Azərbaycan dünya mediasında
Diaspora

Azərbaycan dünya mediasında

Hürriyyet: "KAAN" layihəsinə dair Azərbaycanla əməkdaşlıq

Azərbaycan Müdafiə Sənayesi Nazirliyi və Türkiyənin "Turkish Aerospase" (TUSAŞ) şirkəti arasında "KAAN" layihəsinə dair əməkdaşlıq protokolu imzalanıb.

Hürriyyetin xəbərinə görə, müqavilə Türkiyənin İstanbul şəhərində keçirilən "IDEF-23" 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində imzalanıb. Sənədə Azərbaycan tərəfindən müdafiə sənayesi naziri Mədət Quliyev, Türkiyə tərəfindən isə "TUSAŞ"ın baş meneceri Temel Kotil və Türkiyə Prezidenti yanında Müdafiə Sənayesi İdarəsinin rəisi Haluk Görgün qol çəkib. Protokola əsasən, Azərbaycan və Türkiyə milli döyüş təyyarələrinin istehsalı çərçivəsində mühəndislərin yetişdirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, bir müddət əvvəl "KAAN" döyüş təyyarələri sınaqdan keçirilib. Qırıcının bu ilin sonunda ilk uçuşunu həyata keçirəcəyi gözlənilir.

Eureporter: Azərbaycanın mədəniyyət paytaxtında qlobal medianın üzləşdiyi problemlər müzakirə olundu

Eureporter xəbər saytı Şuşada keçirilən "4-cü Sənaye İnqilabı dövründə Yeni Media" Qlobal Forumu barədə məlumat yayımlayıb. Məlumatda dünyanın müxtəlif ölkələrindən olan media nümayəndələrinin Şuşada bir araya gəldiyi öz əksini tapıb.

Yazıda, həmçinin İkinci Qarabağ müharibəsi nəticəsində erməni işğalından azad edilən Şuşanın abadlaşdırılması ilə bağlı fikirlər də qeyd olunub. Medianın üzləşdiyi problemlərin həlli çərçivəsində bir sıra məsələlər də müzakirə olunub: "Tamamilə etibarlı olmayan xəbərləri indi saysız-hesabsız mənbələrdən demək olar ki, hər yerdən əldə etmək mümkündür. Bunun həlli istiqamətində deyə bilərik ki, Azərbaycanın mədəniyyət paytaxtı media istehlakı və media məlumatlılığında mövcud tendensiyaları müzakirə etmək üçün uyğun yer idi", - bu kimi fikirlər xəbərdə yer alıb.

Anadolu Agentliyi: Azərbaycan Aİ-nin xarici siyasət idarəsinin rəhbərinin Qarabağla bağlı şərhindən təəssüflənir

Türkiyənin məşhur "Anadolu Agentliyi" Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin açıqlaması barədə məlumat yayımlayıb. Məlumatda, A.Hacızadənin Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrelin bölgədə vəziyyət barədə bəyanatını şərh etdiyi bildirilib.

Ayxan Hacızadənin sözlərinə görə, Azərbaycan tərəfi Avropa İttifaqının bölgədə sülh və sabitliyin bərqərar olmasına, Ermənistanla sülh prosesi üzrə danışıqlara verdiyi dəstəyi yüksək qiymətləndirir. "Buna baxmayaraq, Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrelin erməni tərəfinin yaydığı saxta təbliğat və siyasi manipulyasiyalara əsaslanaraq, 26 iyul tarixli bəyanatda bölgədə vəziyyətə dair sərgilədiyi yanaşma təəssüf doğurur", - deyə Azərbaycan XİN-in mətbuat katibi qeyd edib.

BNN News: Pakistan və Azərbaycan: neft sənayesində əməkdaşlığın yeni dövrü qurulur

BNN News xəbər saytı Azərbaycan və Pakistan arasındakı münasibətlər haqqında təhlili yazı yayımlayıb. Yazıda qeyd olunub ki, Pakistan və Azərbaycan neft sənayesində mühüm əməkdaşlıq sazişi imzalamağa hazırlaşır.

Neft və qaz sektorunda regional lider olan Azərbaycan Pakistana öz enerji potensialından istifadə etmək və xalqının artan enerji tələbatını ödəmək üçün şans verir. Bu tərəfdaşlıq Pakistana Azərbaycanın neft sənayesində təcrübəsindən faydalanmağa imkan verəcək. Etibarlı enerji mənbələrinin təmin edilməsi Pakistanın davamlı iqtisadi inkişafı üçün çox vacibdir. Azərbaycanla tərəfdaşlıq etməklə Pakistan öz enerji təhlükəsizliyini yaxşılaşdırmaq və ölkədə güclü enerji sektorunu inkişaf etdirmək istiqamətində mühüm addım atır.

Bu saziş həm də iki ölkə arasında ticarət və investisiya əlaqələrinin genişləndirilməsinə işarədir. Bu, infrastruktur, kənd təsərrüfatı və informasiya texnologiyaları kimi müxtəlif sektorlarda gələcək əməkdaşlıq üçün imkanlar açır.

Sonda qeyd olunub ki, sazişin imzalanması təkcə strateji iqtisadi addım deyil, həm də Pakistan və Azərbaycan arasında möhkəm dostluğun təntənəsidir.

24kg: Azərbaycan-Qırğızıstan İnkişaf Fondu Şurasının ilk iclası keçirilib

Çolpon-Ata şəhərində Azərbaycan-Qırğızıstan İnkişaf Fondu Şurasının ilk iclası keçirilib. Bu barədə 24kg xəbər saytı məlumat yayıb.

İqtisadiyyat və Ticarət Nazirliyindən bildirilib ki, naziri müavini Kanat Abdurahmanov Azərbaycan-Qırğızıstan İnkişaf Fondu Şurasının üzvü təyin edilib.

Şura Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun ali idarəetmə orqanıdır və Qırğızıstan tərəfdən iki, Azərbaycan tərəfdən isə üç nümayəndədən ibarətdir.

Fond aqrar-sənaye kompleksi, tikiş və toxuculuq, emal, mədənçıxarma və metallurgiya sənayesi, nəqliyyat, mənzil tikintisi, ticarət, enerji kimi sahələrdə kreditlər verməklə Qırğızıstan iqtisadiyyatının prioritet sektorlarında özünü təmin edən layihələri maliyyələşdirəcək.

Dark Reading: İsraildə təhsil almış Azərbaycanın ilk kiber tələbələri məzun oldular

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi ilk məzunlarını yola saldı.

Bu barədə İsrailin Dark Reading saytı məlumat yayıb.

Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov Hayfada yerləşən Technion ictimai tədqiqat universitetinin israilli əməkdaşları tərəfindən aparılan tədrisi yüksək qiymətləndirərək, mərkəzin Yaxın Şərqdə kiberhazırlığın inkişaf etdirilməsindəki rolundan bəhs edib:

"İlk məzun gününü keçirdiyimiz Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin rolu mühümdür. Biz hamımız kibertəhlükəsizliyin kritik əhəmiyyətini və buna görə də ona proaktiv yanaşmanın zəruriliyini anlayırıq".

S.Məmmədov qeyd edib ki, müraciət edən 2300 nəfərdən yalnız 60-ı mərkəzə qəbul olunub. Gələcəkdə yaxın üç il ərzində mərkəzdə 1000-ə qədər mütəxəssis hazırlanacaq.