Gənclərə örnək
Region

Gənclərə örnək

Xalqın qəlbində yurd-yuva quran, adı hər zaman fəxrlə çəkilən Azərbaycanın Milli Qəhrəmanı Əsgər Ələkbər oğlu Əliyevin əbədiyyətə qovuşmağından 29 il ötdü. Qəhrəmanın xatirəsi Lənkəranda anıldı. Şəhər icra hakimiyyətinin başçısı Taleh Qaraşov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ağsaqqallar, ictimaiyyətin nümayəndələri, Milli Qəhrəmanın doğmaları Əsgər Əliyevin adını daşıyan "Dostluq" mədəniyyət və istirahət parkına gələrək büstünün önünə təzə-tər güllər qoydular, əziz xatirəsinə dərin ehtiramlarını bildirdilər.

İcra hakimiyyətinin başçısı dedi: - Əsgər Əliyev bu işıqlı dünyada cəmi 20 il yaşadı. Lakin şərəfli ömür yolu, onun qəhrəmanlığı gənc nəsillərə örnəkdir. 44 günlük haqq savaşımızda şəhidlik zirvəsinə ucalan Vətən sevdalıların arasında lənkəranlı gənclərin də olması burada qəhrəmanlıq ənənələrinin layiqincə davam etməsini göstərir. Vətən naminə mübarizədə ölümün gözünə dik baxmış hər bir soydaşımızın adı bizim üçün əzizdir. Əsgər kimi qəhrəman oğulların misilsiz hünəri tariximizdə parlaq nümunə olaraq qalacaqdır.

Tədbirdə Milli Qəhrəmanın atası Ələkbər Əliyev çıxış edib oğlunun şərəfli ömür yolu haqqında qürurla söhbət açdı, onun və Vətən yolunda canını fəda edən şəhidlərin xatirəsini daim uca tutduqları üçün, eləcə də ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını və razılığını söylədi.

Əsgər Əliyev 8 noyabr 1974-cü ildə Lənkəranın Ləj kəndində anadan olub. Orta məktəbi bitirəndən sonra Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinə qəbul olunub. 1995-ci ilin 14-17 mart tarixlərində Bakıda hakimiyyəti zor gücünə devirmək cəhdi zamanı Əsgər Əliyev milli ordu sıralarında hərbi əməliyyatlarda iştirak edib və şəhid olub. Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli fərmanına əsasən Əsgər Əkbər oğlu Əliyevə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib. Lənkəran şəhərində "Dostluq" mədəniyyət və istirahət parkı onun adını daşıyır, burada büstü qoyulub.

Zəfər ORUCOĞLU.