övladına - qızları - Qönçə və Melisaya, oğlu - Tunara şərəf və layaqətlə anılacaq bir yol qoyub getdi...

Prezident İlham Əliyevin sərəncamları ilə Ruhin Xəlilov "Vətən uğrunda", "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunub.

Ömrünü Vətən yolunda qurban verən Ruhin də adını heç zaman unudulmayacaq qəhrəmanlar salnaməsinə yazdırdı. Nə qədər ki canını Vətən uğrunda əsirgəməyən igidlərimiz var, Azərbaycan daim yaşayacaq, ucalacaq və qalib gələcək!

 Müşfiq MİRZƏ,

 "Respublika".