XALQIMIZA ZƏFƏR YARAŞIR
Digər xəbərlər

XALQIMIZA ZƏFƏR YARAŞIR

Vətən müharibəsində Azərbaycan xalqı bütün varlığını ortaya qoyaraq dünyada bənzəri olmayan qəhrəmanlıq dastanı yazdı. Xalqımız ulu öndər Heydər Əliyevin "Biz qalib gələcəyik!" şüarı altında birləşərək zəfər çalacağına daim inandı və 44 günlük Vətən müharibəsində ölkə başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə yumruq kimi bir hədəfə vuraraq, igid əsgər və zabitlərimizin göstərdikləri qəhrəmanlıqlar nəticəsində parlaq qələbə qazandı və torpaqlarımızı 30 illik erməni işğalından azad etdi. Bu zəfər təkcə silahlı bir müharibədə qazanılan qələbəni deyil, eyni zamanda milli birlik və bərabərliyi, vətən sevgisini və torpaqlarımızın işğaldan azad edilməsi arzusunu da simvolizə etməklə torpaqları işğal altında olan digər millətlərə də ilham verdi.

8 Noyabr - Zəfər Günü xalqımız üçün qürur mənbəyi, şanlı tariximizin ən gözəl günlərindən biridir. Müzəffər Ali Baş Komandanımızın da qeyd etdiyi kimi, "Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq zəfər olmamışdır".

Xalqımız bu zəfərlə onu tarix səhnəsindən silmək istəyənlərə bütün məzlum xalqlara nümunə olacaq şəkildə, unudulmayacaq bir dərs verdi.

Azərbaycan Prezidenti cənab İlham Əliyev bütün beynəlxalq platformalarda münaqişənin sülh yolu ilə həll edilməsinin tərəfdarı olduğunu bildirsə də, danışıqlar prosesindən nəticə əldə olunmayacağı təqdirdə işğal olunmuş torpaqlarımızı müharibə yolu ilə geri almağa haqqımızın olduğunu hər zaman ifadə edirdi.

Azərbaycan və Ermənistan arasındakı münaqişənin həlli ilə bağlı yaradılmış ATƏT-in keçmiş Minsk qrupu 28 il ərzində fəaliyyət göstərsə də, Ermənistana qarşı işğalla bağlı heç bir ciddi təzyiq göstərmədi, əksinə, münaqişənin həll olunmaması və işğala əsaslanan status-kvonu saxlamaq üçün Ermənistana dəstək göstərildi və uzun illər ərzində danışıqlar prosesi imitasiya olunmuş əsasda aparıldı.

Ermənistan rəhbərinin təxribat xarakterli bəyanatları, "Qarabağ Ermənistandır və nöqtə" kimi provokativ çıxışları cavabsız qala bilməzdi və həmin məsuliyyətsiz bəyanatların cavabı döyüş meydanında verildi.

Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusu 27 sentyabr 2020-ci il tarixdə Ali Baş Komandan İlham Əliyevin əmri ilə bütün cəbhəboyu əks-hücum əməliyyatına başladı. Azərbaycan ordusu düşmənin müdafiə xəttini yararaq ərazilərimizi yağı tapdağından azad edirdi. Əks-hücum əməliyyatının ilk saatlarında cəbhə xəttindən sevindirici xəbərlər gəlirdi. Düşmənin xüsusilə möhkəmləndirilmiş ön müdafiə xəttini yaran Azərbaycan ordusunun Qaraxanbəyli, Nüzgar, Yuxarı Əbdürrəhmanlı, Böyük Mərcanlı, Kənd Horadiz və Qərvənd kəndlərini, Ağdərə rayonunda və Murovdağ silsiləsində mühüm strateji yüksəklikləri azad etməsi qarşıdakı böyük qələbəmizin ilk müjdəsi oldu.

Azərbaycan ordusu 27 sentyabr 2020-ci ildə başladığı əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək dünya hərb tarixində misli görünməmiş, yeni bir döyüş taktikası ilə 5 şəhəri, 4 qəsəbəni və 286 kəndi işğaldan azad etdi. 44 gün ərzində həyata keçirilən sürətli döyüş əməliyyatları ilə Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsız yüksəklik işğaldan azad olundu.

2020-ci il noyabr ayının 8-də Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhəri işğaldan azad olundu. Bu tarixi müjdəni Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev həmin gün Şəhidlər xiyabanından xalqa etdiyi müraciətdə: "Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!" sözləri ilə verdi. Həmin gün xalq olaraq ən xoşbəxt günlərdən birini yaşadıq. Hər il noyabr ayının 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir.

Tarixi Şuşa əməliyyatından sonra təslim olmağa məcbur olan Ermənistan ordusu Azərbaycan ordusu qarşısında tab gətirə bilməyib məğlubiyyətə düçar oldu və yeni əsrin tarixinə ilk kapitulyasiya aktı kimi düşən 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat canlı yayımda Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən imzalandı. 2020-ci il noyabr ayının təxminən 4-dən "qeybə çəkilən" Ermənistanın baş naziri Nikol Paşinyan isə üçtərəfli Bəyanatın imzalanma mərasimində iştirak etmədi. Ermənistan liderinin iştirakı olmadan kapitulyasiyaya məcbur edildi. Düşmənin kapitulyasiyası ilə Ağdamı, Kəlbəcəri və Laçını qan tökmədən geri almağa müvəffəq olduq. Otuz ilə yaxın işğal altında qalan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edildi.

Torpaqlarımız 30 ilə yaxın müddət ərzində işğal altında olsa da Azərbaycan xalqı özünə, rəhbərinə, ordusuna və qalib gələcəyinə daim inandı. Böyük tarixi şəxsiyyət, ulu öndər Heydər Əliyev hər bir çətin vəziyyətdən ən düzgün çıxış yolu taparaq zamanın sərt sınaqlarından xalqımızı yüksək məharətlə çıxara bildi. Onun siyasi irsinin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycan Prezidenti seçilməsinin 20-ci ildönümündə - 15 oktyabr 2023-cü il tarixində Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə dövlət bayrağını ucaltmaqla Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş oldu.

Ölkə başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə aparılan bərpa-quruculuq işləri işğaldan azad olunmuş ərazilərimizə yenidən həyat verir.

Vüsal MƏMMƏDOV,

Ədliyyə Nazirliyi Məhkəmə

Ekspertizası Mərkəzinin Psixoloji

ekspertiza şöbəsinin rəisi,

kiçik ədliyyə müşaviri.