Qlobal iqlim dəyişmələrinin canlı aləmə təsiri və onların aradan qaldırılması yolları
Ekologiya

Qlobal iqlim dəyişmələrinin canlı aləmə təsiri və onların aradan qaldırılması yolları

Yer kürəsində qlobal iqlim dəyişmələri son illər özünü daha qabarıq şəkildə göstərir. Xüsusilə Şimal Buzlu okeanda buzlaqların sürətlə əriməsi, planetimizin müxtəlif ərazilərində təbii şəraitin kəskin dəyişməsi, istixana effektinin yaranması, atmosferin zəhərli qazlarla çirklənməsi, ozon təbəqəsində irihəcmli dəliklərin əmələ gəlməsi, bədbəxtliklə nəticələnən sel daşqınları olması və nəhayət, ayrı-ayrı ölkələrdə meşə yanğınlarının baş verməsi qlobal iqlim dəyişmələrinin əsas səbəbidir. Ona görə də qabaqcıl və elmi cəhətdən inkişaf etmiş ölkələrin rəhbərləri, alimləri, siyasətçilər və digər sənət sahibləri qlobal istiləşməyə aydınlıq gətirmək, ona qarşı mübarizə aparmaq yollarını müəyyənləşdirmək, cəmiyyəti və ümumilikdə canlıları xilas etməyin mümkünlüyü naminə birləşməyin vacib olduğunu qəbul ediblər.

Məlumdur ki, bu ilin noyabr ayında Azərbaycanda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək. Dünyanın inkişaf etmiş ölkələri, əsasən də ABŞ, İngiltərə, Almaniya kimi ölkələr konfransa xüsusi maraq göstərirlər. Bu baxımdan, yaxın gələcəkdə beynəlxalq əhəmiyyət daşıyan COP29-un ölkəmizdə keçirilməsi çox qürurverici hadisədir. Tarixə düşəcək bu konfrans Azərbaycan dövləti və onun Prezidentinin dünyada qlobal məsələlərin həllində aparıcı rol oynadığını əyani surətdə göstərir.

Bu yaxınlarda Prezident İlham Əliyevin "Euronews" televiziyası müxbirinin suallarına verdiyi cavablar cəmiyyətimizin bütün təbəqələri, o cümlədən alimlərimiz tərəfindən də rəğbətlə qarşılanıb. Dövlət başçısı qeyd edir ki, qazıntı yanacağı ilə zəngin olan ölkələr "yaşıl enerji"yə keçiddə ön sıralarda olmalıdır. Biz bunu ənənəvi ehtiyatlarımızın çatışmadığına görə etmirik, ona görə edirik ki, neft-qaz satışından əldə etdiyimiz maliyyədən, gəlirlərdən bərpaolunan enerjiyə sərmayə yatırmaq üçün istifadə etməklə töhfə vermək və buna ehtiyacın olduğuna dair ümumi bir anlayış yaratmaq istəyirik. Biz hər il bunu Bakıda görürük. Hər il biz Xəzər dənizinin getdikcə daha da dayazlaşmasının şahidi oluruq. Dəniz kənarında, hətta burada Bakının mərkəzində yaşayan hər kəs bunu görür. Biz iqlim dəyişikliyinin fəsadlarını görürük, çaylarımızda su, dağlarımızda qar azalır, Xəzər dənizində suyun səviyyəsi azalır. Əgər biz alternativ enerji ilə məşğul olmasaq, hamımız əziyyət çəkəcəyik. Bu fikirlər cənab Prezidentin vətənin, xalqın problemlərinə daha həssaslıqla yanaşdığını təsdiq edir. 

Tarixən yaşadığımız Yer planetinin iqlim qurşağı zaman-zaman dəyişib. Bu dəyişmə min, hətta milyon illərlə özünü göstərib. Onu poleontologiya elminin nəticələri də təsdiq edir. Buna bir neçə misalla aydınlıq gətirək. Məlumdur ki, onurğalıların məməlilər sinfinə aid olan mamontlar və yaxud quşlar sinfinə aid olan müasir dəvəquşukimilər tropik, subtropik və bəzi hallarda isə mülayim iqlim qurşağında yaşamağa uyğunlaşıblar. Ancaq onların qalıqları bu heyvanların yaşadığı təbii şəraitə uyğun olmayan Sibirdə və Uzaq Şərqdə, yəni soyuq iqlim qurşağında tapılıb. Bu isə o deməkdir ki, bir neçə milyon illər öncə Sibirin və Uzaq Şərqin müasir əraziləri tropik, ən pis halda isə subtropik iqlimə malik olub. Belə güman etmək olar ki, qlobal iqlim dəyişməsi prosesi çoxəsrlik bir proses olub və gələcəkdə də müşahidə olunması mümkündür.

Qlobal iqlim dəyişmələrinin canlılar aləminə, o cümlədən onurğalı heyvanların orqanizminə necə təsir etməsi məsələsinə diqqət yetirək. Təbiidir ki, illik orta temperatur 2-3 C-dərəcə artarsa, bəşəriyyəti hansı fəsadlar gözlədiyini təsəvvür etmək çətindir. O zaman çaylarda, göllərdə və ümumən sututarlarda orta temperaturun artması hesabına balıqların kürütökməsi vaxtından əvvəl baş verir, kürülərin keyfiyyət göstəriciləri aşağı düşür, mayalanma faizi azalır. Güclü iqlim dəyişmələri ali onurğalı heyvanların da orqanizminə kəskin təsir göstərir. Bu zaman yağıntıların az olması səbəbindən yaşıl ot bitkilərinin vaxtından əvvəl quruması baş verir, təbii qida çatışmazlığı üzündən heyvanların böyümə və inkişafı normal getmir. İqlim dəyişmələrinin acı fəsadları haqqında biologiya elminin təkcə zoologiya və botanika deyil, onun bütün sahələrinə, xüsusilə molekulyar biologiya və genetika sahəsinə aid çoxsaylı misallar söyləmək olar. Bəs qlobal iqlim dəyişmələrinin qarşısını necə və hansı yolla almaq mümkündür?

Məlumdur ki, Azərbaycan ərazisinin 10-12 faizi təbii meşələrlə örtülüdür və Cənubi Qafqazda ən az meşə örtüyü olan ölkələrdən biridir. Meşələr təbiətin "ağciyəri" olmaqla yanaşı, həm də istiliyin və ultrabənövşəyi şüaların udulmasında xüsusi əhəmiyyət daşıyır. Ona görə də, ilk növbədə, ölkəmizdə meşə və yaşıllıqların salınmasına diqqəti artırmaq lazımdır. Son illər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin həyata keçirdiyi meşəsalma kampaniyası təqdirəlayiqdir. Bakı-Şamaxı, Bakı-Hacıqabul magistral yollarının kənarında salınan yaşıllıq zolaqları həm qlobal istiliyin tənzimlənməsi, həm də fauna və floranın qorunması və bərpası baxımından çox faydalıdır. Bu məsələ Abşeron yarımadasında daha vacibdir. Yarımada tarixən ölkə əhalisinin geniş məskunlaşdığı, eyni zamanda neft və qazçıxarma sənayesinin inkişaf etdirildiyi ərazidir, yay aylarında isə radiasiyanın yüksəlməsilə xarakterizə olunur. Buranın iqlim şəraiti insanların sağlamlığının bərpası, müxtəlif müalicəvi dərman (zəfəran), ərzaq (tərəvəzlər, taxıl, zeytun, əncir, üzüm və s.) və ekzotik-bəzək bitkilərinin (müxtəlif sort qızılgüllər, nərgiz, qərənfil və s.) yetişdirilməsi, heyvandarlığın sənaye üsulu ilə inkişaf etdirilməsi üçün optimal şəraitə malikdir. Təəssüf ki, son illər təbiətdə baş verən dəyişmələr, xüsusən də qlobal iqlim dəyişmələri Abşeron yarımadasında da canlıların həyatına təsir edir. Yarımadada neft və qazçıxarma işlərinin intensiv aparıldığı ərazilərin torpaqları rekultivasiya olunmaqla münbitləşdirilməli və ora yarımada üçün xarakterik olan iynəyarpaqlı ağaclar əkilməli, eləcə də zeytun bağları salınmalıdır. Ümumilikdə götürdükdə yarımadada yaşıllığın, bağçılığın inkişaf etdirilməsinin qlobal iqlim dəyişilmələrinin qarşısının alımasında əhəmiyyətli rolu olar.

2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin yüksək sərkərdəlik məharəti nəticəsində 44 günlük İkinci Qarabağ müharibəsində qalib gələn ölkəmiz azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq, bərpa işləri aparır. Xüsusən Kəlbəcər, Laçın və Qubadlı rayonları ərazilərindəki dağ çayları üzərində salınan su elektrik stansiyalarında əldə olunan enerji həmin ərazilərin işıqlandırılmasına sərf olunur, təbii qazdan istifadənin azalmasını və eyni zamanda burada balıqçılığın inkişafını təmin edir. Digər tərəfdən 30 illik işğal zamanı ölkəmizin təbiəti, xüsusən fauna və florası düşmən tərəfindən terrora məruz qalıb. Oxçu çayı Ermənistanın Qafan və Kacaranın mis və molibden zavodlarının tullantıları hesabına ciddi şəkildə çirklənir, demək olar ki, balıqlar məhv olub. Kiçik Qafqazın məməlilər və ornitoloji faunası da kütləvi şəkildə qırılıb, Lacın rayonu ərazisində bitən və qiymətli ağac növü sayılan Qırmızı palıd, Zəngilan rayonu ərazisindəki Bəsitçay qoruğundakı çinarlıq meşəsi (dünyada təmiz çinarlıq meşələrindən biri idi) qırılaraq məhv edilib.

Azad olunmuş ərazilərə vətəndaşlarımızın qayıdışı artıq başlayıb və uğurla davam etdirilir. Burada insanlarımızın iş yeri ilə təmin olunmasına şərait yaradılır. Mənfur erməni vandalları tərəfindən məqsədyönlü şəkildə dağıdılan milli və mənəvi sərvətlərimizin (məktəblər, məscidlər, ölkəşünaslıq muzeyləri, şəhərlər, kəndlər, idman qurğuları və s.) bərpası, həm də əhalinin demoqrafiyasının tənzimlənməsi baxımından strateji əhəmiyyət daşıyır. Məlumdur ki, ötən əsrin 80-90-cı illərində Ermənistandan, Zəngəzurdan və Qarabağdan dədə-baba yurdlarından zorla qovulan soydaşlarımızın əksəriyyəti Abşeron yarımadasının şəhər və qəsəbələrində məskunlaşıb. Ona görə yarımada respublikanın daha çox urbanlaşan və bütün aspektlərdən ciddi yüklənən ərazisi sayılır. Burada məskunlaşan keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtması Bakı, Sumqayıt, Xırdalan kimi iri şəhərlərin, eləcə də qəsəbələrin həm əhali, həm də nəqliyyat vasitələrindən (xüsusilə, minik maşınlarından) xeyli miqdarda boşalmasına səbəb olacaq. İşğal olunmuş ərazilərdə meşələrin və bağların salınmasının da istiliyin udulmasında və mikroiqlimin tənzimlənməsində şəksiz rolu olacaq. Bir məsələni də fəxrlə qeyd edək ki, azad olunmuş ərazilərdə müasir şəhər, kənd, qəsəbələrin salınması və digər bərpa-quruculuq işləri müstəqil ölkəmizin öz vəsaiti hesabına aparılır.

Azərbaycan qlobal iqlim dəyişmələrinə aid olan müxtəlif beynəlxalq qurumlara qoşularaq öhdəliklər götürməklə və ona layiqincə əməl etməklə dünya ölkələri arasında nümunəvi və ədalətli ölkə olduğunu sübut edir. Azərbaycan fevralın 28-də qlobal metan emissiyalarının azaldılması üzrə dövlətlərin könüllü olaraq öz üzərinə götürdüyü öhdəlikləri nəzərdə tutan "Qlobal Metan Vədi" təşəbbüsünə qoşulduğunu elan edib. Buna uyğun olaraq, Azərbaycanın qlobal metan emissiyalarının azaldılmasını hədəfləyən birgə beynəlxalq səylərə qoşulmağa hazır olduğu bildirilib. Metan qazının isə atmosferin ozon təbəqəsində irimiqyaslı dəliklərin əmələ gəlməsində mühüm rol oynadığı elmə çoxdan məlumdur.

"Qlobal Metan Vədi" 2021-ci ildə Birləşmiş Krallığın Qlazqo şəhərində keçirilmiş COP26 İqlim Dəyişmələri Konfransında ABŞ və Avropa İttifaqı (Aİ) tərəfindən metan emissiyalarının azaldılması ilə bağlı qlobal öhdəlik kimi irəli sürülmüş təşəbbüsdür. "Qlobal Metan Vədi"nin məqsədi 2030-cu ilə qədər metan emissiyalarını 2020-ci illə müqayisədə ümumilikdə 30 faiz məhdudlaşdırmaqdır.

Hazırda 155 ölkə bu beynəlxalq öhdəliyə qoşulduğunu elan edib və qlobal metan çirklənməsinin təxminən yarısı bu ölkələrin payına düşür. Azərbaycan 1995-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını, 2000-ci ildə isə Konvensiyanın Kioto Protokolunu ratifikasiya edib, qlobal iqlim dəyişmələrinin mənfi təsirlərinin yumşaldılması üzrə beynəlxalq səylərə qoşulub. 2023-cü ildə yeni öhdəlik kimi 2050-ci ilə qədər istixana effekti yaradan qaz emissiyalarının 40 faiz həcmində azaldılması hədəf götürülüb. Bununla yanaşı, 2050-ci ilədək Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dekarbonizasiya zonasına çevrilməsi qarşıya məqsəd qoyulub.

Qlobal iqlim dəyişmələri ilə mübarizədə fəallığı ilə seçilən ölkəmizin "Qlobal Metan Vədi"nə qoşulması onun dünyada etibarlı "yaşıl enerji" tərəfdaşı kimi mövqeyini daha da gücləndirir. Beynəlxalq birliyin məsuliyyətli üzvü kimi Azərbaycan hər zaman qlobal iqlim siyasəti ilə bağlı dövlətlərin apardığı birgə fəaliyyətə əhəmiyyətli dəstək və töhfə verir, "yaşıl" hədəflər uğrunda daha çox səy göstərilməsini təşviq edir.

Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən elan edilmiş "Yaşıl dünya naminə həmrəylik" təşəbbüsü ölkəmizi dünyada qlobal iqlim siyasətinə böyük töhfə verən uğurlu nümunə kimi tanıdır. COP29-a ev sahibliyinin ölkəmizə həvalə edilməsi də bu fəaliyyətə verilən beynəlxalq qiymətin və göstərilən etimadın təzahürüdür.

Qeyd edək ki, Bakı Dövlət Universitetinin biologiya fakültəsinin nəzdində fəaliyyət göstərən müvafiq kafedraların əməkdaşları, o cümlədən də Zoologiya və fiziologiya kafedrasının kollektivi qlobal iqlim dəyişmələrinin heyvanlara təsirinə aid elmi tədqiqat işləri aparır və tədbirlər keçirməklə COP29-a öz töhfələrini verməyə çalışırlar.

Canbaxış NƏCƏFOV,

Bakı Dövlət Universitetinin

professoru,

biologiya elmləri doktoru.