Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi
Tarix

Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi

Azərbaycanın Şərqi Zəngəzur bölgəsindəki Qubadlı rayonu Ermənistanla sərhəddə yerləşir. Şəhər tipli qəsəbə olan bu yer, 1990-cı ildə şəhər statusu alıb. Qarabağ münaqişəsi zamanı ilk silahlı hücuma məruz qalan ərazilərdən biri də Qubadlı olub. 1988-ci il noyabrın 24-də Ermənistan silahlı qüvvələrinin Eyvazlı kəndinə hücumu zamanı 1 nəfər öldürülüb, kənd tamamilə yandırılıb. Eyvazlının yaxınlığındakı Davudlu və Qədili kəndi də işğal edilib. Bununla da, İrəvan-Meğri şossesi Ermənistanın əlinə keçib. Qubadlının sərhəd kəndlərinə hücumların sayı 1989-1991-ci illərdə daha da artıb. 1992-ci ilin əvvəli də çətin keçib. Fevral ayında Qubadlının bombalanması nəticəsində 5 nəfər mülki sakin həlak olub, 20 nəfər yaralanıb. Şəhər 31 avqust 1993-cü il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub, nəticədə rayondan otuz minə yaxın insan doğma torpaqlarından didərgin salınıb.

Məcburi köçkünlər respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirilib. Qubadlının Hacılı kəndində mişar daşı yatağı, Əliquluuşağı, Qundanlı, Muradxanlı və Başarat kəndlərində mərmərləşmiş əhəng daşı yataqları, o cümlədən Mollabürhan kəndinin cənubunda tuf daş yatağı, Xanlıq kəndində qum-gil yatağı, Eyvazlı kəndində əqiq yatağı işğal müddətində düşmən tərəfindən istismar edilib.

Sentyabrın 27-də Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Əks-hücum əməliyyatı ilə düşmən geri oturdulub və 44 gün ərzində 30 illik işğala son qoyulub. Oktyabrın 20-də Zəngilan azad olunduqdan sonra, növbəti istiqamət Qubadlı olub. Burada ermənilər tərəfindən qurulmuş güclü istehkamlara, yüksəklikdə yerləşmiş hərbi birləşmələrə baxmayaraq, əməliyyat xüsusi peşəkarlıq və fədakarlıqla yerinə yetirilib. İlk növbədə, şəhərə hakim olan yüksəkliklər, sonra ətrafdakı kəndlər, o cümlədən Xanlıq qəsəbəsi, Padar, Sarıyataq, Mahmudlu kəndləri götürülüb, strateji yüksəkliklər ələ keçirilib. Oktyabrın 25-də Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitləri şəhəri düşməndən təmizləyiblər.

Prezident İlham Əliyev 10 noyabr tarixində gecə xalqa müraciət edərək, Vətən müharibəsinin Azərbaycan Ordusunun qələbəsi ilə başa çatmasını xəbər verib. Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan torpaqlarını işğaldan azad edərək düşmənə lazımi cavabı verib. Bu gün 30 illik Qarabağ həsrətinə son qoyulub və xalqımızın ata-baba yurduna qayıdışı təmin olunur. Bir milyondan çox azərbaycanlı bu müddətdə ümid və səbrlə öz əzəli yurduna qayıtmağı gözləyib. Bu gün Azərbaycan xalqı öz tarixi Qarabağ torpaqlarının Ermənistan silahlı qüvvələrinin təcavüzündən qurtulmasının ildönümlərini qürurla qeyd edir. 2020-ci il oktyabrın 25-də Qubadlıda erməni əsarətinə son qoyulub. 31 iyul 2023-cü ildə imzalanmış Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 25 oktyabr "Qubadlı Şəhəri Günü" kimi qeyd edilir.

2020-ci il noyabrın 26-da "Qubadlının azad olunmasına görə" medalı təsis edilib. Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15189 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilib.

2020-ci il 23 dekabr tarixində Prezident İlham Əliyev Qubadlıda Azərbaycan bayrağını ucaldıb: "Bu gün səhərdən yağış yağırdı, biz Qubadlıya çatanda gün çıxdı. Təbiət də bizi salamlayır, bizi alqışlayır. Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı".

İşğal müddətində bütün binalar, abidələr sökülüb. Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarının bütün kəndləri, qəsəbələri dağıdılıb. Bu gün azad olunan ərazilərimiz yenidən qurulur. İlham Əliyev dəfələrlə bəyan edib ki, biz işğaldan azad olunmuş bütün ərazilərimizi, o cümlədən Qubadlını da cənnətə çevirəcəyik. Ölkə başçısı şəhərə səfərində deyib: "Qubadlı rayonunun gözəl mənzərəsi. Yenə də dağıdılmış kənd. Hər şeyi yenidən quracağıq, yolları da, bütün infrastrukturu da. Gözəl mənzərədir". Qubadlı beynəlxalq hava limanlarının tikildiyi Zəngilan və Laçın rayonları arasında yerləşir. Coğrafi mövqeyi və logistik imkanları buranı strateji əhəmiyyətə malik yer edir. Növbəti 20 il ərzində şəhər ərazisinin 505 hektara, əhali sayının isə 14 min nəfərə çatdırılması planlaşdırılır. Təbii imkanlar da nəzərə alınaraq Qubadlıda şəhər parkları, meşə-parklar, çaykənarı bulvar, həmçinin ictimai bağların şəhərin əsas simasını təşkil edəcəyi gözlənilir.

Ölkə başçımızın da dediyi kimi, peşəkarlıq, qəhrəmanlıq, planlaşdırma, güclü iradə, milli ruh, texniki təchizat və xalq-iqtidar birliyi kimi amillər bizə qələbəni gətirib. Artıq Azərbaycan suveren bir dövlət kimi inkişafını uğurla davam etdirir.

Nurcan SÜLEYMANOVA,

"Respublika".