Dahiləri bir də belə tanıyaq
Maraqlı

Dahiləri bir də belə tanıyaq

Məmməd Rahim

O, repressiya dövründə yaşayan yeganə şairdir ki, haqqında  müsbət  bir xatirə bölüşən çox az adam var. Onu bu gün də  sırf sovet şairi kimi təhlil edənlər çoxdur. Burada həqiqət odur ki, o doğrudan da ömrünün sonuna qədər sovet quruluşunun tərənnümçüsü olmuşdur. Tanınmış yazıçılar haqqında gizli və açıq donoslar yazan qələm adamı kimi xarakterizə olunan bu şəxsin bir çox sənət yoldaşını repressiyanın güdazına verdiyi  iddia olunur. Bəzi həmkarları tərəfindən istedadsız  şair hesab edilsə də,  onun məşhur "Saldı qara gözlərin neçə aşiqi bəndə" şeiri və  "Leninqrad göylərində" poeması dövrünün ən yaxşı əsərləri siyahısındadır. Söhbət pul verib özünü təriflədən, Mikayıl Müşfiqin cəzalanmasını tələb edən Xalq şairi Məmməd Rahimdən gedir...

Məmməd Abbas oğlu Hüseynov  Bakıda dünyaya gəlib. Rahim təxəllüsü ilə tanınan şairin atası Abbas kişi kiçik sahibkar olub, ailəsini yaxşı dolandırıb. Elə buna görə də Məmməd Rahim yaşıdlarının çoxundan fərqli olaraq yaxşı təhsil alıb. O, əvvəlcə rus-tatar məktəbində, sonra isə sovet məktəbində oxuyaraq orta təhsilini tamamlayıb. On yaşında ikən atasını itirən Məmməd böyük qardaşının himayəsində yaşayıb.

Deyilənə görə, Məmməd Rahim maddi cəhətdən çox imkanlı olduğundan adamlara pul verib özünü təriflədərmiş. Eyni zamanda ondan çoxlu pul borc alan həmkarları üzə düşüb Məmməd Rahim haqqında xoş sözlər söyləməyə məcbur olurmuşlar.

Günlərin birində şairin  "Azərbaycan" jurnalında yeni  poeması dərc olunur. Əsəri Qabil də oxuyur. Amma nədənsə Məmməd Rahimlə görüşüb fikrini söyləməkdən qaçır. Bir gün "Azərnəşr"in foyesində gənc sənət adamları Rahimin başına toplaşırlar. Kişiyə xoş sözlər deyirlər. Birdən haradansa Qabil peyda olur. O, özünü görməməzliyə vurub şairin  yanından ötüb keçmək istəsə də, Məmməd Rahimin gözü onu alır: "Qabil, niyə yan ötürsən, salam-kalamın hanı?" Qabil bir neçə saniyə yerində dayanıb qalır. Şairlə üz-üzə dayanır və deyir: "Rahim müəllim, sizə iyirmi min manat borcum var. Maşın alanda mənə əl tutmusunuz, çox sağ olun. Özü də, bu pulu iki-üç ilə, bəlkə də beş ilə ancaq qaytararam. Amma bunların mətləbə dəxli yoxdur. Poemanızı oxumuşam. Xoşuma gəlməyib, çox zəif yazmısınız".

Deyilənə görə, Məmməd Rahimin Hüseyn Cavid, Mikayıl Müşfiq, Əhməd Cavadın repressiya olunmasında əli olub. O, öz çıxışlarında Müşfiq haqqında belə  deyib: "Zahirən Sovet, lakin bütün daxili quruluşu etibarilə qəddar kontrrevolüsioner ruhlu  bir sıra əsərləri vardır. Mikayıl Müşfiq uzun zaman öz-özünü sədaqət nümayəndəsi kimi tanıtdırmağa can atmışdı. O, Azərbaycanın döyüşkən əməkçi xalqını aciz, üzüqara vermişdir. Tarix qabağında isə bu xalq heç də üzüqara olmamışdır. O, əsrlərcə döyüşmüş, üsyan etmiş və nəhayət, şanlı Aprel revolüsiasını yaradaraq öz həqiqi azadlığını əldə etmişdir. O maskalanmaq üçün bəzən çox gurultulu məsələdən yapışıb revolüsion mövzular arasında gizlənməyə çalışırdı. Xalq səadətinə düşmən olan bu adam, "İnqilab" şeirində proletar revolüsiasını yandırıb yaxan lava, bir vulkan stixiyası kimi təsvir edir. Mikayıl Müşfiq kimi satqınlar sinifsiz dünya qurmaq uğrunda mübarizə aparan sovet ədəbiyyatına az əngəl olmamışlar. Artıq onlar ifşa olunmuş, maskaları tamamilə yırtılmışdır. Düşməni amansızcasına ifşa etməkdə prinsipial tənqid hələ çox işlər görməlidir".

Rahim Əhməd Cavad haqqında Sergey Kirova müraciətində isə belə deyib: "Neft yurdunda ən erkən yox etməyə başladın imansız müsavatı...". Maraqlıdır ki, "mülayimləşmə" dövrü başlayanda şəhid-şair Əhməd Cavadın şeirlərini ilk dəfə toplayıb kitab halında çap etdirən də Məmməd Rahim olur...

Deyilənlərə görə, repressiya illərində Mircəfər Bağırova ədəbi mühitdə baş verənləri çatdıran imzalardan biri də Məmməd Rahim olub. Süleyman Rüstəm söhbətlərinin birində nəql edib ki, Səməd Vurğunla öz aralarında sözü bir yerə qoyub onun xəbərçilik etdiyinin üstünü açıblar.

70 yaşında  Bakıda vəfat edən şair Fəxri Xiyabanda dəfn olunub.

Nəcib Fazil Qısakürək

Nəcib Fazil Qısakürək... Müasir türk poeziyasında özünəməxsus yeri olan bu şair  nəqşibəndi təriqətinin üzvü olub. Həyat hekayəsi ilə hər kəsi təəccübləndirən qələm adamı 30 yaşına qədər həyatdan zövq almayıb, insanlardan qaçıb. Sonralar özünü Allahın yoluna həsr edib və bu qırılma nöqtəsini "O və mən" kitabında yazıb. Doğulduğu  tarixdə də dünyadan köçən şair ömrünün çox hissəsini dəmir barmaqlıqlar arxasında  keçirib...

Nəcib Fazil Qısakürək  İstanbulda Maraşlı ailəsində anadan olub. Atası Abdulkabi Fazilbəy hüquqşünas, anası Mediha xanım evdar qadın idi. O, ailənin tək uşağıydı. Gələcəyin böyük şairi lap balaca vaxtından özü ilə baş-başa qalmışdı... Təklikdən sıxılan Nəcibi babasının malikanəsinə yollayırlar. 15 yaşına qədər ciddi xəstəliklər yaşayan Nəcibi, sözün həqiqi mənasında, ədəbiyyat xilas edir. Oxumağı nənəsindən öyrənən balaca oğlan artıq ədəbiyyatın, kitabların xəstəsi olur...

Xarakterindəki dəyişkənlik onu həyatda fərqli edən ən böyük səbəbdir. Həqiqət axtarışında olan, daim özünü təkmilləşdirmək istəyən Nəcib bu xasiyyəti ucbatından neçə-neçə məktəb dəyişməli olur.  Yaramazlığı, dəcəlliyi nəticəsində məktəbdən qovulan Nəcib bir neçə müddət özüylə baş-başa qalır. Axır-axırda özündən də bezən gələcəyin şairi yatılı məktəbdə oxumağa qərar verir. Ancaq bu hələ harasıdır? Nəcibin şuluqluğu bitmək bilmir və o, məktəblərdən qovula-qovula axırda Haybeli Nümunə məktəbində orta təhsilini yekunlaşdırır.

Şair gənclik illərində qumar və içki  düşkünü olub. Şöhrətin zirvəsinə qalxdıqca bu marağı daha da artıb.

Deyilənə görə, avara və sərgərdan həyat tərzi keçirən şair qumar və qadın sevdasından qurtula bilmirmiş. Bütün bunlar azmış kimi həmin dönəmlərdə "Beyza Xanım" deyə kod adı verdiyi kokain sevdasına da düşübmüş. Bu dönəmlərdə  Nəcib Fazil İstanbul küçələrində yıxıla-dura, buludlar üstündə gəzə-gəzə dünyaya meydan oxuyub.  O, həyatın dibinə yuvarlandıqca daha çox şair, daha çox insan olduğunu anlayıb...

Sonralar onun dünyagörüşünün dəyişməsində mühüm bir hadisə baş verir. Nəqşi şeyxi olan Əbdulhakim Arvasiylə tanışlığı onun şeirlərində irfan düşüncəsini ortaya çıxarır. İçinə hopan təsəvvüf, irfan (islamda geniş yayılmış dini və fəlsəfi cərəyan) düşüncəsi Nəcib Fazili Tanrıya bir az daha yaxınlaşdıraraq onu real həyatdan uzaqlaşdırır.

Şair Fatma Neslihan Balabanla ailə qurub. Cütlüyün bu izdivacdan  Mehmet, Ömər, Ayşə, Osman və Zeynəb adlı beş uşağı dünyaya gəlib. Ailə həyatı ilə xoşbəxtliyin zirvəsinə qalxan Nəcibi, sən demə, irəlidə pis günlər, zindan həyatı gözləyirmiş. Sonralar siyasi yazılarına görə həbs edilən şair həyatın əsl üzünü görür. Bu, onun ilk həbs həyatı olur. Daha sonra isə cavanlığında qumara olan marağı onun yenidən azadlıqdan məhrum olmasına səbəb  olur. Beləcə, ömrünün yarıdan çoxunu dörd divar arasında keçirən şair 78 yaşında doğulduğu tarixdə həyatla əbədi vidalaşır...

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".