Dərələyəz...
Mədəniyyət

Dərələyəz...

(Poema)

SSRİ Nazirlər Sovetinin "Kolxozçuların və başqa azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" qararına uyğun olaraq 1948-1953-cü illərdə qədim İrəvan torpaqlarından azərbaycanlı əhalinin kütləvi şəkildə köçürülməsinə başlanılmışdı. Qərarda 100 min soydaşımızın "könüllü" olaraq köçürülməsi nəzərdə tutulmuş, 1954-cü ilə qədər davam edən məcburi köçürülmə zamanı isə sənəddə göstərildiyindən daha çox soydaşımız yurd-yuvasından perik salınmışdır. Köçürülən yerli əhalinin evlərində xarici ölkələrdən gətirilən ermənilər məskunlaşdırılmışdı.

Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərdən sonra isə indiki Ermənistan ərazisindən qovulmuş soydaşlarımızda doğma yurd yerlərinə qayıtmaq ümidi artdı. Dövlət başçısının müvafiq qərarı ilə yaradılan Qərbi Azərbaycan İcması da məhz bu istiqamətdə fəaliyyət göstərir. İcmanın hazırladığı Qayıdış Konsepsiyasında soydaşlarımızın könüllü şəkildə, təhlükəsiz şəraitdə və ləyaqətlə öz yurdlarına qayıdışının təmin olunması nəzərdə tutulur.

Əslən Qərbi Azərbaycanın qədim yaşayış məskəni Dərələyəz mahalından olan Xalq şairi Vahid Əziz də əzəli yurd yerlərindən didərgin salınmış və o yerlərə qayıtmaq ümidi ilə yaşayan Qərbi azərbaycanlılardan biridir. Şair "Dərələyəz" poemasında o yerlərin başı dumanlı dağlarını, güllü-çiçəkli dərələrini, qaynar bulaqlarını, Herher kəndində düşmənin viran qoyduğu ata ocağını, orada yaşadığı qayğısız illərini, bəxtəvər günlərini ürək yanğısı ilə qələmə almışdır. Mövzunun aktuallığını nəzərə alaraq şairin bu əsərini oxucularımıza təqdim edirik.

Köç

Bu da "Arazdəyən", upuzun qatar,

millət daşıyacaq - Yurddan didərgin,

Moskvada "daşnakın" Mikoyanı var,

üstəlik, minlərlə vicdanı çirkin!

Gözəl Dərələyəz, Göyçə, Zəngəzur

didərgin salındı yurd-yuvasından,

gücümüz çatmadı - məkrli gavur

iznini almışdı Moskvasından!

Qatarlar gəlmədən, qış aylarında

didərgin saldılar bizim elləri;

"Gecə Dəlidağın dolaylarında

çovğuna düşdülər" - gəldi xəbəri.

Əzablar çəkdikcə bəlalı xalqım

düşmənlər kef çəkib qaqqıldayırdı,

buzlardan dartdıqca - qız-gəlinlərin

hörüyü şimşəktək şaqqıldayırdı!

Bu cür perik düşüb el-obamızdan

qırılan biz olduq, yanan biz olduq,

yadlar məskən saldı torpağımızda,

sabaha ümidi sınan biz olduq!

Dil tutmur, çox şeyi ürək deyəndə

Həm də utanıram açıb-ağardam,

Amma ki, haçansa, geri dönəndə,

Yolumuz keçəçək xarabalardan.

***

Halal duz-çörəkli evlərimizdə

eh, o qədərimiz kama yetmədi!

bircə nəfər belə, Dərələyəzdə

erməni qızını gəlin etmədi!

Nə cür dəyişdisə bu dövran, əyyam,

adamlar harama tamah saldılar,

nədən buralarda (çətin anlayam)

çoxları "Haxçiyi" matah saydılar?!

Arpa çayımızın suları qırçın

Arpa çayımızın suları qırçın,

payızda durulur, yazda bulanır,

Quzey tərəfində ulu Kəlbəcər,

Güneyə baxanda Şərur dayanır.

Böyüklər bu yerdə silahlı, atlı,

ağıllı uşaqlar dərs oxuyurdu,

hər zaman buğlanan, toylu-büsatlı,

"Səfolar" adlanan İstisuyuydu.

Gözəl xalqımızın Tanrı payına

yaman sahib çıxdı o, yadellilər,

qatıb Kəlbəcərin İstisuyuna,

qablara doldurub - "Çermuk" deyiblər.

***

Qədim Dərələyəz - böyük bir mahal,

sayı bir neçə yüz kənd, parakənddi,

suyu mərcan kimi, çörəyi halal,

insanı zəhmətkeş, əkib-biçəndi!

Dağların ölçülməz çəkisi vardı,

Zirvəsi göydələn, çəməni dizdən,

hər kəs uşağa da sayqı duyardı,

deyəndə - "Gəlmişəm Dərələyəzdən".

Elə şirin idin, a körpəliyim,

gizli, aram-aram çıxıb gedirdin,

daha Herherimi nə tərifləyim?

Elə - nə olduğun mənnən götürün!

***

Kəndin bir tərəfi - biz, Kəngərlilər,

o biri başında - "Qazağ uşağı",

Kürdlər məhləsində Culdan gəlmələr,

həyət-baxçaları bağlı-bəhrəli.

Nə - "mənəm-mənəmlik", nə "özgə", filan?!

hər şey çözülərdi öz aramızda,

qədəmlər sınardı hərdən "Yallıdan",

"Qazağ uşağı"ynan toylarımızda.

Olmazdı, yox idi hasar arada,

hamı bir-birinin halın bilərdi,

qaraqaş, qaragöz kürd qızlarından

xeylisi Kəngərli gəlinləriydi.

Tutmaz beş-on kitab ətraflı yazsam,

hərdən xatirələr ağlımı alır,

o uzaq illərdə uşaq da olsam,

xeyli kənd adları yadımda qalır.

Sevimli Herherim ata ocağım,

anam gəlin gəldi "Gülü düzündən",

öpüb sevə-sevə qucaqladığım

doymazdım Tutuyla Xatın nənəmdən.

Bir babam sürülü, qəflə-qatarlı,

o biri babamın kotanı, cütü,

demirəm, adamın hamısı varlı,

amma ki, görmədim yoxsulu, "lütü"!

Yadıma salıram şam işığında,

(kövrələ-kövrələ yada salıram)

çiçək dərdiyimi "Leyliqaçanda",

küləkli Köşbəyi xatırlayıram.

Burda

 bütün ili, gecəbəgündüz

yorulmaq bilmədən külək əsərdi,

burdan "Ağrıdağ"la dursan üzbəüz,

canına qəribə isti gələrdi.

Bir dağ da varıydı kənddən aralı -

içi boş, adı da "Təpəsdəlikdi",

Toylar, yaxınında tutmazdı yallı,

tez-tez getdiyimiz ağır Piridi.

Enək Qabaxlıdan üzü yenişə,

bu-Zeytə, Kotanlı, bu-Gabud, Ağkənd,

Terpin bir yanının yarısı meşə,

yarısı, beş-on ev xırdapara kənd.

Qovub yaddaşımdan çəni, dumanı,

Hərdən gah gülürəm, gah ağlayıram,

Aşıq Fətullanı, Aşıq Salmanı,

Sallılı Bəhməni xatırlayıram.

Qəbri nurla dolsun - Həsən Mirzə də,

mənimlə çox şeydə həmdərd olurdu,

hesab müəllimimiz Aşıq Mehdi də

yaxın vaxtlaradək hələ dururdu.

Vahid ƏZİZ,

Xalq şairi.