Azərbaycan regionda yeni münaqişə ocağının yaranmasına imkan verməyəcək
Siyasət

Azərbaycan regionda yeni münaqişə ocağının yaranmasına imkan verməyəcək

Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen və ABŞ-ın Dövlət katibi Antoni Blinkenin iştirakı ilə aprelin 5-də keçiriləcək Avropa İttifaqı-Ermənistan-ABŞ müştərək konfransı Cənubi Qafqazda cərəyan edən proseslərə həsr olunacaq. Görüş NATO-nun Baş katibi Yens Stoltenberqin bir neçə gün əvvəl regiona etdiyi səfərin davamı kimi qiymətləndirilə bilər.

Görüşdə əsas diqqət Ermənistanın iqtisadi dayanıqlığına və bu ölkə ilə ikitərəfli əməkdaşlığa yönələcək. İrəvan üçün Qərb tərəfindən təhlükəsizlik təminatının verilməsi, eləcə də Ermənistanın Avropa İttifaqına üzvlüyü imkanları diqqət mərkəzində olacaq. Azərbaycan ABŞ və Avropa İttifaqını Ermənistanla Brüsseldə toplantı keçirərək bu ölkədəki qisasçı qüvvələri mümkün münaqişəyə həvəsləndirməkdə ittiham edib və onların məsuliyyəti bölüşəcəklərini xatırladıb. Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib ki, Avropa İttifaqı və ABŞ tərəfindən bu kimi fəaliyyətlər açıq şəkildə birtərəfli və qərəzli xarakter daşıyır və ikili standart yanaşmasına əsaslanır. Sözügedən konfrans tam şəffaf şəkildə keçirilmir, regional inklüzivlikdən məhrumdur, regionda təşviq edilən və çox ehtiyac duyulan etimad quruculuğuna və inteqrasiyaya ziddir. Bu konfrans erməni tərəfini xoş niyyətlə danışıqlara sövq etmək əvəzinə, regionda yeni bölücü xətlər və "təsir dairələri" yaradır.

Azərbaycan Prezidenti İlham Əliyevə zəng edən ABŞ Dövlət katibi Antoni Blinken aprelin 5-də ABŞ, Avropa İttifaqı və Ermənistan arasında keçiriləcək üçtərəfli görüşün Azərbaycan tərəfdə narahatlıq doğurduğuna dair xəbərlər aldığını və bu xüsusda Prezident İlham Əliyevlə danışaraq məsələyə aydınlıq gətirilməsini vacib hesab etdiyini deyib. Dövlət katibi sözügedən görüşün əsas mahiyyətini Ermənistanın iqtisadi inkişafı məsələlərinin təşkil edəcəyini diqqətə çatdırıb. Prezident İlham Əliyev qeyd edib ki, onda olan məlumata görə, üçtərəfli görüşə hazırlıq prosesində Ermənistana hərbi dəstək və birgə hərbi təlimlərin keçirilməsi, Azərbaycan ilə sərhədyanı ərazilərdə hərbi infrastrukturun yaradılması, Avropa İttifaqının Avropa sülh mexanizmi xətti ilə və ABŞ büdcəsi hesabına Ermənistanın silahlandırılması kimi məsələlər də müzakirə olunub. Dövlət başçısı anti-Azərbaycan mahiyyəti daşıyan bu kimi addımların, o cümlədən Fransa tərəfindən də Ermənistanın silahlandırılması siyasətinin regionda silah yarışına rəvac verdiyini və təxribatlara gətirib çıxaracağını vurğulayıb.

Qeyd edək ki, Cənubi Qafqaz regionunda cərəyan edən geosiyasi oyunlar sanki III Dünya müharibəsinin və dünyanın yenidən bölünməsi ssenarisinin tərkib hissəsidir. Əvvəlki status-kvo Azərbaycan və Türkiyədən başqa hamını qane edirdi. Bu, Azərbaycan torpaqlarının işğalına və Cənubi Qafqazda ikinci erməni dövlətinin yaranmasına hesablanmış ssenari idi. Prezident İlham Əliyev regionda yeni reallıq yaratdı. Qərb və Ermənistanın havadarları bununla barışmaq istəmir. Ukrayna cəbhəsi kimi Cənubi Qafqazda ikinci cəbhə və yeni ayırıcı xətlər yaratmağa çalışılır. Gürcüstan da öz mövqeyini bəlli etməlidir. Gürcüstan hakimiyyəti qərbpərəst siyasət yürüdür. Əslində isə Gürcüstan regionda Azərbaycanla birlikdə olmalıdır.

Onu da qeyd edək ki, ssenari Ermənistanın tam şəkildə Qərbin sərəncamına verilməsini nəzərdə tutur. Ermənistan 30 il ərzində regionda Rusiyanın plasdarmı olub, indi isə Fransa başda olmaqla, Qərbin hərbi manevr zonasına çevrilir. Maraqlı məqam odur ki, bütün bu proseslər İranın susqunluğu şəraitində baş verir. İran sanki sərhədlərində ABŞ və Aİ-nin hərbi bazasının qurulduğunu görmür. Bütün bu addımlar, siyasi gedişlər Rusiya, Türkiyə və Azərbaycana qarşı güc birliyinin formalaşdırılmasına yönəlib. Bu prosesin başlanğıcı Avropa İttifaqı müşahidə missiyasının Qafqaza - Ermənistan-Azərbaycan sərhədinə göndərilməsi idi. Əvvəl iki aylıq gələn missiyanın müddəti sonradan ikiillik edildi. Missiyanın tərkibində və mandatında da dəyişiklik olundu. Bütün bunlardan sonra üçtərəfli 5 aprel görüşünün keçirilməsi ümumi işin növbəti mərhələsidir. Bu proseslərdə NATO-nun xətti aydın görünür və bir növ silahlanmadan söhbət gedir.

Ermənistanın "müqavimətinin gücləndirilməsi" tədbirlərinin Qərbin Rusiyanı bu ölkədən çıxarmaq və Cənubi Qafqazda Moskvaya qarşı yeni cəbhə açmaq planının tərkib hissəsi olduğu bəllidir. İrəvanın Aİ müşahidəçilərini bölgəyə gətirməsi, Fransa tərəfindən silahlandırılması kimi ayrı-ayrı komponentlər ABŞ-Aİ hərbi paktı ilə bütövləşə, Qərbin kollektiv dəstəyinə çevrilə bilər. Bu vəziyyət bütövlükdə regiona qeyri-stabillik vəd edir. Çünki Ermənistanın Qərbin hərbi dəstəyini alacağı təqdirdə iki istiqamətdə hərəkət edəcəyi ehtimalı böyükdür. Birincisi, Rusiyadan sürətlə xilas olmaqdır. Bu məqsədlə rus hərbçilərinin ölkədən çıxarılması istiqamətində addımlar atacaq, hansı ki, artıq sərhədçilərin çıxarılması gündəmdədir. İkincisi, Qərbin kollektiv dəstəyini alan Ermənistanın Azərbaycana qarşı revanşizm siyasətinə yenidən qayıtması riski var. Ən azı rəsmi İrəvan Bakı ilə indiki kimi "dil tapmağa çalışan" mövqe sərgiləməyəcək. Əslində 44 günlük müharibədən sonra Ermənistan sülh sazişini bölgədə şərtlərin dəyişməsi ümidi ilə daim təxirə salırdı. Qarabağda erməni separatizminin ləğvinə qədər bu kartdan istifadə etməyə çalışdılar. Lakin Azərbaycan suverenliyini tam bərpa etməklə prosesdə güclü tərəfə çevrildi. Bakı indi də güclü tərəfdir, regionda hazırda ən zəif durumda da məhz Ermənistandır. Qərbə çox bel bağlayan Ermənistanı Qərb yarı yolda qoyacaq. Belə ki, E.Makron daim hər yerdə uduzmaqda davam edir. Görünən odur ki, Ermənistan Əfqanıstan və Suriya kimi barıt çəlləyinə, terrorçuların, narkotrafikin cəmləşdiyi məkana çevriləcək.

Antoni Blinkenin Prezident İlham Əliyevə zəng edərək mövqelərini izah etməyə çalışması ölkə başçımızın qlobal müstəvidə nüfuzunun göstəricisidir. ABŞ Dövlət katibi çox yaxşı başa düşür ki, Qafqaz regionu üçün nəzərdə tutulan hər hansı bir plan Azərbaycanla razılaşdırılmadan reallaşdırıla bilməz. Azərbaycan regionda öz problemini həll edib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi təmin olunub. Azərbaycan heç bir halda regionda yeni münaqişə ocağının yaranmasına imkan verməyəcək.

Mustafa KAMAL,

"Respublika".