İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

İki gimnastımız finalda

Azərbaycanın idman gimnastları Nikita Simonov və Nazənin Teymurova Qətərin Doha şəhərində keçirilən Dünya Kubokunda finala yüksəliblər.  İdmançılarımız halqalarda və dayaqlı tullanma proqramında həlledici mərhələdə iştirak hüququ qazanıblar.

Ötən gün start götürən Dünya Kubokuna aprelin 20-də yekun vurulacaq.

Atıcılıq üzrə Dünya Kubokunun rəsmi posteri

Azərbaycan Atıcılıq Federasiyası (AAF) Bakıda keçiriləcək stend və güllə atıcılığı üzrə Dünya Kubokunun rəsmi posterini təqdim edib. Yarış Bakı Atıcılıq Mərkəzində təşkil olunacaq. Turnirdə 80-dən çox ölkədən 400-dən artıq idmançının və 300-dən çox texniki heyətin iştirakı gözlənilir. Qeyd edək ki, yarış mayın 1-dən 12-dək keçiriləcək.

Ölkəmizi Avropa çempionatında 18 boksçu təmsil edəcək

Boks üzrə Azərbaycan millisinin Serbiyanın paytaxtı Belqradda keçiriləcək Avropa çempionatı üçün heyəti açıqlanıb. Turnirdə 25 çəki dərəcəsində (13 kişi, 12 qadın) 35 ölkədən 400 boksçunun iştirakı gözlənilir. Millimizin heyətində 13-ü kişi, 5-i qadın olmaqla, 18 idmançı yer alıb. Kişilər arasında Həsən Məlikov (48 kiloqram), Məsud Yusifzadə (51 kiloqram), Amin Məmmədzadə (54 kiloqram), Şamil Əsgərov (57 kiloqram), Tayfur Əliyev (60 kiloqram), Malik Həsənov (63,5 kiloqram), Nəbi İsgəndərov (67 kiloqram), Sərxan Əliyev (71 kiloqram), Kamran Şahsuvarlı (75 kiloqram), Murad Allahverdiyev (80 kiloqram), Eldar Quliyev (86 kiloqram), Alfonso Dominqes (92 kiloqram) və Məhəmməd Abdullayev (+92 kiloqram), qadınlar arasında Anaxanım İsmayılova (48 kiloqram), Marjona Savriyeva (51 kiloqram), Zeynəb Rəhimova (54 kiloqram), Məhsəti Həmzəyeva (57 kiloqram) və Şəhla Allahverdiyeva (66 kiloqram) mübarizə aparacaqlar.

Basketbol üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib

Basketbol üzrə Azərbaycan Kubokunda finalçılar müəyyən edilib. İlk oyun "NTD-İndiqo" və "Xəzri" komandaları arasında olub. Görüş "Xəzri" komandasının qələbəsi ilə başa çatıb. Bununla da komanda finala vəsiqə qazanıb. Növbəti görüşdə "Neftçi" ilə "Sərhədçi" komandası qarşılaşıb. Rəqibinə 91:73 hesabı ilə qalib gələn "Neftçi" həlledici mərhələyə adlayıb. Qeyd edək ki, "Xəzri" və "Neftçi" arasında baş tutacaq final matçı aprelin 20-də keçiriləcək.

Nərgiz İSMAYILOVA,

"Respublika".