Milli dirçəlişdən tərəqqiyə uzanan yol
Tarix

Milli dirçəlişdən tərəqqiyə uzanan yol

17 Noyabr Milli Dirçəliş Günüdür. 1988-ci ildə Sovet rəhbərliyinin Qarabağ məsələsi ilə bağlı anti-Azərbaycan siyasəti nəticəsində ölkəmizdə milli azadlıq hərəkatı başladı. Milyonlarla insan Azadlıq meydanına toplaşaraq Moskvanın anti-Azərbaycan siyasətinə qarşı çıxdı.

1989-cu ilin sentyabrında Ali Sovetin ölkəmizin suverenliyi haqqında Konstitusiya Aktını qəbul etməsi Moskvanı daha da qıcıqlandırdı və 1990-cı ilin 19-20 yanvarında Bakıya qoşun yeridildi. Mitinq iştirakçılarına qarşı ağır texnika və odlu silahlardan istifadə edildi. Yüzlərlə dinc sakin qətlə yetirildi. Amma bu hadisə xalqımızın milli qürurunu sındıra bilmədi. Əksinə, azadlıq hərəkatını daha da sürətləndirdi.

1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Sovetinin yeni tərkibdə ilk sessiyası keçirildi. Muxtar respublikanın adından "sovet sosialist" sözləri çıxarıldı. İmperiyanın hələ tarix səhnəsindən silinmədiyi bir dövrdə Naxçıvanın adından bu sözlərin çıxarılması müstəqillik yolunda milli dövlətçiliyimizin dirçəlişi istiqamətində atılan  ilk böyük addım oldu. Beləliklə, milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan tarixi yolun başlanğıcı qoyuldu.

O dövrdə Azərbaycanın "könüllü" daxil olduğu SSRİ-yə qarşı çıxmasına səbəb nə idi? Xalqın səbir kasasını nələr daşırmışdı? Bu illərdə azərbaycanlılar, ermənilər, ruslar, gürcülər "qardaş xalqlar" qismində birləşmişdilər. Lakin həmin dövrə qədər ermənilərin xalqımıza qarşı apardıqları etnik təmizləmə siyasəti pik həddə çatmış, hətta aşkar şəkildə hərbi hazırlıq prosesi dəstəklənmişdir. Bir sözlə, həm sovet imperiyasının zəifləməsi, həm hakimiyyətə ermənipərəst Qorbaçovun gəlişi onların əl-qolunu yaxşıca açmışdı. 1988-ci il 19 fevraldan başlayaraq İrəvanda ermənilər mitinqlərdə "Ermənistan türklərdən təmizlənməli", "Ermənistan ermənilər üçündür" kimi şovinist şüarlarla çıxış edirdilər. Həmin vaxtlarda azərbaycanlıların evlərinə od vuruldu, dram teatrı və məktəbi yandırıldı. Heç şübhəsiz, bu proses Sumqayıt hadisələrinə hazırlıq idi. Nəticədə həmin il fevralın 27-dən 28-nə keçən gecə Sumqayıtda erməni təxribatı nəticəsində 32 nəfər qətlə yetirildi və bu hadisə azərbaycanlıların törətdiyi fakt kimi təqdim olundu.

Hadisə zamanı çəkilişlərin professionallığı, videokameraların peşəkar yerləşdirilməsi onu göstərirdi ki, bu, əvvəlcədən planlaşdırılıb. Sonralar Levon Ter Petrosyan müsahibələrinin birində demişdi ki, Sumqayıt hadisələrindən sonra Azərbaycan xalqı şok vəziyyətinə düşmüşdü. Əgər ölkə rəhbərliyi bu məqamdan istifadə edib DQMV-nin Ermənistana birləşdirilməsi haqqında qərar çıxarsaydı, Azərbaycan xalqı buna etiraz edə bilməyəcəkdi. Başqa bir erməni isə etiraf edir ki, bu, Moskvanın xüsusi planı idi və Eduard Qriqoryan bu məsələni planlaşdırmışdı. M.Qorbaçov bunu xuliqanlıq hadisəsi kimi təqdim etmiş, hadisəni törədən Əhməd Əhmədovu edam etdirmiş, etiraz ərizələrinə məhəl qoymamışdı.

Vəziyyət getdikcə qızışırdı. Hayların istəyi Qarabağı əldə etmək idi. 1988-ci il fevralın 13-də Xankəndinin mərkəzi meydanında təşkil olunan mitinqdən bir həftə sonra, 20 fevralda Dağlıq Qarabağ Ali Sovetindəki erməni deputatlar qanunsuz olaraq vilayətin Azərbaycanın tərkibindən çıxarılaraq Ermənistan SSRİ-yə birləşdirilməsi məsələsini qaldırdılar. Bundan sonra sovet rəhbərliyi vəziyyəti "stabilləşdirmək" üçün Xankəndiyə daxili qoşunların batalyonunu göndərdi. 1988-ci ilin sentyabrından başlayaraq Xankəndidə baş verən hadisələr azərbaycanlılara qarşı əsl terror aktına çevrildi.

Xalqın qəzəbini alovlandıran hadisə isə Şuşanın nadir sərvətlərindən biri hesab olunan Topxana meşəsinin qırılması oldu. Bütün bunlar Azərbaycan xalqının səbrini daşırdı. 1988-ci il 17 noyabr tarixindən Meydan Hərəkatı başlandı, mitinqlər dekabrın 5-nə qədər davam etdi. Bütün xalqın mütəşəkkil şəkildə iştirak etdiyi nümayişlərdə Ermənistanın Azərbaycana qarşı təcavüzünün dayandırılması, Qarabağda anti-Azərbaycan siyasətinə son qoyulması, əks təqdirdə, Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq edilməsi, Azərbaycandan olan deputatların SSRİ Ali Sovetində Ermənistanın təcavüzü ilə əlaqədar məsələ qaldırılması və s. başlıca tələblərdən idi.

17 noyabrda Meydan Hərəkatı xalqımıza milli qürur hissini qaytardı. Bu hadisə tarixə Dirçəliş Günü kimi yazıldı. Məhz bu oyanışın nəticəsidir ki, bu gün Azərbaycan bütün ərazilərində öz suverenliyini tam bərpa edib, qüdrətli və güclü bir dövlətə çevrilib.

Nurlan ABDALOV,

"Respublika".