Latın Amerikasındakı icmamız Ermənistanın növbəti ekoloji təxribatını pisləyib
Diaspora

Latın Amerikasındakı icmamız Ermənistanın növbəti ekoloji təxribatını pisləyib

Latın Amerikası ölkələrində yaşayan icmamız Azərbaycanla sərhəddə Ermənistanın ekoloji durumun gərginləşdirilməsi istiqamətində atdığı növbəti yolverilməz addımı sərt şəkildə pisləyən bəyanatla çıxış edib. 25 iyun DİDK-dən bildirilir.

Azərbaycan icmasının ətraf mühitin mühafizəsi üzrə beynəlxalq təşkilatlara ünvanlanan bəyanatında bildirilib ki, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə sərhəddə – Yerasx (Arazdəyən) kəndində Ermənistanın 16 500 kvadratmetr sahədə illik  istehsal  gücü 180 000 ton olan iri metallurgiya zavodu tikməsi Latın Amerikasındakı soydaşlarımızda dərin narahatlıq hissi doğurub.

Bu zavodun inşası Ermənistan tərəfindən beynəlxalq hüquq norma və prinsiplərinin, xüsusilə də BMT-nin Avropa İqtisadi Komissiyasının Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiyasının (Espo Konvensiyası) müddəlarının kobud surətdə pozulması kimi dəyərləndirilib. Qeyd edilib ki, həmin müddəalara əsasən, Ermənistan öz ərazisində planlaşdırdığı bu fəaliyyəti Azərbaycanın müvafiq qurumları ilə razılaşdırmalıdır.

Ermənistanın beynəlxalq və ekoloji hüquq normalarını mütəmadi olaraq pozduğuna diqqət cəlb edilib. Bir müddət əvvəl Azərbaycan tərəfinin Metsamor Atom Elektrik Stansiyası ərazisində yeni nüvə reaktorunun tikintisi planları ilə əlaqədar Ermənistanın Espo Konvensiyanın müddəalarına əməl etmədiyi barədə qərar çıxarılmasına nail olub.

“Respublika”.