ƏN UCA ZIRVƏ
Sosial həyat

ƏN UCA ZIRVƏ

44 günlük haqq savaşımızda Vətənin, millətin yolunda canını fəda edib qələbə sevincini bizə yaşadan Lənkəran elinin qəhrəman oğlu İmaməli Əhədzadənin əbədiyaşar ömrünün 26-cı ilinin tamamında rayonda anım mərasimi təşkil edilib. Rayon sakinləri, rəhbər işçilər yığışıb şəhidin ailəsinə baş çəkib, doğma Şilavar kəndindəki məzarını ziyarət edib, önünə tər güllər düzüblər.

Mərasimdə Vətən sevdalısı İmaməli Şəvəqqət oğlunun şərəfli həyat yolundan, canından artıq bağlandığı Azərbaycana ilahi sevgisindən, İkinci Qarabağ müharibəsində göstərdiyi şücaətdən qürurla, fəxrlə söhbət açılıb. Bildirilib ki, elin igid oğlu İmaməli ömrünün ən şirin çağında - 23 yaşında torpaq uğrunda şəhidlik zirvəsinə ucalıb. O, daim xoş duyğularla xatırlanır. Gələn nəsillərə də örnək olacaq.

Qalib şəhidimiz İmaməli Əhədzadə 2004-2015-ci illərdə Lənkəran şəhər Xarici Dillər Təmayüllü gimnaziyada təhsil alıb. 2015-2017-ci illərdə cəbhə bölgəsində xidmətdə olub. Xidmət zamanı, yəni 2016-cı il aprelin 2-dən 5-nə qədər davam edən Aprel döyüşlərində erməni dığalarına yaxşı dərs keçib. Həm də onun bu, misilsiz hünəri dillərdə dastana dönüb.

İkinci Qarabağ müharibəsində İmaməli Vətənin harayına könüllü səs verib. "Torpaq uğrunda ölən varsa, Vətəndir", - deyib Füzulinin, Cəbrayılın azadlığı uğrunda gedən ağır döyüşlərdə şücaət göstərib. Düşmən gülləsinə tuş gələndə də son sözü "Vətən" olub. Ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Cəsur döyüşçü" medallarına layiq görülüb.

Zəfər ORUCOĞLU.