Azərbaycan dünya mediasında
Diaspora

Azərbaycan dünya mediasında

"Turkic World": Türkiyə-Azərbaycan birliyi önəmli amilə çevrilib

"Bu gün Türkiyə-Azərbaycan birliyi təkcə bölgə üçün deyil, bütünlükdə Avrasiya regionu üçün önəmli amilə çevrilib".

"Turkic World" saytının xəbərinə görə, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan ilə birgə mətbuat konfransı zamanı səsləndirib. Dövlətimizin başçısı qeyd edib ki, hər dəfə olduğu kimi, bu dəfə də prezident seçkilərindən sonra ilk rəsmi səfərini qardaş Türkiyəyə edib.

Nəşrin məlumatına görə, prezidentlər ikitərəfli əlaqələrin bütün istiqamətlərini nəzərdən keçirib, həmçinin əməkdaşlığın daha da dərinləşdirilməsi üçün atıla biləcək addımlar barədə fikir mübadiləsi aparıblar. Rəcəb Tayyib Ərdoğanla İlham Əliyev ikitərəfli münasibətlərlə yanaşı, aktual regional və beynəlxalq məsələləri də müzakirə ediblər. Daha sonra dövlət başçılarının iştirakı ilə Türkiyə və Azərbaycan arasında sənədlər imzalanıb.

"Hürriyyət": Türkiyə-Azərbaycan Universiteti yaradılır

Prezident İlham Əliyevin Türkiyə Respublikasına etdiyi rəsmi səfər çərçivəsində Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə iki ölkə arasında bir sıra sənədlər imzalanıb. "Hürriyyət" nəşri yaydığı məlumatda qeyd edib ki, həmin sənədlərdən biri də Türkiyə-Azərbaycan Universitetinin yaradılması ilə bağlı olub.

Bildirilib ki, Azərbaycanın Elm və Təhsil Nazirliyi ilə Türkiyənin Ali Təhsil Şurası arasında Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumunu nazir Emin Əmrullayev və Ali Təhsil Şurasının sədri Erol Özvar imzalayıb.

Verilən xəbərə görə, universitet bu ilin sonunda fəaliyyətə başlayacaq. Qardaş ölkə xüsusilə səhiyyə, mühəndislik və informatika sahəsində təcrübəsini Azərbaycanla bölüşəcək. Təhsil ocağında ixtisaslı kadrların hazırlanması üçün Türkiyənin tanınmış universitetlərinin bakalavr və magistratura proqramları tətbiq ediləcək.

"Vestnik Kavkaza": Bu il Azərbaycana turist axını 39%-dən çox artıb

2024-cü ilin yanvar ayında Azərbaycana dünyanın 152 ölkəsindən 165,8 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 39,3 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

"Vestnik Kavkaza" Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ölkəyə gələnlərin əksəriyyəti Rusiya və Türkiyə vətəndaşlarıdır. Bu fikrin faizlə ifadəsi isə müvafiq olaraq, 27,5 və 19,8-ə bərabərdir. Digər ardıcıllıq isə belədir: İran 9,7, Hindistan 6,1, Gürcüstan 4,9, Səudiyyə Ərəbistanı 3,5, Qazaxıstan 2,9, Birləşmiş Ərəb Əmirlikləri 2,7, Pakistan 2,5, Küveyt 2,4, Özbəkistan 2,0, Oman 1,8, Türkmənistan 1,5, Ukrayna 1,3, Belarus 1,0 faiz. Digər ölkələrin vətəndaşları isə 10,4 faiz nisbətində olmuşdur. Gələnlərin 74,2 faizini kişilər, 25,8 faizini qadınlar təşkil edib.

Ötən ilin yanvar ayı ilə müqayisədə MDB ölkələrindən gələnlərin sayı 25,1 faiz artaraq 61,3 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 1,5 dəfə artaraq 4,7 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 1,6 dəfə artaraq 35,1 min nəfər olub.

"BNN Breaking": Azərbaycan-Xorvatiya mədəni əlaqələrində yeni inkişaf yolları açılır

"BNN Breaking" xəbər verir ki, Azərbaycanın mədəniyyət naziri Adil Kərimli Bakıda səfərdə olan Xorvatiya Respublikasının Xarici və Avropa İşləri Nazirliyində siyasi məsələlər üzrə dövlət katibi (nazir müavini) Frano Matuşiçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. İclasda bildirilib ki, hər iki ölkə mədəni mübadilə, iqtisadi əməkdaşlıq, sülh və firavanlıq üçün ortaq məqsədlər vasitəsilə ikitərəfli münasibətləri genişləndirməyə maraqlıdır. Azərbaycanlı nazir bu ilin 1-3 may tarixlərində Bakıda keçiriləcək VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu haqqında məlumat verib, Xorvatiya tərəfinin bu mötəbər tədbirdə iştirakından məmnun olacağını deyib.

Qəbula görə təşəkkürünü bildirən Frano Matuşiç iki xalqın yaxınlaşması, mədəni əlaqələrin genişləndirilməsi üçün qarşılıqlı mədəniyyət layihələrinin həyata keçirilməsinin zəruri olduğunu vurğulayıb.

Görüş zamanı Azərbaycan-Xorvatiya birgə Hökumətlərarası Komissiyasının Bakıda keçiriləcək növbəti iclası və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

"Tass": Azərbaycan Ukraynaya elektrik avadanlıqları göndərib

"Tass" yazır ki, Azərbaycan humanitar yardım olaraq Ukraynaya elektrik avadanlıqlarının daha bir partiyasını göndərib. Azərbaycan tərəfindən Ukrayna xalqına humanitar yardım göstərilməsi məqsədilə nəzərdə tutulmuş elektrik avadanlıqlarının sonuncu hissəsi bu gün Sumqayıt Texnologiyalar Parkından Ukraynaya yola salınıb. Energetika Nazirliyinin tədarük etdiyi humanitar yükə 670 min metrdən çox elektrik kabelləri və naqilləri, həmçinin 26 ədəd transformator və komplekt transformator məntəqəsi daxildir. 25 TIR-dan ibarət yük avtomobili karvanının apardığı mallar Ukraynadakı mövcud vəziyyətlə əlaqədar zərər çəkmiş ərazilərin elektrik enerjisi ilə dayanıqlı təchizatının bərpasına dəstək üçün göndərilir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2023-cü il 17 iyul tarixli Sərəncamına uyğun olaraq, ümumi məbləği 7.6 milyon ABŞ dolları olan humanitar yardımın əvvəlki hissələri 2023-cü ilin 30 oktyabr, 21 noyabr, 8 dekabr və 2024-cü ilin 11 yanvar tarixlərində Ukraynaya göndərilib. Ümumilikdə, bu çərçivədə Ukraynaya 107 TIR-dan ibarət yük avtomobili karvanı ilə 3.3 mln. metrdən çox elektrik kabelləri və naqilləri, həmçinin 72 ədəd transformator və komplekt transformator məntəqəsi yola salınıb.

"Respublika".