Qan yaddaşımız
Tarix

Qan yaddaşımız

XVIII əsrdən bəri çar Rusiyasının dəstəyi ilə tarixi ərazilərimizdə məskunlaşdırılan ermənilər qısa müddət sonra bu torpaqlarda dövlət qurmaq, "dənizdən-dənizə böyük Ermənistan" yaratmaq məqsədilə soydaşlarımızı doğma yurd yerlərindən sıxışdırıb çıxarmış, deportasiyalar, qətliamlar həyata keçirmişlər.

1813-cü və 1828-ci illərdə imzalanmış Gülüstan və Türkmənçay müqavilələri ilə ikiyə bölünmüş Azərbaycanın tarixi ərazilərinə ermənilərin kütləvi şəkildə yerləşdirilməsi nəticəsində "erməni vilayəti" adlı inzibati ərazi yaradılıb. Ermənilərin Bakıda, o cümlədən Cənubi Qafqazın müxtəlif bölgələrində azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdikləri soyqırımlarının, terror aktlarının, kütləvi qırğınların ilk mərhələsi 1905-ci ildə başlanıb.

Belə ki, fevralın 6-da Bakıda erməni terrorçuları tərəfindən kənd sakininin öldürülməsi ilə yaranan münaqişə qanlı toqquşmaya, erməni-azərbaycanlı qırğınına çevrilmiş, qarşıdurma dalğası qısa müddət ərzində Bakı, Naxçıvan, Zəngəzur və İrəvan bölgələrini bürüyüb. Çar Rusiyasının silahlandırdığı ermənilərin 1905-1907-ci illərdə milli və dini zəmində, etnik təmizləmə məqsədilə həyata keçirdikləri soyqırımları, terror aktları İrəvanda kütləvi xarakter almış, yüzlərlə Azərbaycan kəndi dağıdılıb, minlərlə günahsız insan qətlə yetirilib, xalqımıza məxsus saysız-hesabsız tarixi-mədəni abidə və yaşayış məskəni yerlə-yeksan edilib, vandallıqla dağıdılıb.

Tarixi düşmənlərimizin xalqımıza qarşı zorakılıq aktları, soyqırımı hadisələri zaman-zaman daha qəddarlıqlar, hiyləylə, xainliklə, etnik nifrət zəminində təkrarlanıb. Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə ermənilərin əlinə keçmiş, Bakı Soveti qoşunlarının və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı növbəti soyqırımı 1918-ci ildə həyata keçirilib. Qatı daşnak və türk düşməni Stepan Şaumyanın başçılıq etdiyi, böyük hissəsi ermənilərdən ibarət olan bolşeviklər və silahlı daşnak ordusu birləşərək 30 mart - 3 aprel tarixlərində Bakıda dəhşətli qırğın törədiblər. Üç gün davam edən genişmiqyaslı qanlı qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar edib, milli mənsubiyyətinə görə on minlərlə dinc azərbaycanlı öldürülüb, evləri yandırılıb, milli-memarlıq abidələri, məktəblər, xəstəxanalar, məscidlər və digər tikililər dağıdılıb. Erməni vəhşiliyinin ən bariz nümunəsi isə dünya memarlıq incilərindən sayılan İsmailiyyə binasının top atəşinə tutulmasında, Cümə və Təzəpir məscidlərinin minarələrinin dağıdılmasında öz əksini tapıb.

1918-ci ildə erməni-bolşevik birləşmələrinin təkcə Bakıda deyil, Şamaxıda, Qubada və s. bölgələrimizdə azərbaycanlılara qarşı törətdikləri soyqırımı bəşər tarixinin ən qanlı faciələrindən biridir. 2007-ci ildə Qubada şəhər stadionunun təmiri üçün aparılan qazıntı işləri zamanı tapılan, 1918-ci ildə ermənilərin burada insanlıq adına sığmayan vəhşiliklə həyata keçirdikləri soyqırımı qurbanlarına aid kütləvi məzarlıq tapılıb. Belə ki, Qubada tədqiqat aparan elmi ekspedisiyanın üzvü, tarix elmləri namizədi Əsgər Əliyev aşkar olunan ərazidə dəhşətli faktların üzə çıxdığını bildirərək deyib: "Quba ərazisində, Qudyalçayın sağ sahilində idman kompleksinin yenidən tikilməsi zamanı üzə çıxan insan sümüklərinin töküldüyü yerə məzarlıq demək olmaz. Çünki insan sümükləri bir-birinin üstündə tapılıb. Sümüklər çayın sahilindəki iki quyuda aşkarlanıb. Böyük quyunun diametri 5, kiçik quyunun diametri isə 2,5 metrdir. Quyular arasında 2 metr məsafə var. Böyük quyuda yüzlərlə insan skeletləri aşkarlanıb. Skeletlərin bütöv halda tapılmaması insanların öldürüldükdən sonra şaqqalanaraq bura atıldığını göstərir. Çoxlu insan kəlləsi, uşaq sümükləri arasından yalnız 35 skeleti bütöv halda götürmək mümkün olub". 1918-ci ilin mart-aprel aylarında ermənilər tərəfindən Şamaxıda 8 min, Zəngəzur qəzasında 7 mindən çox, İrəvan quberniyasında 135 min, təkcə Bakıda isə 30 minə yaxın azərbaycanlı xüsusi qəddarlıqla qətlə yetirilib. Şamaxıda 58, Qubada 122, Qarabağda 150, Zəngəzurda 115, İrəvan quberniyasında 211 kənd tamamilə dağıdılıb.

İki əsrdən çox xalqımıza qarşı nifrət, kin-küdurət bəsləyən ermənilərin törətdikləri vəhşiliklər, qanlı faciələr beynəlxalq aləmdə hər zaman susqunluqla qarşılanıb, insanlıq adına sığmayan bu hadisələrə nəinki siyasi qiymət, heç adi münasibət belə bildirilməyib. 1919-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən mart ayının 31-i Ümummilli matəm günü kimi qeyd edilsə də, ADR-in süqutundan sonra bu unudulub. Yalnız ümummilli lider Heydər Əliyevin ikinci dəfə respublikamıza rəhbərliyə qayıdışı ilə xalqımızın başına gətirilən müsibətlər, o cümlədən 1918-ci ildə erməni-bolşevik silahlı dəstələrinin soydaşlarımıza qarşı törətdikləri qanlı cinayətlər haqqında məlumatlar dünya ictimaiyyətinə çatdırıldı. Həmçinin xalqımızın tarixinə ən dəhşətli faciə kimi yazılan 31 Mart soyqırımına ulu öndərin 1998-ci il martın 26-da imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" Fərmanla siyasi qiymət verilmiş, bu tarix Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir. Adıçəkilən Fərmanda deyilir: "Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələrin yalnız birinə - 1918-ci il Mart qırğınına siyasi qiymət vermək cəhdi göstərilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir".

Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla həyata keçirən Prezident İlham Əliyev 2018-ci il yanvarın 18-də "1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında" Sərəncam imzalamış, eyni zamanda Heydər Əliyev Fondunun təşəbbüsü və Azərbaycan Prezidentinin Sərəncamı ilə Quba Soyqırımı Memorial Kompleksi yaradılıb.

Son 200 il ərzində xalqımızın başına gətirdiyi müsibətlər ermənilərin vandal, qaniçən, ən əsası isə qatı türk düşməni olduğunu təsdiqləyir. Zaman-zaman xəbis niyyətlərini həyata keçirməyə çalışan və vaxtilə buna nail olan mənfur düşmənin törətdiyi faciələr bəşəri cinayət olmaqla yanaşı, həm də qan yaddaşımızdır. Bu faciələrin, məşəqqətli günlərin bir daha yaşanmaması üçün ilk növbədə düşmənimizin kim olduğunu unutmamalıyıq.

Mehparə ƏLİYEVA,

"Respublika".