Vətən torpağını bir boy ucaldanlar
Sosial həyat

Vətən torpağını bir boy ucaldanlar

Daha yurd həsrətimiz sızıldamır, qəlbimiz göynəmir, daha mürgülü xatirələr ürəyimizdə düyün bağlamır, sükunətə, qaranlığa, yad nəfəsə bürünən torpaqlarımıza günəş yenidən doğub, hər qarış torpağına hopan şəhid qanı nərgiz çiçəyinin ləçəklərində, kol dibindən ürkək-ürkək boylanan bənövşənin rəngində, torağayların nəğməsində, təbiətin ahəngində Qarabağın baharını qarşılayır. Baharın çiçəyi, gülün qönçəsi, yaşıl örpəyi, yasəmənin ətri, torpağın zümzüməsi, insanların əhvali-ruhiyyəsi bizə əziz bayramı yaşadan hər ötən günün ruhu çərşənbə tonqalları ilə birlikdə qəlbimizdə büsat qurur. Könlümüz şaddır, qəlbimiz fərəhlə, qürurla çırpınır, tarixi qələbənin üçüncü baharını elliklə, toy-bayramla qarşılayırıq.

Təzə günlərimizə xoş gəldin deyirik, köhnə günlərlə halallaşırıq. Novruz bayramına qədər dörd çərşənbəni qeyd edirik. Birinci su çərşənbəsidir. Qar, buz əriyir, torpaq yavaş-yavaş islanmağa başlayır. Su çərşənbəsində ürəyimizdə xoş bir arzu baş qaldırır, qoy yolumuz su kimi aydın, niyyətimiz su kimi təmiz olsun. Od çərşənbəsində axşam vaxtı qaranlıq düşəndə bütün el-obada tonqallar qalanır. İndi Qarabağda, Şərqi Zəngəzurda alovlanan bayram tonqalları qədim qala divarlarını isidir. Ənənəyə uyğun olaraq hər kəs tonqalın üstündən üç dəfə hoppanır, köhnə ilin azar-bezarını odda yandırır. Ardınca yel çərşənbəsi gəlir. Xəfif meh ağacların tumurcuqlarını oyadır, ətrafa sığal çəkir. Dördüncüsü torpaq çərşənbəsidir. Baxın, torpağı ana təbiət su ilə islatdı, günəşlə isitdi, onu əkinə, səpinə hazırladı. Keçmişdə ona görə də xışla-kotanla əkinə torpaq çərşənbəsində başlayıblar. İnanc belə olub ki, həmin əkin daha barlı-bərəkətli olur. Bir sözlə, yazın nəfəsi çiçəklərin ləçəklərində, quşların cəh-cəhində, əkinçilərin çöhrəsində daha aydın duyulur.

Novruz bayramı həm də savab işlərin, xeyirxah əməllərin həyata keçdiyi qədim bir ənənədir. İnsanlar bayramlaşır, bayram sovqatı ilə bir-birini sevindirirlər. Uşaqlar yumurta döyüşdürür, evlərə papaq atılır, bayram şirnisi toplanır. Xeyirxahlıq, mərhəmət əziz bayramın yaddan çıxmayan, unudulmayan dəyəridir, xalqımıza sevinc gətirən Novruzun sehrinə bələnirik, şəhid ailələrinə, müharibə əlillərinə baş çəkir, kimsəsizin, kasıbın qapısını döyürük, bayram xonçaları bu evlərə də ayaq açır. Bayram hər ailənin süfrəsinə ruzi-bərəkət gətirir, sınıq qəlbləri sevindirir. Qürur, sevinc, inam, qələbə, zəfər xalqımızı bir boy da ucaldıb. Üç yaşlı qələbə iki yüz illik münaqişəyə, işğala son qoyub, çiyinlərimizdən ağır yük götürülüb, başımız dikəlib, qürurumuz, şərəfimiz bərpa edilib. Qalib Ali Baş Komandan İlham Əliyevin fədakarlığı, siyasi qətiyyəti, dəyişməz mövqeyi və müzəffər ordumuzun qəhrəmanlığı sayəsində Ermənistan silahlı qüvvələri və onların arxalandıqları muzdlular, bir sözlə, düşmənin çoxsaylı hərbi texnikası, 30 ildə möhkəmləndirdikləri istehkamlar darmadağın edildi. Düşmən diz çökdü, ağ bayraq qaldırdı, təslim aktına imza atdı. Bu tarixi qələbə keçmiş məcburi köçkünlərin yurd həsrətinə, nisgilinə, kədərinə birdəfəlik son qoydu. Silahlı Qüvvələrimizin şəxsi heyəti düşmənin otuz ildə qurduğu istehkamları, səngərləri, müdafiə xətlərini məhv edərək dağları, yarğanları, sıldırım qayaları, keçilməz sədləri aşaraq Ali Baş Komandanın əmrini şərəflə yerinə yetirdi. Əsgər və zabitlərimiz düşmənin başını əzərək torpaqlarımıza, o cümlədən, Qarabağa və Şərqi Zəngəzura fəlakət, dağıntı, səfalət, qətliam və göz yaşından başqa heç nə gətirməyən hərbi caniləri və onların züy tutanlarını bu yerlərdən birdəfəlik qovdular. Qəhrəman və igid oğullarımız öz canlarını qurban verərək müqəddəs amal uğrunda, haqq, ədalət yolunda şəhid oldular. Üç ildən çoxdur ki, hər bir azərbaycanlının nəbzi Vətən müharibəsində əldə edilən parlaq qələbənin bəxş etdiyi sevinclə, qürur və iftixarla döyünür, şəhidlərin adının əbədiləşdirilməsi, qazilərə və şəhid əmanətlərinə diqqət və qayğının göstərilməsi xalqımızın ən yüksək və qiymətli dəyərlərindən birinə çevrilib. Torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərpası uğrunda keçirilən döyüş əməliyyatları Azərbaycan əsgərinin, zabitinin Vətən məhəbbətini, savaş əzmini, sarsılmaz xarakterini parlaq şəkildə nümayiş etdirdi. Qalib Azərbaycanın siyasi, iqtisadi və hərbi imkanları gündən-günə daha da genişlənir, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmlənir və bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Təbii ki, Qarabağ və Şərqi Zəngəzuru xoşbəxt gələcək gözləyir.

Yurdumuzun hər yerindən ata-ana xeyir-duası ilə savaşa gedən yüzlərlə igid oğlumuz qəhrəmanlıq göstərərək şəhid oldular, ölkəmizin hər yerində şəhid əmanətləri yaşayır. Ağdam şəhidlər yurdu adlandırılır, bu torpaqlarda müqəddəs şəhid ruhları dolaşır. Şəhidlər bayrağımızı, qürurumuzu, şərəfimizi ucaltdılar, torpaqlarımızı düşmən tapdağından azad etdilər. Şəhid ailələrinə, onların övladlarına, qazilərə baş çəkmək, onlara təsəlli vermək, gücümüz çatan qədər kömək etmək hər birimizin borcudur. İlahi bir hiss, ruhdan süzülüb gələn bir duyğu qəlbimizə hakim kəsilir və istər-istəməz düşünürsən ki, nədən gözəldir Vətən! Nədən... Məmləkətimin oğlunda, qızında bu qədər Vətən eşqi, yurd sədaqəti haradandır?! Bu hissləri sözlə açmaq mümkünsüzdür, bu, bir həyat fəlsəfəsidir. Odlar yurdunun oğlu da, qızı da düşmən çəpəri kimi, sərhəd dirəyi kimi doğular... Ağdamda hər üç qapıdan birini şəhid atəşi qarsalayıb, atalar qazidir, oğullar şəhid. Ata torpaqlarımızın müdafiəsi uğrunda qan töküb, savaşıb, qazi olub. Həmin atanın övladı Qarabağın işğaldan azad edilməsi üçün canından keçib, atasının arzularını yerinə yetirib.

Rayonun Çullu kəndində Allahverdiyevlər ailəsində eyni gündə dünyaya gələn Nazir və Tacir qardaşlarının taleləri, həyat yolları qoşa və qısa oldu. Hər iki qardaş iyirmi yaşında canlarını, arzularını Vətənə, torpağa qurban verdi. Heç vaxt bir-birlərindən ayrılmayan bu əkiz qardaşlar bir yerdə böyüdülər, orta məktəbdə bir oxudular, hərbi xidmətə bir yollandılar, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda da bir yerdə döyüşdülər. Bu müqəddəs yolda, eyni gündə şəhid oldular. Bir gündə iki övladını torpağa tapşıran Mailə ananın gözlərindəki kədəri qəlbindəki qürur ovudur, şərəfli bir ad daşıyır, şəhid anası!

Qarabağa və Şərqi Zəngəzura bahar gəlir, irəmələr yaşıl donunu geyinir, torpaq canlanır, leyləklər hündür dirəklərin başında yuva qurur, qaranquşlar göy üzündə sanki rəqs edir, ağacların, güllərin tumurcuqları günəşə sarı boylanır, meşələr qış örtüyünü çıxarır. Bu torpaqlarda həyat öz axarına düşür, keçmiş məcburi köçkünlər dədə-baba yurdlarına qaytarılır, dövlət bütün ehtiyaclarını ödəyir, bir kimsə diqqətdən kənarda qalmır. İndi Laçında, Zabuxda, Suqovuşanda, Füzulidə və digər ərazilərdə bayram tonqalları yandırılır, alovun şirmayi dilləri göy üzünə yüksəlir, bu tonqallar yurdumuzun xoş günlərindən müjdə verir.

Şəhid anaları, şəhid əmanətləri, qazilər, bayramınız mübarək olsun! Əli tətikdə, gözləri üfüqdə dolaşan, sərhədlərimizi gözbəbəyi kimi qoruyan əsgərlərimiz, zabitlərimiz, komandolarımız, xüsusi təyinatlılarımız bu bayram hər birinizin evinə, ailəsinə sağlamlıq, ruzi-bərəkət gətirsin, diziniz qatlanmasın, biləyiniz bükülməsin!

Salman ALIOĞLU,

"Respublika".