Tarixi haqqımız
Tarix

Tarixi haqqımız

Erməni vandalları əsrlər boyu Azərbaycan tarixini təhrif edib saxtalaşdırmağa çalışsalar da öz istəklərinə nail ola bilməyəcəklər. Tarix boyu daşnak ermənilərin planında türklərə aid torpaqları ələ keçirmək, onları öz yurdlarından qovmaq əsas məsələ olub. Azərbaycanlıların Ermənistandan kütləvi deportasiyası əsasən 1948-1953-cü illərdə Stalinin göstərişi ilə həyata keçirilmişdir. Əgər krım tatarlarını, çeçenləri və digər xalqları almanlarla əməkdaşlığa görə cəzalandırıb köçürmüşdülərsə, azərbaycanlıların köçürülməsinə yeganə səbəb onların elə  azərbaycanlı olmaları idi. Ermənilər bu işə əvvəlcə mənəvi təxribatdan başlamışdılar. Tarixi faktlara nəzər salsaq görərik ki, buranın yerli sakinləri azərbaycanlılar olub. Ermənilər isə ərazilərimizə sonradan gətiriliblər. 1828-ci ildən 1830-cu ilədək Cənubi Qafqaza 40 mindən çox fars və 84600 erməni yerləşdirilmişdir. Daha sonra isə 1896-cı ildən 1908-ci ilə qədər Qarabağa 400 min erməni əhali köçürülmüşdür.

Qərbi Azərbaycandan olan bir qrup ziyalılarla ölkə başçımızın görüşü tarixi bir hadisədir. Azərbaycan Prezidentinin dəfələrlə Ermənistanla bağlı söylədiyi tarixi faktlar əsaslı şəkildə ziyalılarımızın tarixdə saxtalaşdırılmış müəyyən məsələlərə yeni gözlə baxmasını zəruri edir. Bir neçə il öncə Prezidentin ifadəsində "...bizim İrəvan şəhəri Azərbaycan Cümhuriyyətinin ilk günlərində ermənilərə güzəştə gedilib..." ifadəsi məhz keşməkeşli dövrün ən böyük itkisindən xəbər verirdi. Ermənilərin vaxtilə Qərbi Azərbaycan ərazilərində yaşaması iddiaları erməni mifologiyasıdır. Ölkə başçımızın müdrikliklə səsləndirdiyi və bu gün dillər əzbəri olan "nəyi, necə və nə vaxt etmək lazımdır... bunu mən bilirəm" kimi dərin mənalı fikirləri bu gün Qərbi Azərbaycan İcmasının getdiyi yolda mayakdır. Qərbi Azərbaycana Qayıdış Konsepsiyasında soydaşlarımızın mülkiyyət hüququnun bərpa olunması məsələsi qoyulub. Eyni zamanda, onların torpaq sahələrinin icmalara qaytarılması məsələsi də konsepsiyada öz əksini tapıb. 

Qərbi Azərbaycana qayıdış bizim etnik və tarixi haqqımızdır. Bunu beynəlxalq ictimaiyyətlə yanaşı, Ermənistan tərəfinin də qəbullanması vacibdir. Sonuncu deportasiya zamanı bu ərazilərdən qovulmuş soydaşlarımızın əksəriyyətinin bölgələrdəki evi, əmlakı, mülki əvəzi ödənilmədən əllərindən alınıb. Son 200 ildə soydaşlarımız etnik təmizləmələrə, deportasiyalara, soyqırımlara məruz qalaraq həmin coğrafiyalardan zorla köçürüldükdən, çıxarıldıqdan sonra bu yerlərdə Azərbaycan izləri ermənilər tərəfindən silinib, toponimlərimiz dəyişdirilib, abidələrimiz saxtalaşdırılıb, məhv edilib. Bu ərazilərdəki tarixi-mədəni abidələrimizin vəziyyəti dəyərləndirilməli, bərpası məsələsi gündəmə gətirilməlidir. Soydaşlarımızın köçürüləcəyi ərazilərdə toponimlərin geri qaytarılması, Azərbaycan adlarının bərpa olunması məsələsi də Qayıdış Konsepsiyasında öz əksini tapıb.

Azərbaycanlıların indiki Ermənistandan köçürülməsində məqsəd Ermənistanın "təmizlənməsi" idi. SSRİ Nazirlər Kabinetinin sərəncamları ilə bu yerlərdə 2 mindən çox ad dəyişdirilmişdir. İndiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların hələ də öz evlərinə qayıda bilməməsi, bu ölkədə monoetnik dövlətçilik, etnik təmizləmə və sistematik irqi ayrı-seçkilik vəziyyətinin davam etməsi ədalətsizlikdir və davamlı sülhün bərqərar olmasına böyük maneədir.

Nurlan ABDALOV, 

"Respublika".