Yalan ayaq tutar, yeriməz
Siyasət

Yalan ayaq tutar, yeriməz

Qüdrətli Azərbaycan dövlətinin regionda yaratdığı yeni reallıqları həzm edə bilməyən Ermənistan və havadarları postmüharibə dövründə hər vəchlə haqq işimizə qara yaxmağa çalışdılar. 44 günlük Vətən müharibəsi ilə ərazi bütövlüyünü bərpa edən Azərbaycan hərbi və diplomatik sferada qələbə qazanarkən Paşinyan rejimi "çarə"ni təxribat maşınını işə salmaqda tapdı. Bununla yanaşı, ötən müddət ərzində yeni havadar axtarışına çıxan Paşinyan regionun təhlükəsizliyini heçə sayaraq Ermənistanın bir daha oyuncaq dövlət olduğunu sübuta yetirdi.

Təxribatların qısa xronikasına nəzər salsaq görərik ki, Ermənistan və qərb blokunun "interaktiv" fəaliyyəti beynəlxalq ictimaiyyətin gündəmini zəbt etmiş, saxta təbliğatlarla müxtəlif spekulyasiya və manipulyasiyalara yol verilmişdir. Anti-Azərbaycan dairələri bu yolla saxta ictimai fikir formalaşdırmağa çalışırdılar ki, guya Azərbaycan beynəlxalq humanitar hüquq qaydalarını pozur, müharibə cinayətləri törədir. Xatırladaq ki, Laçın dövlət sərhədi ətrafında başladılmış şoular da məhz bu qəbildən idi. "Humanitar böhran", "soyqırımı" iddialarını Ermənistan bu gün yenidən ortaya atır. Azərbaycan isə həmişə olduğu kimi, bu gün də reinteqrasiya çağırışı edir, Ermənistanı təxribat xarakteri daşıyan və vəziyyətin gərginləşməsinə xidmət edən əməllərdən çəkinməyə çağırır. Hələ separatçı rejimin ünsürləri Xankəndi və ətraf rayonlarda öz varlıqlarını davam etdirərkən bir tərəfdən bildirirdilər ki, erməni əhalisi acdır və humanitar yardımlar edilməlidir, digər tərəfdən isə Azərbaycanın göndərdiyi yardımları qəbul etməyərək "biz türkün çörəyini yemərik" deyirdilər. Məhz bu xislətin sahibləri düşünürdülər ki, cinayətkar ünsürlər Qarabağda əbədi olaraq "rahat və firavan" şəkildə yaşayacaqlar. Qərb bloku hayların "gərgin humanitar vəziyyət" və ya "blokada" tipli böhtanlarına inanır və Azərbaycana təzyiq göstərməyə cəhd edirdilər. Hətta bu şər kampaniyası BMT-nin gündəliyinə qədər gedib çıxmışdır. Ermənistanın istəyi ilə keçirilən təcili iclas zamanı isə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan təmsilçimiz Yaşar Əliyev qarşısında çıxılmaz vəziyyətdə qalmışdı. Nəticədə haylar bu iclasdan da istədikləri nəticəni əldə edə bilməmiş, saxta "blokada", "soyqırımı", "humanitar böhran" iddiaları suya düşmüşdü.

Keçirilən antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi. Bununla da separatizmin kökü torpaqlarımızdan əbədi olaraq kəsildi. Məhz sentyabr ayında keçirilən tədbirlərdən sonra əlində xalqımızın qanı olan cinayətkarlar məsuliyyətə cəlb edildilər. Əfsuslar olsun ki, bu məqamda anti-Azərbaycan bloku daha da fəallaşıb və atılan böhtanların sayı getdikcə artır. Antiterror tədbirlərinə qədər və sonra Azərbaycan daim Qarabağın erməni əhalisinə reinteqrasiya çağırışı etmişdir. Multikultural ölkə olan Azərbaycanın inteqrasiya çağırışını yüksək qiymətləndirmək əvəzinə, Hayastanın havadarları bu məsələyə də qulp qoşaraq növbəti ədalətsizliyə yol verdilər. Belə ki, Laçın nəzarət-buraxılış məntəqəsindən Ermənistana və digər ölkələrə üz tutan erməni əhalisi ətrafında yeni saxta ictimai fikir formalaşdırıldı. İddia edildi ki, guya bu ərazilərdə 100-120 min erməni var imiş. Şübhəsiz ki, bu dəfə də müəlliflər dəyişmədi. Erməni lobbisinin dəstəyi ilə qurulan bu təxribatın ana xətti ondan ibarət idi ki, guya Azərbaycan zorla bu insanları öz yurd-yuvalarından qovur. Lakin qeydə alınan videomateriallarda Laçından keçib gedən ermənilərin verdiyi müsahibələr bunun tam əksini, yəni reallığı ortaya qoyur. Məhz bununla da qane olmayan qərəzli qüvvələr öz çirkin əməllərindən əl çəkmir, Avropa Parlamenti başda olmaqla bir sıra beynəlxalq qurumlar yanlış fikir formalaşdırmağa çalışırlar. Erməni əhalisinin sayının şişirdilməsi isə növbəti təxribat planının bir parçası olaraq ictimaiyyətə çatdırılmış ağ yalandır.

BMT missiyası vəziyyətlə yerində tanış olmaq və sakinlərin humanitar ehtiyaclarını müəyyən etmək məqsədilə oktyabr ayında 2 dəfə bölgəyə səfər etmişdir. Hər iki səfərdən sonra BMT müsbət bəyanatlar verərək bölgədə hər hansı zorakılıq və humanitar böhranın olmadığını bəyan etmişdir. Əfsuslar olsun ki, qərb bloku bununla da qane olmadı. Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyalara çağıran qətnaməsinin 473 səslə qəbul edilməsi bir daha sübut etdi ki, regiondakı gücümüzü, ədaləti bərpa etməyimizi qısqananlar, buna qarşı çıxan qüvvələr bu xislətdən əl çəkən deyillər.

Lakin necə deyərlər, "yalan ayaq tutar, yeriməz". Sadalananlar bir daha göstərir ki, anti-Azərbaycan blokunun "ayaq tutan" yalanları hələ bundan sonra da davam edəcək, amma yeriməyəcək. İstər beynəlxalq, istərsə də regional müstəvidə bu həqiqətlər gec-tez ortaya çıxır və çıxacaqdır. Məhz son olaraq fransalı hüquq müdafiəçilərinin Qarabağda etnik təmizləmənin olmadığı faktını təsdiqləmələri bunu bir daha sübut edir. Belə ki, Fransanın "Coordination des Associations et des Particuliers pour la Liberte de Conscience" ("CAP Freedom of Conscience" - CAP-LC) hüquq müdafiə təşkilatı Azərbaycan tərəfindən Qarabağın erməni sakinlərinə qarşı etnik təmizləmə aparılmadığını təsdiqləyib. Bu barədə CAP-LC-nin "Avropa Hüquq və Ədalət Mərkəzi"nin Azərbaycanın Avropa Şurasında üzvlüyünün dayandırılmasını tələb edən petisiyasına cavabında deyilib. Xain əməllərin bu cür ifşa edilməsi, üstəlik fransalı hüquq müdafiəçilərinin yekun rəyləri məsələnin şəffaflığından xəbər verir. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ermənistandakı nümayəndəsi Kavita Bilan deyib ki, Qarabağın erməni sakinlərinə qarşı heç bir zorakılıq halları qeydə alınmayıb. Petisiya məsələsinə gəldikdə isə "Avropa Hüquq və Ədalət Mərkəzi" Rusiyanın üzvlüyünə xitam verilməsinə dair əsaslarla Azərbaycanın Avropa Şurasına üzvlüyünün dayandırılmasını tələb edən petisiyaya başlayıb. CAP-LC isə bu tələbin ədalətsiz və əsassız olmasına dair sübutlar göstərərək doğruları təbliğ edir. Yəni insanların buradan məcburi şəkildə köçürülməsi, onların geri qayıtmasının qarşısının alınması və "etnik təmizləmə" ilə bağlı iddialar əsassızdır.

Xatırladaq ki, BMT-də məşvərətçi statusu olan "Cap Freedom of Conscience" təşkilatı 1995-ci ildə yaradılıb. Avropanın bu qeyri-hökumət təşkilatı din və inanc azadlığı hüququnu qoruyur.

Ümid edirik ki, bundan sonra da Azərbaycanın haqq işini dəstəkləyən təşkilat və qurumlar daha da artacaq və Ermənistanın mühakiməsi prosesi reallaşacaq.

Nurlan ABDALOV,

"Respublika".