Milli Məclisin növbəti plenar iclasında
Siyasət

Milli Məclisin növbəti plenar iclasında

Dekabrın 22-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, iclası açan S.Qafarova gündəlikdə birinci məsələnin "Azərbaycan Respublikası Hökuməti ilə İraq Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş"in təsdiq edilməsi barədə qanun layihəsi olduğunu deyib.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişiklik edilməsi haqqında (üçüncü oxunuş), "Dəniz limanları haqqında" qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) və "Dövlət rüsumu haqqında" qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihələrini təqdim edib.

Sonra Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov "Milli təhlükəsizlik haqqında" qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsi ilə bağlı məlumat verib.

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Əliabbas Salahzadə bildirib ki, hazırda qüvvədə olan "Elektroenergetika haqqında" qanunda dəyişiklik edilməsi barədə 2023-cü il 30 may tarixli qanunda müvafiq icazə olmadan tikilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulmasının qadağan edilməsi məsələsi ehtiva olunur. Layihədə bu qadağanın yeni qəbul edilmiş və 2024-cü il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulan "Elektroenergetika haqqında" 2023-cü il 11 aprel tarixli qanuna da əlavə edilməsi təklif olunur. Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Milli Məclisin sədri gündəliyin son məsələlərin ikinci oxunuşda qanun layihələri olduğunu bildirib. Spiker növbəti iki məsələnin - Mülki Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında və "Mediasiya haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihələrinin Prezidentin məktubu ilə daxil olduğunu və mahiyyətcə bir-birinə bağlılığını deyib. O, hər iki layihəyə Hüquq siyasəti və dövlət quruculuğu komitəsində baxıldığını söyləyib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov Mülki Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsinin "Arbitraj haqqında" qanun layihəsi ilə bağlı olduğunu, mahiyyətcə uyğunlaşdırma xarakteri daşıdığını və birinci oxunuşda sənədlə bağlı hər hansı bir sual yaranmadığını diqqətə çatdırıb.

"Prokurorluq haqqında" qanunda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsinə dair Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə məlumat verib. Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, "Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında" və "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Gündəliyin sonuncu məsələsi olan Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli qanunu ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə əlaqədar Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov məlumat verib.

Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Bununla da Milli Məclisin plenar iclası başa çatıb.

“Respublika”.