İDMAN: DAİM ZİRVƏLƏRDƏ
İdman

İDMAN: DAİM ZİRVƏLƏRDƏ

Şahmatçımız olimpiadada birinci olub

Niderlandın Eyndhoven şəhərində yeniyetmələrin Ümumdünya Şahmat Olimpiadasına yekun vurulub. Yarışda 47 ölkədən 63 komanda mübarizə aparıb.  Azərbaycan millisi olimpiadada Read Səmədov, Xaqan Əhməd, Cahandar Azadəliyev və Nərmin Abdinova ilə təmsil olunub. Şahmatçımız Read Səmədov birinci lövhədə 9 oyundan 8 xal toplamaqla ən yüksək nəticə sahibi kimi qızıl medala layiq görülüb. Mükafatlandırma mərasimində onun şərəfinə Azərbaycan himni səsləndirilib.

 

Türkiyəli idmançılar bürünc medal qazanıblar

Paytaxtımızda keçirilən atıcılıq üzrə dünya çempionatı davam edir. Türkiyə komandasının üzvləri 10 metr məsafəyə pnevmatik tapançadan atəş üzrə qarışıq komanda yarışında medal qazanıblar. Şevval İlayda Tarhan və Yusuf Dikeç cütlüyü gümüş mükafata sahib çıxıb. Eşa Sinqh və Şiva Narval (Hindistan) cütlüyü birinci, C.Ranxin və J.Boven (Çin) cütlüyü isə üçüncü yeri tutub. Qeyd edək ki, sentyabrın 1-dək davam edəcək dünya çempionatında 101 ölkədən 1239 idmançı iştirak edir.

 

Parapauerliftinq üzrə millimiz dünya çempionatında

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə avqustun 22-dən 30-dək gənclər və böyüklər arasında dünya çempionatı keçiriləcək. Yarışda ölkəmizi parapauerliftinq üzrə Azərbaycan milli komandasının səkkiz üzvü təmsil edəcək. Kişilərin mübarizəsində Pərvin Məmmədov (49 kiloqram), Ceyhun Mahmudov (54 kiloqram), Rəsul Zəkiyev (80 kiloqram), Nurlan Babacanov (107 kiloqram), Şamo Aslanov və Talıb Zeynalov (hər ikisi +107 kiloqram) yarışacaq. Qadınların yarışında isə Zəhra Dadaşova (55 kiloqram) və Leyla Kərimova (+86 kiloqram) mübarizə aparacaq.

 

Voleybolçularımız mübarizəyə başlayıb

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatında mübarizəyə başlayıb. Komandamız C qrupundakı ilk oyununda Çexiya yığması ilə qarşılaşıb. Almaniyanın Düsseldorf şəhərində baş tutan  qarşılaşma millimizin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qeyd edək ki, C qrupunda Azərbaycan, Çexiya, Türkiyə və İsveçlə yanaşı, Almaniya və Yunanıstan komandaları da mübarizə aparırlar. Sentyabrın 3-dək davam edəcək qitə çempionatına Belçika, İtaliya, Almaniya və Estoniya ev sahibliyi edir. Qrupda ilk dörd pilləni tutan ölkələr 1/8 finala yüksələcəklər.

Nərgiz İSMAYILOVA,

"Respublika".