Fransada mənəvi-əxlaqi deqradasiya
Siyasət

Fransada mənəvi-əxlaqi deqradasiya

Hazırda bir çox Avropa ölkələrində, xüsusilə də Fransada mənəvi-əxlaqi deqradasiya yaşanır. Dini, irqi ayrı-seçkilik, ibadət yerlərinə, heykəllərə hörmət edilməməsi son vaxtlar həddindən çox artıb. Bir ölkə əgər özünü "demokratiyanın beşiyi" adlandırırsa, bu zaman o, bunu əməldə də təsdiq etməlidir. Göz boyamaq, rəftarı ilə sözünün tərs mütənasib olması xüsusilə də Fransaya məxsusdur. İllərdir özünü demokratik ölkə kimi qələmə verən rəsmi Parisin əsl üzü isə yavaş-yavaş üzə çıxmağa başlayır. Ötən günlərdə Azərbaycan tarixinin görkəmli şəxsiyyətlərindən olan Xurşidbanu Natəvanın heykəlinin üstünü örtüklə bağlamaları növbəti anti-Azərbaycan hərəkatının təzahürüdür.

Həmçinin 2017-ci ildə təməli qoyulmuş "Azərbaycan parkı"nın şəhər ətrafındakı bütün plakatları sökülüb, yığışdırılır. Şübhəsiz ki, bu qərarın əsas səbəbi Fransanın Ermənistan "sevgisi" olub. Azərbaycan mədəniyyətinin düşmənləri atdıqları bu addıma yalançı don geyindirərək açıqlayıblar ki, guya bu, sadəcə təmir məqsədilə edilib. Sadə məntiqə əsaslansaq və Fransanın vandalizm tarixini görməzdən gəlsək, buna hardasa inanmaq olar. Lakin parkın plakatlarının ətrafdan götürülməsinin heç bir məntiqi əsası yoxdur. Bu, birmənalı olaraq, həmin parkın yaxın gələcəkdə sökülməsinə və ya adının dəyişdirilərək başqalaşdırılmasına işarədir. Fransanın bu addımı son vaxtlar rəsmi Parisdə hökm sürən mədəni şovinizm, ksenofobiya, qərəz və digər mədəniyyətlərə qarşı dözümsüzlük siyasətini nümayiş etdirir.

Şəhər merinin müavini Jan-Pyer Amadio Xurşidbanu Natəvana ehtiramını bildirərək abidənin müdafiəsinə qalxıb: "O, azad qadın kimi tanınır və Eviandakı abidədə örtüksüz təsvir edilib. Əlbəttə, biz erməni xalqını dəstəkləyirik, lakin mədəniyyət və incəsənət xalqları və ölkələri birləşdirən ən etibarlı körpüdür. Hər şeyi aradan qaldırıb bu körpüləri dağıtmalıyıq?".

Qısası, o, burada erməni xalqını açıq formada dəstəklədiklərini bildirib. Müavin mədəniyyətin vacibliyini, önəmini vurğulamasına baxmayaraq, atılan addımlar bunun tam əksini göstərir. Fransa öz şəxsi maraqlarına əsasən Ermənistanı dəstəkləyə bilər. Çünki burada bəlli məsələdir ki, Makron hakimiyyəti İrəvanı öz forpostu edərək Cənubi Qafqazda mövcudluğunu rəsmi olaraq möhkəmlətmək istəyir. Şəxsi mənafeyi əsasında anti-Azərbaycan bəyanatları verərək istədiyinə nail ola bilməyən Fransa bu kimi addımlara əl ataraq öz çirkin niyyətini nümayiş etdirir. Hadisələrlə bağlı narazılıq bildirməyin müxtəlif rəsmi yolları var. Lakin bir ölkənin şairinə, ədəbiyyat xadiminə, mədəniyyət abidəsinə hörmətsizlik qəbuledilməzdir. Bütün bu olanlar obyektivlikdən tamamilə uzaq ermənipərəst qüvvələrin əməllərinin nəticəsidir.

Fransanın son vaxtlar taxdığı kloun maskası yavaş-yavaş düşməyə başlayır. "Demokratiyanın paytaxtı" hər kəsə eyni hüquq verdiyini, mədəniyyətlərə, insanlara hörmət etdiyini iddia edir. Mədəniyyət pərdəsinin arxa planı isə daha aydın formada göründü. Lakin digər bir məqam da var ki, bu da bütün şəxsi seçimlərə "hörmət" etməsidir. Ötən günlərdə ölkənin artıq sabiq baş naziri Elizabet Born hökumətin istefası ilə bağlı prezidentə müraciət ünvanlayıb və onun bu müraciəti Makron tərəfindən qəbul edilib. İstefaya göndərilən baş naziri isə Qabriel Attal adlı şəxs əvəzləyib. Əslində məsələ çox sadə görünür. Lakin Yelisey sarayının atdığı heç bir addım boşuna və ya hesablanmamış deyil. Nazir vəzifəyə təyin olunduqdan bir neçə dəqiqə sonra sosial şəbəkələrdə və yerli KİV-lərdə həmin şəxsin cinsi azlıq nümayəndəsi olması sürətlə yayılmağa başlandı. Bu zaman tərəflər iki hissəyə bölündü. İlk növbədə daha mühafizəkar olanlar, ikinci növbədə isə bu addımı alqışlayanlar. Bu xəbərin birdən-birə ortaya çıxması heç də təsadüfi deyil. KİV-lər eyforiyaya qapılaraq məsələni olduqca qabartdılar. Bununla da Fransa bir daha dünyaya özündən bəhs etdirdi. Növbəti dəfə özünü "demokratik ölkə" elan etdi. Lakin məsələnin pərdə arxası heç də elə deyil. Məsələnin xüsusilə bu dönəmdə gündəmə gəlməsi Yelisey sarayı tərəfindən planlanmış addım idi. Çünki Qabriel Attal əvvəllər təhsil naziri olmasına baxmayaraq, bu barədə heç bir məlumat və sensasiya yaradacaq xəbərlər yayımlanmırdı. Heç bir xüsusi əhəmiyyət daşımayan bu məsələ ona görə ortalığa çıxdı ki, hazırda Fransada, ümumiyyətlə, dünyada minlərlə cinsi azlıq nümayəndəsi mövcuddur. Daha çox mühafizəkar ölkələr tərəfindən təhqirə, ölüm təhdidlərinə məruz qalan həmin şəxslər özlərinə sığınmaq üçün yeni limanlar axtarırlar. Bu da daha çox insanların bir-birinin işinə qarışmadığı, şəxsi fikirlərə hörmət edilən ölkələrdir. Digər bir kriteriya isə dövlət rəhbərlərinin bu qrupun nümayəndələrinə hər hansı qadağalar tətbiq etməməsidir. Makronun bu addımı cinsi azlıq nümayəndələrinə stimul verdi ki, onlar Fransada tam azad ola, hətta istəsələr yüksək vəzifələrə də təyin oluna bilərlər. Yelisey sarayının bu qərarı, həmçinin həmin şəxslərin beynində fikir formalaşdırır ki, Fransa demokratik, haqq-ədaləti bərpa edən ölkədir. Buna görə də rəsmi Paris nəyi dəstəkləsə, ölkələrə qarşı hansı qərarı versə, dövlətləri fərqli iddialarla ittiham etsə, tamamilə haqlıdır. Bu əslində Makronun ən fırıldaqçı qərarlarından biri idi. Həmin qrup nümayəndələrinə şüuraltı təsir göstərərək özünə yeni tərəfdaşlar qazandı. Əslində isə bu günə qədər minlərlə cinsi azlıq nümayəndəsi Fransada amansızcasına qətlə yetirilib.

Makron hakimiyyətinin bu qeyri-səmimi seçimi tez bir zamanda öz həqiqi əksini tapacaq. Yavaş-yavaş maskası düşən Fransa bu addımının əsl mahiyyətini də yaxın zamanlarda etiraf etməyə məcbur olacaq.

Töhfə SƏMƏDOVA,

"Respublika".