Hər günü bir tarix idi...
Tarix

Hər günü bir tarix idi...

Vətən müharibəsinin 31-ci günü

27 sentyabr 2020-ci ildə Azərbaycan xalqı və ordusu tək yumruq şəklində birləşərək 30 ilə yaxın düşmən tapdağında olan Vətən torpaqlarının azad edilməsi uğrunda müqəddəs savaşa başladı. 44 gün davam edən bu müharibə ordumuzun şanlı qələbəsi, düşmənin kapitulyasiyası ilə başa çatdı, minlərlə igid əsgər və zabitimizin canı, qanı hesabına torpaqlar işğaldan azad olundu. Vətən müharibəsində qazanılan qələbədə 44 günün hər günü bir tarixdir.

27 oktyabr

  • Vətən müharibəsinin 31-ci günündə Azərbaycan Silahlı Qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində döyüş əməliyyatlarını davam etdirib.
  • Müdafiə Nazirliyi bildirib ki, ötən sutka ərzində düşmən humanitar atəşkəs rejimini dəfələrlə pozub.
  • Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yayıb. Yeni humanitar atəşkəs rejiminə riayət etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 26-sı gün ərzində və 27-nə keçən gecə cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və cəbhəboyu zonaya yaxın yaşayış məntəqələrimizi müxtəlif silahlardan atəşə tutub. Döyüş əməliyyatları əsasən cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində davam edib. Hücum cəhdlərinin qarşısı alınan düşmən itki verərək geri oturdulub. Azərbaycan Ordusunun fəaliyyəti nəticəsində Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının ön idarəetmə məntəqəsi məhv edilmişdir. Ölənlər arasında diviziyanın qərargah rəisi polkovnik Sergey Şakaryan da var. Cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, eləcə də 1 ədəd T-72 tankı, 4 ədəd D-30 və 3 ədəd D-20 topu, 1 ədəd "Osa-AKM" ZRK, 1 ədəd BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemi, 1 ədəd radiolokasiya stansiyası və 6 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb. Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.
  • Ermənistanın motoatıcı diviziyasının qərargah rəisi məhv edilib. Düşmənin məhv edilən hərbi texnikasının siyahısı açıqlanıb.
  • Azərbaycan Ordusu bir ay ərzində Ermənistana hərbi texnika və canlı qüvvə baxımından ciddi zərbə vurub. Düşmənin dəyəri 2 milyard dollardan çox olan hərbi texnikası məhv edilib və hərbi qənimət kimi götürülüb.
  • Azərbaycan Ordusu cəmi bir ay ərzində 4 şəhər, 4 qəsəbə, 165 kəndi azad edib.
  • Goranboy, Tərtər və Bərdə rayonlarının əraziləri atəşə tutulub. Ermənistanın Bərdəyə raket atəşi nəticəsində ölənlərin sayı 4-ə çatıb. Bərdədə həlak olanlardan biri 8 yaşlı uşaqdır.
  • Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəsmi "İnstagram" səhifəsində Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəhərinin raket atəşinə tutulması zamanı həlak olan və yaralananlarla bağlı paylaşım edilib: "Bu gün Ermənistan silahlı qüvvələri döyüş əməliyyatları zonasından kənarda yerləşən Bərdə şəhərini raket atəşinə məruz qoyaraq humanitar atəşkəs rejiminin şərtlərini növbəti dəfə kobud şəkildə pozublar. "Smerç" qurğusundan buraxılmış kasetli raketlərlə atəş nəticəsində dörd mülki şəxs, o cümlədən yeddi yaşlı qız həlak olub. Dördü uşaq olmaqla on dörd nəfər ciddi xəsarət alıb. Silahlı münaqişələr zamanı mülki şəxslərin qətlə yetirilməsi 1949-cu il Cenevrə Konvensiyalarının və bütövlükdə beynəlxalq humanitar hüquq normalarının ən kobud şəkildə pozulması deməkdir. Erməni təcavüzkarlarının əli ilə daha neçə günahsız insan həlak olmalıdır ki, dünya birliyi bu cinayətləri dinməzcə seyr etməyə son qoysun? Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm, yaralananların tezliklə sağalmalarını arzulayıram. Biz öz torpağımızı təcavüzkarlardan azad edəcəyik və bu cinayətlərə son qoyacağıq. Uca Tanrı Vətənimizi qorusun!".
  • Baş Prokurorluğun məlumatına görə, Ermənistan ordusunun Bərdə rayonunu raket atəşinə tutması nəticəsində həlak olan mülki şəxslərin sayı dördə çatıb.
  • Ermənistan humanitar atəşkəs rejimini pozaraq Tərtər şəhərini və rayonun kəndlərini ağır artilleriyadan və "Smerç" yaylım atəşli reaktiv sistemindən atəşə tutub.
  • Azərbaycan Ordusunun düşməndən qənimət götürdüyü tanklar təmirdən sonra yenidən döyüşə göndərilib.

"Respublika".